Bundan sonra "Tərəflər" adlandırılacaq türkdilli dövlətlər, xalqları arasındakı tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, bundan sonra da hərtərəfli əməkdaşlığın dərinləşməsinə səy göstərərək, siyasi çoxqütblülük, iqtisadi və informasiya qlobalizasiyası proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayaraq, ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək,
Türkdilli dövlətlərin başçılarının Zirvə Toplantısında təsdiqini tapmış qarşılıqlı etimad, qarşılıqlı fayda, bərabərlik ruhu, qarşılıqlı məsləhətləşmələr və ümumi inkişafa yönəlmiş niyyətlərdən çıxış edərək,
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsip və normalarına, o cümlədən suveren bərabərlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı, həmçinin beynəlxalq sülh, təhlükəsizlik, xoş qonşuluq və dostluq münasibətlərinin inkişafının qorunması və dövlətlər arasında əməkdaşlıq prinsiplərinə sadiqliklərini təsdiq edərək, aşağıdakılara dair razılığa gəldilər:
Maddə 1
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası
Bununla Tərəflər beynəlxalq təşkilat - "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası" formasında əməkdaşlıq mexanizmini yaradırlar (bundan sonra "TDƏŞ" adlandırılacaq).
Maddə 2
Məqsəd və vəzifələr
TDƏŞ-in əsas məqsəd və vəzifələri aşağıdakılardır:
Tərəflər arasında qarşılıqlı etimad, dostluq və xoş qonşuluğun möhkəmləndirilməsi;
regionda və ümumilikdə dünyada sülhün qorunması, təhlükəsizlik və etimadın gücləndirilməsi;
qarşılıqlı maraq doğuran xarici siyasət məsələləri, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində və beynəlxalq forumlardakı məsələlər üzrə ümumi yanaşmanın araşdırılması;
beynəlxalq terrorizm, separatçılıq, ekstremizm, insan alveri, narkobiznesə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsi, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə nəzarət üzrə beynəlxalq siyasətə yardım göstərilməsi;
siyasi, ticari-iqtisadi, hüquq mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat, kredit-maliyyə və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi;
əmtəələrin, kapitalın, xidmət və texnologiyaların hərəkətinin asanlaşdırılması, maliyyə və bank əməliyyatlarının sadələşdirilməsi məqsədilə ticarət, investisiyalar, gömrük və tranzit prosedurlarının gələcəkdə sadələşdirilməsi üçün əlverişli şəraitin yaradılması;
Tərəflərin xalqlarının həyat səviyyəsinin daim yüksəldilməsi və həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bərabərhüquqlu tərəfdaşlıq əsasında birgə fəaliyyət vasitəsilə regionda hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi;
beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsip və normalarına uyğun olaraq qanunun aliliyi, səmərəli idarəçilik və əsas insan hüquq və azadlıqlarının təminatı üzrə məsələlərin müzakirəsi;
elm, texnika, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və turizm sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi;
türk xalqlarının böyük mədəni-tarixi irsinin təbliği, tanınması və yayılmasında kütləvi informasiya vasitələri arasında qarşılıqlı əlaqənin və Tərəflər arasında təmasların təşviqi;
qarşılıqlı əlaqənin inkişafı məqsədilə hüquqi məlumatın mübadiləsi, qarşılıqlı hüquqi yardımın göstərilməsi və hüquqi münasibətlərin müxtəlif sahələrində əməkdaşlıq üzrə məsələlərin müzakirəsi.
Maddə 3
Struktur
Bu Sazişin məqsəd və vəzifələrinin yerinə yetirilməsi üçün aşağıdakılar təsis edilir:
Dövlət Başçıları Şurası
Xarici İşlər Nazirləri Şurası
Yüksək Vəzifəli Şəxslər Komitəsi
Türkdilli Dövlətlərin Ağsaqqallar Şurası
Katiblik.
Maddə 4
Əməkdaşlığın digər formaları
Türkdilli ölkələrin parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə 21 noyabr 2008-ci il tarixli İstanbul Sazişinə uyğun olaraq Türkdilli Ölkələrin Parlament Assambleyası fəaliyyət göstərir.
Elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın inkişafı, türk dünyasının ümumi dəyərlərinin beynəlxalq səviyyədə yayılması və tanınması, türkdilli dövlətlər arasında mədəni əlaqələrin dərinləşdirilməsi məqsədilə Tərəflər TÜRKSOY çərçivəsində əməkdaşlıq edirlər.
Maddə 5
Dövlət Başçıları Şurası
Dövlət Başçıları Şurası (DBŞ) öz fəaliyyətini Tərəflərin dövlət başçılarının mütəmadi görüşləri formasında həyata keçirir. Bu çərçivədə:
- aktual beynəlxalq problemlərin həlli üzrə Tərəflərin qarşılıqlı əlaqəsi məsələləri nəzərdən keçirilir;
- TDƏŞ çərçivəsində Tərəflərin əməkdaşlığının prioritet istiqamətləri müəyyən olunur;
- TDƏŞ-nin fəaliyyətinin icmalı həyata keçirilir.
DBŞ-nin iclasları ildə bir dəfə təşkil olunur. DBŞ-nin növbəti iclasının keçirilmə yeri, bir qayda olaraq, Tərəflərin rəsmi adlarının ingilis əlifbası ardıcıllığı üzrə müəyyən edilir.
DBŞ-nin növbədənkənar iclasları Tərəflərin razılığı əsasında çağınla bilər. DBŞ-nin növbədənkənar iclaslarının yeri Tərəfiərin razılığı əsasında müəyyən olunur.
Maddə 6
Xarici İşlər Nazirləri Şurası
Xarici İşlər Nazirləri Şurası (XİNŞ) öz səlahiyyətləri çərçivəsində:
- TDƏŞ-niri cari fəaliyyət məsələlərini nəzərdən keçirir;
- DBŞ-nin iclasları çərçivəsində müzakirə etmək məqsədilə daha aktual beynəlxalq problemləri müəyyən edir;
- Katibliyin ştat cədvəlini və maliyyə hesabatını təsdiq edir.
XİNŞ, lazım olduğu təqdirdə, TDƏŞ adından bəyanatla çıxış edə bilər.
XİNŞ-nin iclasları, bir qayda olaraq, DBŞ iclaslarından öncə DBŞ iclaslarının keçirilmə yerində təşkil olunur.
XİNŞ-nin növbədənkənar iclasları Tərəflərin razılığı əsasında çağırıla bilər. XİNŞ-nin növbədənkənar iclaslarının keçirilmə yeri Tərəflərin razılığı əsasında müəyyən olunur.
Maddə 7
Yüksək Vəzifəli Şəxslər Komitəsi
Yüksək Vəzifəli Şəxslər Komitəsi (Komitə) hər Tərəfin ən azı bir nümayəndəsindən təşkil olunur.
Komitə öz səlahiyyətləri çərçivəsində:
- Katibliyin fəaliyyətini əlaqələndirir;
XİNŞ tərəfindən qəbul və DBŞ tərəfindən təsdiq olunmazdan öncə Katiblik tərəfindən hazırlanmış sənədlərin layihələrini nəzərdən keçirir və təsdiq edir.
Komitənin iclasları, bir qayda olaraq, XİNŞ iclaslarından öncə çağırılır.
Maddə 8
Sədr
DBŞ-nin növbəti iclasmı qəbul edən Tərəf DBŞ-nin sonrakı növbəti iclasınadək TDƏŞ-nin sədri olacaqdır.
Maddə 9
Ağsaqqallar Şurası
Türkdilli Dövlətlərin Ağsaqqallar Şurası (Ağsaqqallar Şurası) TDƏŞ-nin himayəsi altında olan və daimi əsasda fəaliyyət göstərən məsləhətçi-məşvərətçi strukturdur.
Ağsaqqallar Şurasının fəaliyyətinin təfsilatlı aspektləri, o cümlədən maliyyə məsələləri ayrıca sənəd olan və XİNŞ tərəfindən təsdiq olunan (qəbul olunan) Ağsaqqallar Şurasının Əsasnaməsi ilə müəyyən olunur.
Ağsaqqallar Şurası öz fəaliyyətində bu Sazişi və yuxarıda qeyd olunan Əsasnaməni rəhbər tutur.
