Qəbələ, 16 avqust (AZƏRTAC). Avqustun 16-da Qəbələdə, Heydər Əliyev Konqres Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) III Zirvə toplantısı keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) III Zirvə toplantısında iştirak etmək üçün Qəbələdə səfərdə olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Türkiyə Prezidenti Abdullah Gülü, Qırğızıstan Prezidenti Almazbek Atambayevi və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyevi qarşıladı.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Ötən il sammitin keçirildiyi Qırğızıstanın Prezidenti Almazbek Atambayev Qəbələ zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. O, qarşıdakı fəaliyyət dövründə də təşkilatın bir çox uğurlara nail olacağına əminliyini ifadə etdi və növbəti il üçün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçdiyini dedi.
Sonra dövlətimizin başçısı İlham Əliyev çıxış etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
- Sağ olun hörmətli Almazbek Şarşenoviç!
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin növbəti il üçün Azərbaycan Respublikasına ötürülməsi ilə əlaqədar Sizə təşəkkürümü bildirirəm.
Hörmətli dövlət başçıları, hörmətli xanımlar və cənablar, əziz dostlar, mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram.
İlk növbədə, Qırğızıstan Respublikasına və şəxsən Prezident Atambayevə keçən il ərzində Əməkdaşlıq Şurasına uğurlu sədrlik etdiyi üçün minnətdarlığımı bildirmək istəyirəm. Hesab edirəm ki, keçən il ərzində bizim əməkdaşlığımız daha da dərinləşdi. Qırğızıstanın uğurlu rəhbərliyi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının fəaliyyətinə güclü təkan vermişdir. Əminəm ki, bundan sonrakı illərdə də əməkdaşlığımız dərinləşəcək, genişlənəcək və yeni pilləyə qalxacaqdır. Mən bütün qonaqları Azərbaycanın qədim şəhəri olan Qəbələdə səmimiyyətlə salamlayıram.
Xatırlayıram ki, ötən dəfə zirvə görüşü digər qədim Azərbaycan şəhərində - Naxçıvanda keçirilmişdir. Bu zirvə görüşlərinin müxtəlif şəhərlərdə keçirilməsi bir növ tanışlıq xarakteri daşıyır, eyni zamanda, xalqlarımız, ölkələrimiz arasındakı birliyi daha da möhkəmləndirir. Dünyada türk aləmi güclənir, türk aləmi böyük coğrafiyanı əhatə edir. Əlbəttə ki, bizim xalqlarımız bir-birini daha da yaxından tanımalı və əməkdaşlıq daha da sürətlə aparılmalıdır.
Böyük qürur hissi ilə deyə bilərəm ki, ötən dəfə zirvə görüşü Azərbaycanda - Naxçıvanda keçiriləndə türkdilli dövlətlərin əməkdaşlığı üçün yeni format yaradılmışdır. Bu formatın artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində təşkili əməkdaşlığımızın yeni mərhələsidir. Artıq üçüncü zirvə görüşü keçirilir. Əminəm ki, bu zirvə görüşləri bundan sonra da mütəmadi qaydada keçiriləcəkdir.
Bizim xalqlarımızı ortaq tarix, mədəniyyət, müştərək dəyərlər birləşdirir. Əsrlər boyu bizim xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşdur, əməkdaşlıq etmişik, bir yerdə yaşamışıq, bir-birimizə dayaq, arxa olmuşuq. Bu gün isə müstəqil dövlətlər kimi biz bütün məsələlərdə bir yerdəyik, bir yerdə olmalıyıq. Hesab edirəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının başlıca vəzifəsi xalqlar və ölkələr arasındakı birliyi daha da möhkəmləndirməkdir.
