Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (bundan sonra “Turk Şurası” adlandırılacaq) Dövlət Başçıları Şurasının 16 avqust 2013-cü ildə Azərbaycanın Qəbələ şəhərində iclası keçirilmişdir. Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri Nursultan Nazarbayev, Qırğız Respublikasının Prezidenti Zati-aliləri Almazbek Atambayev, Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Abdullah Gül və Türkmənistan Baş nazirinin müavini Sapardurdi Toyliyev Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sədrlik etdiyi görüşdə iştirak etmişlər.

Dövlət Başçıları,

türkdilli xalqların ortaq tarix, dil, mənsubiyyət və mədəniyyətə əsaslanan həmrəyliklərini gücləndirmək niyyətlərini təkrar edərək;

Türk Şurasının çoxtərəfli formatı çərçivəsində əlaqələrini daha da dərinləşdirmək qərarlarını yenidən vurğulayaraq;

Türk Şurasının əvvəlki Zirvə Toplantılarının qərarlarına sadiqliklərini bir daha təsdiqləyərək,

Almatı və Bişkek Zirvə Toplantılarından sonra əməkdaşlığın bütün sahələrində əldə edilmiş tərəqqidən məmnunluqlarını ifadə edərək;

suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədini güdərək, aşağıdakıları bəyan etdilər:

 

Mədəniyyət sahəsində əməkdaşlıq

1. İndiyə qədər mədəniyyət sahəsində əldə edilmiş tərəqqini alqışlayaraq və mədəniyyət məsələlərində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayaraq:

a) Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsinin ratifıkasiya prosesinin tezliklə tamamlanmasının vacibliyini qeyd etdilər;

b) Qırğız xalqının oğlu - türkdilli xalqların böyük yazıçısı Çingiz Aytmatovun anadan olmasının 85-ci ildönümü münasibətilə 2013-cü ildə “Çingiz Aytmatov və onun İssık-Kul Forumu” Beynəlxalq Konqresinin keçirilməsi təşəbbüsünü dəstəklədilər;

c) TÜRKSOY-un 20 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətləri müsbət dəyərləndirdilər.

İdman sahəsində əməkdaşlıq:

2. Şura üzvlərinin, о cümlədən digər türkdilli dövlətlərin iştirakı ilə Birinci Türk Universiadasına hazırlıqlara başlanılması məqsədi ilə Katibliyə və üzv dövlətlərin müvafiq nazirlik və təşkilatlarına təlimat verdilər.

Elm və təhsil sahəsində əməkdaşlıq:

3. İndiyə qədər elm və təhsil sahələrindəki əməkdaşlıqda əldə edilmiş inkişafı yüksək qiymətləndirərək:

a) “Türk Akademiyasının yaradılması haqqında Saziş”in ratifıkasiya prosesinin tezliklə tamamlanmasının vacibliyini qeyd etdilər;

b) Terminologiya Komitəsinin 16 noyabr 2012-ci ildə İstanbulda keçirılmış birinci iclasını və həmin iclasda qəbul edilmiş qərarları, xüsusilə də ümumi terminologiyanın yaradılmasını, ümumi terminlər lüğətlərinin və elmi məqsədlər üçün istifadə olunacaq əlifbanın hazırlanmasını yüksək qiymətləndirdilər;

c) türk tarixi və ədəbiyyatına dair ümumi dərsliklər də daxil olmaqla təhsil sahəsində genişləndirilmiş əməkdaşlıq proqramını inkişaf etdirmək üçün zəruri addımların davam etdirilməsinin əhəmiyyətini ifadə etdilər və bir-birlərinin dillərinin təhsil müəssisələrində seçmə kurslar kimi tədris edilməsini təşviq etdilər;

d) Türk Universitetlərarası İttifaqının İstanbul və Bişkekdə keçirilmiş təsis iclaslarını alqışladılar, müvafıq nazirlikləri və dövlət qurumlarını İttifaqın məqsədlərinin həyata keçirilməsi üçün addımların atılması barədə təlimatlandırdılar.