Maddə 10
Katiblik
TDƏŞ-nin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə yardım göstərilməsi üçün Tərəflər TDƏŞ-nin daimi fəaliyyət göstərən icraçı orqanı olan Katibliyi yaradırlar.
Katiblik öz səlahiyyətləri çərçivəsində:
DBŞ, XİNŞ və Komitənin iclaslarının, eləcə də TDƏŞ himayəsi altında digər görüşlərin keçirilməsi məqsədilə zəruri inzibati, təşkilati, protokol və texniki tədbirləri görür;
sənəd layihələrini işləyib hazırlayır;
sənədlər arxivini yaradır və arxivləşdirməni aparır;
Tərəflərin təqdim etdiyi və digər beynəlxalq təşkilatlar və forumlardan alınan sənədlərin və informasiyanın toplanması, işlənməsi və yayılması mərkəzi qismində çıxış edir;
TDƏŞ haqqında ümumi məlumat yayır;
DBŞ, XİNŞ və Komitə tərəfindən müəyyən olunan digər tapşırıq və vəzifələri icra edir;
ştat cədvəlinin layihəsini hazırlayır və təsdiq üçün Komitəyə təqdim edir;
öz maliyyə fəaliyyəti haqqında Komitəyə hesabat təqdim edir.
Katibliyə Baş katib rəhbərlik edir. O, XİNŞ-nin təqdimatı əsasında DBŞ tərəfindən təsdiq olunur. Baş katibin, öz vətəndaşlıq Tərəfi istisna olmaqla, hər Tərəfdən bir nəfər olmaqla müavinləri olacaqdır.
Baş katib səlahiyyət müddətinin uzadılması hüququ olmamaq şərtilə üç il müddətinə Tərəflərin rəsmi adlarının ingilis əlifbası ardıcıllığı üzrə rotasiya qaydasında Tərəflərin vətəndaşları arasından təyin olunur.
Baş katibin müavinləri də, səlahiyyət müddətinin uzadılması hüququ olmamaq şərtilə, üç il müddətinə DBŞ-nin qərarı əsasında Tərəflərin vətəndaşları arasından təyin olunurlar.
Katibliyin vəzifəli şəxslərini Tərəflər öz vətəndaşları arasından milli qanunvericiliklərinə uyğun olaraq təyin edirlər.
Öz vəzifə öhdəliklərini yerinə yetirərkən Baş katib, onun müavinləri və Katibliyin digər vəzifəli şəxsləri heç bir Tərəfdən, habelə üçüncü tərəflərdən tapşırıq istəməməli və qəbul etməməlidirlər. Onlar yalnız DBŞ qarşısında məsuliyyət daşıyan beynəlxalq vəzifəli şəxslər statusuna xələl gətirəcək hər hansı əməldən çəkinməlidirlər.
Tərəflər Baş katibin, onun müavinlərinin və Katibliyin digər vəzifəli şəxslərinin öhdəliklərinin beynəlxalq xarakterinə hörmət etməyə öhdəliklidirlər və vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı onlara təzyiq göstərməməlidirlər.
Katibliyin yerləşmə yeri İstanbul şəhəridir (Türkiyə Respublikası).
Tərəflər Katibliyə layihəsi qabaqcadan XİNŞ tərəfindən bəyənilməli olan Katibliyin Türkiyə Respublikası ərazisində yerləşməsi şərtləri haqqında Türkiyə Respublikası Hökuməti ilə beynəlxalq müqavilə bağlamaq hüququ verirlər.
TDƏŞ Katibliyi, hər bir Tərəfin ərazisində TDƏŞ-nin məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün zəruri olan hüquq qabiliyyətinə malik olacaqdır.
Katiblik TDƏŞ-nin məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün zəruri olan hüquq qabiliyyətinə, xüsusilə də aşağıdakılara malik olacaqdır:
bütün Tərəflərin razılığı ilə müqavilələr bağlamaq;
əmlaka malik olmaq və sərəncam vermək;
məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək;
hesablar açmaq və pul vəsaitləri ilə əməliyyatları həyata keçirmək.
Maddə 11
Maliyyələşdirmə
Katiblik Tərəflər arasındakı ayrıca beynəlxalq müqaviləyə uyğun olaraq formalaşdırılan və icra edilən büdcəyə malik olacaqdır.