Biz ikitərəfli formatda çox uğurlu fəaliyyət göstəririk. İqtisadi sahədə gözəl əməkdaşlıq aparılır, beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda ölkələrimiz daim bir-birinə dəstək, arxa olur və bu da təbiidir. Çünki qardaş xalqlar bir-birinin yanında olmalıdırlar. BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda biz bir çox hallarda vahid mövqedən çıxış edirik. Əlbəttə ki, bu, bizim gücümüzü daha da artırır, bizi gücləndirir.
Bu gün biz öz işimizi bir neçə əsas istiqamət üzrə aparacağıq. Bir neçə vacib məsələ müzakirə ediləcəkdir. Əlbəttə ki, ölkələrimizin uğurlu inkişafı üçün əsas məsələ regional təhlükəsizlik məsələləridir. Ölkələrimiz regional təhlükəsizlik məsələlərinə öz töhfəsini verirlər. Bu, çox vacib məsələdir. Çünki bizim xalqlarımız sülh, əmin-amanlıq, sabitlik şəraitində yaşayırlar. Biz elə etməliyik ki, yaşadığımız bölgədə sülh, əmin-amanlıq daim təmin edilsin. Əfsuslar olsun ki, Azərbaycan uzun illərdir erməni işğalından əziyyət çəkir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz pozulubdur. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır və bütün beynəlxalq hüquq normaları kobudcasına pozulmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə, ədalətli beynəlxalq hüquq normaları əsasında həll edilməsi həm bu ədalətsizliyə son qoyacaq, eyni zamanda, regional təhlükəsizliyə də töhfə olacaqdır. Bu münaqişə beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu gün qəbul olunacaq birgə bəyannamədə məhz bu prinsiplər öz əksini tapıbdır və buna görə öz həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm.
Dünən biz mədəniyyətimizin bir hissəsini əks etdirən gözəl konsertdə də bərabər idik. Bu, əslində türk mədəniyyətinin birliyi, dostluğu konserti idi. Bizim mədəniyyətimiz bir-birinə çox bağlıdır. Bizim köklərimiz də, bayramlarımız da eynidir, dillərimiz də bir-birinə oxşayır. Yəni, humanitar sahə əməkdaşlığımız üçün əsasdır. Yəni, əgər bu olmasaydı yəqin ki, əməkdaşlıq bu dərəcədə inkişaf etməzdi. Ona görə əlbəttə ki, humanitar sahədə aparılan işlərə çox böyük diqqət göstərilməlidir. Mən TÜRKSOY-un fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. TÜRKSOY nəinki türkdilli dövlətlərdə, bütün türk diyarlarında fəal iş aparır və beləliklə, türk dünyasının birləşməsinə xidmət göstərir. Mən çox şadam ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs də artıq reallaşır. Türk Mədəniyyətinə dəstək və Türk İrsinin Qorunması Fondunun tezliklə yaradılması çox önəmli hadisə olacaqdır.
Eyni zamanda, ölkələrimizin iqtisadi sahədə potensialı ildən-ilə artır və bizim ölkələr bir-biri ilə sıx əməkdaşlıq edir. Müxtəlif iqtisadi layihələr icra edilir. Deyə bilərəm ki, iqtisadi və infrastruktur layihələrinin uğurlu inkişafı üçün Azərbaycan öz tərəfindən səylərini göstərməkdədir və bölgədə nəhəng infrastruktur layihələrinin yaradılması məhz Azərbaycandan başlanmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi artıq beynəlxalq enerji və ondan sonra nəqliyyat dəhlizinin açılmasına xidmət göstərmişdir. Tarixdə ilk dəfə olaraq Xəzər dənizi Aralıq dənizi ilə birləşdi və bu tarixi hadisə özlüyündə böyük bir nailiyyət idi. Ancaq, eyni zamanda, digər mühüm layihələrin icrasına gətirib çıxarmışdır və bu gün nəqliyyat və energetika sektorlarındakı işləri bir-birindən ayırmaq mümkün deyildir. Qədim İpək yolunun bərpası artıq reallıqdır. Biz bu İpək yolunu zənginləşdiririk, yeni infrastruktur layihələri ilə təkmilləşdiririk.