İqtisadi əməkdaşlıq:

4. Türkdilli Dövlətlərin iqtisadiyyat nazirlərinin 28 iyun 2013-cü ildə İstanbulda keçirilmiş Üçüncü İclasının hesabatını qeyd edərək:

a) Türk Şurasının üzv dövlətləri arasında investisiya və ticarət həcminin artımından məmnun olduqlarını ifadə etdilər və bu məqsədlə həyata keçirilən fəaliyyətlərin və səylərin dəstəklənməsinə sadiqliklərini vurğuladılar;

b) Türk Şurasının müvafıq işçi qruplarında özəl sektorun fəal iştirakını dəstəklədilər;

c) Türk Biznes Şurasını üzv dövlətlər arasında iqtisadi əməkdaşlığa yardım etməyə çağırdılar;

d) “Azərbaycan İxrac və İnvestisiyanın Təşviqi Fondu, Qazaxıstan Respublikasının Milli İxrac və İnvestisiya Agentliyi, Qırğız Respublikasının iqtisadiyyat Nazirliyi və Türkiyə Baş naziri yanında İnvestisiyaya Dəstək və Təşviq Agentliyi arasında Anlaşma Memorandumu”nun imzalanmasından məmnun olduqlarını ifadə etdilər.

5. Türk Şurasının Nəqliyyat Nazirlərinin 3 iyul 2013-cü ildə Bakıda keçirilmiş birinci iclasının hesabatını alqışlayaraq:

a) üzv dövlətlər arasında daşınmaların effektivliyinin artırılması məqsədi ilə regional əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd etdilər və müntəzəm görüşlərin keçirilməsi vasitəsilə bu əməkdaşlığın genişləndirilməsi üçün Katibliyi və müvafıq qurumları təlimatlandırdılar;

b) üzv dövlətlərin nəqliyyat nazirləri tərəfındən “Nəqliyyatın inkişaf etdirilməsi üzrə Birgə Əməkdaşlıq Protokolu”nun və müvafıq qurumlar tərəfındən “Qardaşlaşmış dəniz limanı əlaqələri və Bakı, Aktau və Samsun limanları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasını alqışladılar;

c) müvafıq qurumları regionda daşınmaların həcminin artırılması məqsədi ilə üzv dövlətlər arasında mövcud nəqliyyat infrastrukturlarından istifadənin səmərəliliyinin yüksəldilməsi istiqamətində iş aparmağa çağırdılar;

d) əsas elementi Bakı-Tbilisi-Qars dəmir yolu xətti olan və Mərkəzi Asiyanı Avropa ilə Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Xəzər və Mərmərə dənizləri vasitəsilə birləşdirən Mərkəzi/Şərq-Qərb Dəhlizinin əhəmiyyətini qeyd etdilər;

e) bu xüsusda, “Silk Wind” layihəsinin (Jezkazqan-Beyneu yolları, Bakı- Tbilisi-Qars dəmir yolu, Aktau və Bakı dəniz limanları, о cümlədən Mərmərə dəmir yolu tuneli vasitəsilə Xəzər, Qara və Mərmərə dənizlərini effektiv şəkildə birləşdirən) üzv dövlətlər arasında mövcud nəqliyyat infrastrukturlarının, eləcə də Trans-Avropa və Trans-Asiya nəqliyyat şəbəkələrinin ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantısı olacağını da qeyd etdilər.

6. Türkdilli dövlətlər arasında gömrük əməkdaşlığının genişləndirilməsi məqsədi ilə Gömrük üzrə İşçi Qrupunun yaradılmasını, Gömrük İdarələrinin Rəhbərlərinin birinci və ikinci görüşlərinin keçirilməsini və bu xüsusda təqdim edilmiş hesabatları alqışlayaraq:

a) sərnişin və yük daşınmasının sadələşdirilməsinin və tranzit imkanlarının artırılması istiqamətində səylərin gücləndirilməsinin vacibliyini xüsusi olaraq vurğuladılar;

b) üzv dövlətlərin gömrük orqanları arasında idxal və ixrac prosedurlarının sadələşdirilməsi və ilkin məlumat mübadilə sisteminin, həmçinin müasir və informasiya texnologiyalarına əsaslanan tranzit prosedurlarının tətbiq edilməsinə başlanılması üzrə mexanizmlərin istifadəsini təşviq etdilər;

c) Katibliyi və üzv dövlətləri Türk Şurasının gömrük məsələləri üzrə layihələrini təşviq etmək məqsədi ilə üçüncü tərəflərlə, о cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə çağırdılar.

