Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilmiş 2021-ci il 11 noyabr tarixli iclasında imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol” təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 aprel 2022-ci il

№ 498-VIQ

 

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı

PROTOKOL

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Özbəkistan Respublikası və Türkiyə Respublikası hökumətləri,

14 oktyabr 2019-cu ildə Özbəkistan Respublikasının 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”nə qoşulmasını və 15 oktyabr 2019-cu ildə Bakı şəhərində qəbul edilmiş “Özbəkistan Respublikasının Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmasına dair dövlət başçılarının Birgə Bəyanatı” nı nəzərə alaraq,

23 avqust 2012-ci ildə Bişkek şəhərində imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Saziş”in (bundan sonra “Saziş” adlandırılacaq) Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Katibliyinin büdcəsinə üzv dövlətlərin məcburi ödənişlərinin həcminin dəyişdirilməsinə dair 3-cü maddəsinin 3-cü bəndinin a-ii) yarımbəndinə istinad edərək, Sazişin 10-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq, aşağıdakılar barədə razılığa gəldilər:

  1. Türk Şurası Katibliyinin büdcəsinə məcburi ödənişlərin həcmi ilə bağlı Sazişin 3-cü maddəsinin 3-cü bəndinin a-i) yarımbəndi aşağıdakı redaksiyada verilsin:

Azərbaycan Respublikası - 2/18

Qazaxıstan Respublikası - 4/18

Qırğız Respublikası - 1/18

Türkiyə Respublikası - 8/18

Özbəkistan Respublikası - 3/18.

  1. Bu Protokol qüvvəyə minənədək Özbəkistan Respublikası tərəfindən könüllü ödəniş bu Protokolun 1-ci bəndində müəyyən edilmiş həcmə uyğun olaraq həyata keçiriləcəkdir.
  2. Sazişin 10-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq, bu Protokol Sazişin ayrılmaz tərkib hissəsini təşkil edir.
  3. Sazişin 10-cu maddəsinin 1-ci bəndində müəyyən edilən prosedura uyğun olaraq, bu Protokol onun qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurların Tərəflər tərəfindən yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə depozitari tərəfindən alınmasından sonra otuzuncu gün qüvvəyə minir.
  4. Türkiyə Respublikası bu Protokolun depozitarisidir.

İstanbul şəhərində 11 noyabr 2021-ci il tarixində, Azərbaycan, qazax, qırğız, türk, özbək və ingilis dillərində olmaqla, bir əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Fikir ayrılığı yarandığı təqdirdə, Tərəflər ingilis dilindəki mətndən istifadə edəcəklər.

 

Azərbaycan Respublikası

Hökuməti adından

 

(imza)

Qazaxıstan Respublikası

Hökuməti adından

 

(imza)

Qırğız Respublikası

Nazirlər Kabineti adından

 

(imza)

Türkiyə Respublikası

Hökuməti adından

 

(imza)

Özbəkistan Respublikası

Hökuməti adından

 

(imza)