Neft-qaz sektorundakı əməkdaşlıq ölkələrimizi birləşdirir, bizim ölkələrdə həm təbii sərvətlər var, həm inkişaf etmiş infrastruktur və gözəl ixrac yolları da mövcuddur və bu səylərin birləşməsi, əlbəttə ki, türk dünyasının güclənməsinə gətirib çıxaracaqdır. Azərbaycan artıq bizim qardaşlarımız üçün, Xəzərin şərq sahilində yerləşən ölkələr üçün tranzit ölkə kimi öz rolunu oynayır. Bu da mühüm məsələdir. Yəni, bu layihələr xalqlarımızı, iqtisadiyyatlarımızı birləşdirir.
Neft-qaz sektorundakı əməkdaşlıq çoxşaxəli əməkdaşlıqdır. Burada bütün ölkələr uğurla fəaliyyət göstərir, uğurla əməkdaşlıq edir. Əlbəttə ki, bu gün gündəlikdə olan məsələlərdən biri də nəqliyyat infrastrukturunun təkmilləşməsidir. Bu istiqamətdə müştərək səylərlə böyük işlər görülmüşdür, həm ikitərəfli formatda, həm üçtərəfli formatda. Müxtəlif nəqliyyat layihələrinin icrası əlbəttə ki, böyük vəsait tələb edir. Ancaq bizim ölkələrimizdə iqtisadi inkişaf çox sürətlidir və ölkələrimizin maliyyə durumu da yaxşıdır. Belə olan halda biz gələcəkdə də böyük nəqliyyat layihələrinə mütləq vəsait ayırmalıyıq. Onların içində Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusilə qeyd etmək istəyirəm. Bu dəmir yolu vasitəsilə qitələr birləşəcək, ölkələrimiz tranzit ölkələrə çevriləcəkdir. Bu dəmir yolu bundan sonra 100 illiklər ərzində xalqlarımıza xidmət edəcək. Bu, böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir. Əminəm ki, biz yaxın zamanlarda, gələn il bu layihənin istifadəyə verilməsini qeyd edəcəyik və beləliklə, tarixi İpək yolunu bərpa etmiş olacağıq.
Digər layihələr. Bilirəm ki, Əməkdaşlıq Şurasına üzv ölkələrdə böyük nəqliyyat layihələri icra edilir və bu layihələr hər bir ölkə üçün çox böyük əhəmiyyət kəsb edir. Bu layihələr birlikdə bölgənin yeni nəqliyyat xəritəsini təşkil edir.
Bu gün bizim ölkələrimiz uğurla və inamla inkişaf edir. Bu gün dünyanın müxtəlif yerlərində, o cümlədən əfsuslar olsun ki, İslam dünyasında proseslər müxtəlif istiqamətdə gedir, qarşıdurmalar, vətəndaş müharibələri, digər xoşagəlməz hallar baş verir. Bizim diyarlarımızda, türk diyarında isə sabitlik, inkişaf hökm sürür. Bu, böyük nailiyyətdir, böyük sərvətdir. Xüsusilə nəzərə alsaq ki, dünyada hələ də maliyyə və iqtisadi böhran davam edir, bizim ölkələrimizin uğurlu inkişafı, ölkələrdə mövcud olan sabitlik və tərəqqi hesab edirəm ki, xalqlarımızın böyük nailiyyətidir, dövlətlərimizin böyük sərvətidir. Biz bu sərvəti qorumalıyıq, birgə səylərlə qorumalıyıq, inkişaf etdirməliyik. XXI əsr türk dünyasının əsri olmalıdır. Bizim ölkələrimizin potensialı, birgə fəaliyyəti, Əməkdaşlıq Şurası kimi çox önəmli əməkdaşlıq formatı vardır. Biz bütün müsbət meylləri gücləndirməliyik. Hesab edirəm ki, bugünkü zirvə görüşü bu amallara xidmət edir, zirvə görüşünün çox gözəl nəticələri olacaqdır.