Diaspor işləri üzrə əməkdaşlıq:

7. Katibliyin türkdilli diasporlar arasında əməkdaşlıq layihəsi başlamaq təşəbbüsünü alqışlayaraq:

a) Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 21 iyun 2013-cü ildə təşkil edilmiş və 14 may 2013-cü ildə Türk Şurasının üzv dövlətlərinin diaspor məsələlərinə cavabdeh qurumların rəhbərləri tərəfindən Ankarada qəbul edilmiş “Türk Şurası Türkdilli Diasporun birgə fəaliyyət strategiyası”nın təsdiq edildiyi Türk Şurası Türkdilli Diaspor Təşkilatlarının Birinci Forumunu yüksək qiymətləndirdilər;

b) diaspor məsələlərinə cavabdeh dövlət qurumları və təşkilatlarının rəhbərlərini “Türk Şurası Türkdilli Diasporun birgə fəaliyyət strategiyası” əsasında illik Birgə Fəaliyyət Planları hazırlamağa çağırdılar.

Xarici siyasət və təhlükəsizlik məsələlərində əməkdaşlıq:

8. Ümumi maraq kəsb edən beynəlxalq məsələlərdə fəaliyyətdə olan sədrin himayəsi altında müntəzəm məsləhətləşmələri davam etdirmək üçün xarici işlər nazirlərini təlimatlandırdılar.

9. BMT də daxil olmaqla beynəlxalq təşkilatlarda bir-birlərinin namizədliklərini dəstəkləməyə çağırdılar və beynəlxalq təşkilatlara və vəzifələrə, həmçinin beynəlxalq tədbirlərə namizədliklərində əməkdaşlıq edilməsi barədə iradələrini ifadə etdilər.

10. Üzv dövlətlər arasında 11 aprel 2013-cü ildə Bakıda yüksək vəzifəli şəxslər səviyyəsində keçirilmiş Təhlükəsizlik Məsləhətləşmələrinin birinci iclasını alqışlayaraq, təhlükəsizlik məsləhətləşmələrinin müntəzəm əsasda davam etdirilməsinə çağırdılar; bu məqsədlə:

a) üzv dövlətləri təhlükəsizlik məsləhətləşmələrinin növbəti mərhələsini 2014-cü ilin birinci rübündə Qazaxıstanın dəvəti əsasında Astanada təşkil etməyə çağırdılar,

b) 26 aprel 2013-cü ildə Almatıda keçirilmiş Əfqanıstan üzrə İstanbul Prosesinin Nazirlər Konfransında Türk Şurasının fəaliyyətdə olan sədri kimi Qırğız Respublikasının xarici işlər naziri Erlan Abdildayev tərəfındən ifadə olunmuş və Təhlükəsizlik Məsləhətləşmələrinin birinci iclası zamanı üzv dövlətlər tərəfindən qəbul edilmiş Əfqanıstan barədə ümumi baxışın inkişaf etdirilməsi qərarını yüksək qiymətləndirdilər.

11. Əfqanıstanın suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə dəstəklərini vurğulayaraq və yalnız 2014-cü ilə qədər keçid dövrü ərzində deyil, eləcə də 2015-2024 dəyişiklik onilliyi ərzində İstanbul Prosesi kimi regional əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri vasitəsilə ölkənin təhlükəsizliyinə, sabitliyinə və inkişafına bundan sonra da töhfə verilməsinə hazırlıqlarını ifadə edərək, Türk Şurası Katibliyini İstanbul Prosesini dəstəkləyən beynəlxalq təşkilat kimi daha aktiv rol əldə etmək üçün əməkdaşlıq formalarının müəyyən edilməsinə və təhlükəsizlik məsləhətləşmələri iclaslarında məsələnin izlənilməsinə çağırdılar.