Tərəflər TDƏŞ çərçivəsində keçirilən tədbirlərdə nümayəndələrinin iştirak xərclərini özləri ödəyirlər.
Maddə 12
İmtiyaz və immunitetlər
Tərəflərin nümayəndə heyətlərinin üzvləri və Katibliyin vəzifəli şəxsləri DBŞ, XİNŞ, Komitə və Ağsaqqallar Şurasının iclaslarının işində iştirak etdikləri müddətdə qəbul edən Tərəfin ərazisində akkreditə olunmuş diplomatik nümayəndəliklərin işçi heyətinə beynəlxalq hüquqla verilən imtiyaz və immunitetlərdən istifadə edirlər.
Maddə 13
Daimi nümayəndələr
Tərəflər öz milli qanunvericiliklərinə uyğun olaraq Katiblik yanında daimi nümayəndələrini təyin edirlər.
Maddə 14
Digər görüşlər
Tərəflər spesifik və/və ya texniki xarakterli məsələlərin müzakirəsi məqsədilə müvafiq nazirliklərinin, idarə və təşkilatlarının rəhbərlərinin görüşünün çağırılması barədə razılığa gələ bilərlər.
Maddə 15
Beynəlxalq təşkilatlar və forumlarla qarşılıqlı əlaqələr
TDƏŞ həmçinin beynəlxalq təşkilatlar və forumlarla əməkdaşlığın ayrıca istiqamətləri üzrə qarşılıqlı əlaqə qura və dialoq yarada bilər.
Maddə 16
Müşahidəçilər
TDƏŞ yanında müşahidəçi statusu dövlətlərə, beynəlxalq təşkilatlara və beynəlxalq forumlara verilə bilər.
Belə statusun verilməsi qaydası və proseduru TDƏŞ-nin Prosedur Qaydaları ilə müəyyən edilir.
Maddə 17
Dillər
TDƏŞ-nin işçi dilləri Tərəflərin dövlət dilləri və ingilis dilidir.
Maddə 18
Prosedur Qaydaları
Prosedur məsələləri XİNŞ-də qəbul edilən və DBŞ-də təsdiqlənən TDƏŞ Prosedur Qaydaları ilə müəyyən edilir.
Maddə 19
Digər müqavilələrlə əlaqə
Bu Saziş Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələr üzrə hüquq və öhdəliklərinə toxunmur.
Maddə 20
Fikir ayrılıqlarının həlli
Bu Sazişin təfsiri və ya tətbiqi ilə əlaqədar fikir ayrılığı yarandığı təqdirdə, Tərəflər onları məsləhətləşmələr və danışıqlar yolu ilə həll edəcəklər.
Maddə 21
Dəyişikliklər və əlavələr
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə, Sazişin ayrılmaz tərkib hissəsi olan və 22-ci maddəsində müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollar formasında rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.
Maddə 22
Fəaliyyət müddəti, qüvvəyəminmə və qoşulma
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır.
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında üçüncü yazılı bildirişin depozitari tərəfindən alındığı tarixdən sonrakı otuzuncu gün qüvvəyə minir.
Bu Saziş onun qüvvəyə minməsindən sonra türkdilli dövlətlərin qoşulması üçün açıqdır.
Qoşulan dövlət üçün bu Saziş qoşulma haqqında sənədin depozitari tərəfindən alındığı tarixdən otuz gün keçdikdən sonra qüvvəyə minir.
Maddə 23
Depozitari
Bu Sazişin depozitarisi Türkiyə Respublikasının Xarici İşlər Nazirliyidir.
3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində, bir əsl nüsxədə, Azərbaycan, qazax, qırğız, türk və ingilis dillərində hazırlanmışdır. Bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir.
Bu Sazişin əsl nüsxəsi depozitaridə saxlanılacaqdır. Depozitari hər imzaçı Tərəfə Sazişin təsdiq edilmiş nüsxəsini göndərəcəkdir.
Azərbaycan Respublikası adından | Qırğız Respublikası adından |
(imza) | (imza) |
Qazaxıstan Respublikası adından | Türkiyə Respublikası adından |
(imza) | (imza) |