İndi isə təklif edirəm ki, biz gündəliyi qəbul edək. Gündəlik qarşınızdadır. Əgər başqa təklif yoxdursa, gündəlik qəbul olunur.
İndi isə hörmətli dövlət başçılarını və nümayəndə heyətlərinin rəhbərlərini çıxış etməyə dəvət edirəm. Söz verilir, Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayevə.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin
çıxışı
- Hörmətli xanımlar və cənablar!
Mən Şuranın fəaliyyətinin bu günü və gələcəyi barədə fikirlərimi sizinlə bölüşmək istəyirəm. Əvvələn, Türk Şurasının nüfuzunu yüksəltmək, onun bir təşkilat kimi institusional əsasının formalaşması üçün hər cür səy göstərilməlidir. Bunun üçün bəzi mühüm sənədlərin ratifikasiyasının başa çatdırılmasını sürətləndirmək lazımdır. Türk Şurasının əsas işçi orqanı olan Katibliyin fəaliyyəti bizim üçün çox vacibdir. Bu iş təşkilatın ilk baş katibi Xəlil Akıncının əməyi sayəsində reallaşır. Biz türkdilli dövlətlər arasında əməkdaşlıq yaradılmasında onun fəaliyyətini yüksək qiymətləndiririk.
İkincisi, qardaş xalqlar və qonşu ölkələr arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı möhkəmlətmək lazımdır. Bu gün 6 müstəqil türkdilli dövlətin ümumi daxili məhsulunun həcmi 1 trilyon 150 milyard dollara çatır. Bununla belə, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi bizim potensiala uyğun deyildir. Məsələn, 2012-ci il üçün olan məlumatlara görə, Qazaxıstanın türkdilli dövlətlərlə ticarətinin həcmi cəmi 8 milyard dollar olmuşdur. Bu, bizim əmtəə dövriyyəsinin cəmi 6 faizi deməkdir.
Keçən ilin axırlarında Qazaxıstan 2050-ci ilə qədər olan dövr üçün inkişaf strategiyasını qəbul etmişdir. Biz dünyanın ən çox inkişaf etmiş 30 ölkəsi sırasına daxil olmaq vəzifəsini qarşıya qoymuşuq. Bu, çox böyük, ambisiyalı hədəfdir. Lakin bizdə bunun üçün hər cür imkan vardır. Ölkədə sürətli sənayeləşdirmə proqramı üzrə sistemli iş aparılır. Təkcə son il yarım ərzində ümumi məbləği 14 milyard dollara yaxın olan 560 layihə həyata keçirilmişdir. Bunun sayəsində 60 mindən çox yeni iş yeri yaradılmışdır. İlk beş il üçün nəzərdə tutulan işləri tamamlamışıq və qarşıdakı beş ildə bu işlər davam etdiriləcəkdir.
Biz yeni enerji mənbələrindən istifadə edilməsi, “yaşıl iqtisadiyyat”ın inkişafı məsələlərinə əhəmiyyət veririk. Bildiyiniz kimi, Astanada “Ekspo-2017” beynəlxalq sərgisinin keçirilməsi planlaşdırılır. Bu, xüsusi əhəmiyyətə malik tədbirdir. Əminəm ki, bu genişmiqyaslı tədbirdə bütün türkdilli dövlətlər fəal iştirak edəcəklər. Bunun sayəsində bizim hamımız üçün əhəmiyyətli olan bir istiqamətin – turizmin inkişafına imkan yaranır. Bu sahədə təcrübə mübadiləsi etmək, mütəxəssisləri birlikdə hazırlamaq, ümumi marşrutun istiqamətlərini müəyyən etmək lazımdır. Bu məqsədlə Katiblik çərçivəsində turizmin inkişafına dair işçi qrup yaratmağı təklif edirəm.