12. 2013-cü ilin oktyabrında Bişkekdə Əfqanıstanın səlahiyyətli qurumlarının iştirakı ilə Əfqanıstan üzrə Beynəlxalq Elmi Konfransın keçirilməsi barədə Qırğız Respublikasının təşəbbüsünü alqışladılar.

13. Davamlı sabitliyə və regional əməkdaşlığa əsas maneələrdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həll edilməsinin vacib olduğunu qeyd etdilər və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin Avrasiya məkanında sülh, sabitlik və rifahın təmin edilməsi istiqamətində mühüm tərəqqi olacağına əminliklərini bir daha təsdiq etdilər.

14. Kipr məsələsinin BMT-nin himayəsi altında danışıqlar vasitəsilə qarşılıqlı şəkildə razılaşdırılmış, adada iki xalqın siyasi bərabərliyinə əsaslanan ədalətli və davamlı siyasi həllinə tam dəstəklərini təsdiq etdilər və Kiprdə bərabər və vahid tərkibin tərəfdaşı olan Kiprin türk əhalisinin dinc, təhlükəsiz və firavan gələcək istəkləri ilə həmrəyliklərini ifadə etdilər.

15. Suriyada davam edən böhrandan və onun regional təhlükəsizliyə və sabitliyə təsirlərindən öz ciddi narahatlıqlarını ifadə edərək, Suriyanın ərazi bütövlüyü və milli birliyi çərçivəsində Suriya xalqının iradəsinə və istəklərinə uyğun olaraq münaqişənin dərhal dayandırılmasına çağırdılar.

16. Türk Şurası və digər beynəlxalq təşkilatlar arasında qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsini təşviq edərək:

a) İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən Türk Şurasına verilmiş müşahidəçi statusunu alqışladılar və Katibliyin İslam Əməkdaşlıq Təşkilatına müşahidəçi statusu üçün rəsmi müraciətini dəstəklədilər;

b) üzv dövlətlərin müvafiq qurumlarına öz ölkələrində təşkil olunan müvafiq regional və beynəlxalq iclaslara Türk Şurasının Katibliyinin dəvət edilməsini tapşırdılar.

17. Türkdilli dövlətlər arasında siyasi dialoqun gücləndirilməsində parlamentlərarası ölçünün əhəmiyyətini vurğulayaraq, TURKPA-nın 10-12 iyun 2013-cü ildə Ankarada keçirilmiş Dördüncü Plenar İclasının nəticəsini məmnuniyyətlə qeyd etdilər.

Digər məsələlər:

18. Baş katib tərəfindən təqdim edilmiş illik hesabatda göstərilmiş ümumi tərəqqidən məmnunluqlarını ifadə edərək, Baş katibə 2014-cü ilin may ayına kimi əlavə aralıq icmal hesabatının təqdim edilməsini tapşırdılar.

19. Türk Şurasına sədrliyini bitirən Qırğız Respublikasının hesabatını qəbul edərək, təşkilatın ikinci fəaliyyətdə olan sədri kimi Qırğız tərəfini uğurlu sədrliyə görə təbrik etdilər.

20. Türk Şurasının Dördüncü Zirvə Toplantısının 2014-cü ildə Türkiyə Respublikasında keçirilməsini qərara aldılar.

Dövlət Başçıları Türk Şurasının Üçüncü Zirvə Toplantısının müzakirələrini uğurlu nəticəyə gətirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə dərin təşəkkürlərini ifadə etdilər və Azərbaycan Hökumətinin və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirdilər. Yekun olaraq, 2013-2014-cü illər üçün Azərbaycan Respublikasının Türk Şurasına sədrliyi öz üzərinə götürməsini alqışladılar.

16 avqust 2013-cü ildə Qəbələ şəhərində Azərbaycan, qazax, Qırğız və türk dillərində imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV

Qazaxıstan Respublikasının Prezidenti Nursultan NAZARBAYEV

Qırğız Respublikasının Prezidenti Almazbek ATAMBAYEV

Türkiyə Respublikasının Prezidenti Abdullah GÜL