Üçüncüsü, Türk Şurasının üzvü olan dövlətlər arasında kommunikasiyaların inkişafına diqqət yetirmək lazımdır. Nəqliyyat və kommunikasiyalar bizim iqtisadi qüdrətimizin inkişafının əsası olmalıdır. Təsadüfi deyildir ki, bizim bu görüşümüz həmin mövzuya həsr edilmişdir. 2020-ci ilə qədər Qazaxıstan ərazisindən tranzit daşımaların həcmini iki dəfə, 2050-ci ilə qədər 10 dəfə artırmağı planlaşdırırıq. Gələcəkdə ölkə ərazisi ilə yükdaşımaların həcmini ildə 50 milyon tona çatdırmaq planlaşdırılır. Bunun üçün zəruri işlər aparılır.
2011-ci ildə Rusiya, Çin və Almaniya ilə birlikdə Qazaxıstan ərazisindən keçməklə Çindən Almaniyaya gedən “Çuntsin-Duysburq” konteyner qatarı işə salınmışdır. Bu məsafə dəniz yolu ilə müqayisədə iki dəfə qısadır. Gələcəkdə bizim regiondan keçməklə Avropanı Sakit okeanla birləşdirən yeni hava yollarının açılması, dəniz, avtomobil və dəmir yolları tikintisi, boru kəmərləri çəkilməsi planlaşdırılır.
Çin ilə əmtəə dövriyyəsinin həcmi 30 milyard dollara çatır. Çin sərhədində bizim “Şərq qapıları” – “Xorqos” sərhədyanı əməkdaşlıq mərkəzi fəaliyyət göstərir. Aktau dəniz limanının genişləndirilməsi üzrə layihələr bu sərhəd vasitəsilə reallaşır. Bu layihələr bizim Xəzər regionuna, daha sonra Rusiya və Avropaya çıxmağımıza imkan verən “Qərb qapıları” funksiyasını yerinə yetirir. Beləliklə, ölkələrimiz Qazaxıstan ərazisindən keçməklə Avropaya gedən yollardan istifadə edə biləcəklər. Gələcəkdə Çinin Sarı dəniz sahilindəki Lyanyunqan limanında terminal infrastrukturu yaradılacaqdır. Türkiyə, Azərbaycan və Qazaxıstanın dəniz limanları arasında əməkdaşlığın inkişafı sayəsində biz Xəzər dənizinin nəqliyyat potensialını artırmaq imkanı əldə etmişik. Bununla əlaqədar biz nəqliyyat və kommunikasiya nazirlərinin birinci görüşünün keçirilməsini dəstəkləyirik. Bildiyimiz kimi, həmin görüş yaxın vaxtlarda olmuşdur və yaxşı qərar gözləyirik.
2015-ci ildə biz Qazaxıstandan keçən 2700 kilometr uzunluğunda “Qərbi Avropa-Qərbi Çin” qitələrarası avtomobil yolu dəhlizinin açılışını planlaşdırırıq. Cari ilin may ayında biz Qazaxıstan-Türkmənistan-İran dəmir yolunun Qazaxıstan-Türkmənistan hissəsini rəsmən tamamlamışıq. Gələn il İran öz ərazisində işləri tamamlayanda biz Bəndər-Abbas limanına çata biləcəyik. Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsini gözləyirik. Bundan əvvəl bizim nəqliyyat nazirləri və dövlət başçıları bütün zəruri məsələləri həll etməlidirlər. Müxtəlif maneələr var, onları aradan qaldırmaq lazımdır. Bu marşrut bizim üçün çox vacibdir. TRASEKA beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində konteyner tipli multimodal nəqliyyat qatarı layihəsi də böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə biz Aktauda yeni liman üçün şərait yaratmalıyıq. Gələcəkdə qarşılıqlı əmtəə dövriyyəsini artırmaq üçün gömrük sahəsində əlaqələri fəallaşdırmaq lazımdır. Bunun üçün beynəlxalq standart mütərəqqi texnologiyalardan səmərəli istifadə etmək vacibdir.
Dördüncüsü, təhsil, elm və mədəniyyət sahələrində qardaş ölkələr arasında əməkdaşlığı bundan sonra da inkişaf etdirmək lazımdır. Türk dünyasına xas olan tolerantlıq, humanizm, mənəviyyat kimi keyfiyyətləri geniş təbliğ etmək vacibdir. TÜRKSOY qurumunun, Türk Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun işində fəal iştirak etməliyik. Türk Akademiyası bilik və təcrübə mübadiləsinin təmin edilməsində, türkoloqların birgə hazırlanması, türk irsinin öyrənilməsi üçün böyük imkanlara malikdir. Türk Şurasının Almatıda keçirilmiş birinci zirvə görüşünün qərarına uyğun olaraq “Türk dünyası” adlı illik almanax buraxılır. Yəqin ki, siz onu almısınız. Akademiya tərəfindən hazırlanmış “Türk tərbiyə antologiyası” da böyük əhəmiyyətə malikdir. Bu il Türküstan şəhərində “Türk dünyası bu gün: real vəziyyət, inkişaf perspektivləri” adlı birinci beynəlxalq simpozium keçiriləcəkdir. Ümid edirik ki, bu mühüm tədbirdə bütün türkdilli dövlətlərin alimləri fəal iştirak edəcəklər. TÜRKSOY təşkilatı türk xalqlarının mədəniyyətinin və incəsənətinin təbliğində mühüm rol oynayır. Bu il həmin təşkilatın yaradılmasının 20 illiyini qeyd edəcəyik.
Buna görə də, əziz dostlar, əziz qardaşlar, biz konkret iş görməliyik, iqtisadi əməkdaşlığı genişləndirməli, xalqlarımıza, bütün dünyaya göstərməliyik ki, biz faydalı iş aparırıq.
Əziz həmkarlar, hörmətli qardaşlar, bugünkü görüşdə biz bu təşkilatda sədrliyi qırğız dostlarımızdan azərbaycanlı qardaşlarımıza verdik. Bununla əlaqədar, Qırğızıstan Prezidenti Almazbek Atambayevə təşəkkürümüzü bildirir, Azərbaycan Prezidenti İlham Əliyevə Şuranın fəaliyyətinin inkişafında uğurlar arzulayırıq. Uğurlar arzulayır və bu işi dəstəkləyirik. Qoy ölkələrimizin birliyi möhkəm, müstəqilliyimiz əbədi olsun. Hamınıza səadət və əmin-amanlıq arzulayıram. Qoy türkdilli dövlətlər əlbir olsunlar.
X X X
Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. İndi isə söz verilir Qırğızıstan Prezidenti cənab Almazbek Atambayevə.
Qırğızıstan Prezidenti Almazbek Atambayevin
çıxışı
- Hörmətli həmkarlar!
Bizim tariximiz ortaqdır və inşallah, gələcəyimiz də ortaq olacaqdır. Nursultan Abişeviç Nazarbayev keçən il Bişkekdə dəstəklədiyi bir ideya – dəmir yol ideyası barədə bu gün də danışdı. Əgər biz həmin ideyanı həyata keçirsək yaxşı olar. Çünki bu dəmir yolu Mərkəzi Asiyanı, Azərbaycanı və Türkiyəni birləşdirər. Əks istiqamətdə götürsək, Türkiyədən başlanan bu yol Azərbaycan, Qazaxıstan, Qırğızıstan ərazisindən keçərək Çinin Kaşqar əyalətinə qədər davam edər. Orada da çoxlu qazax və qırğız yaşayır. Biz çox böyük iş görmüş olardıq. Onda xalqlarımız arasında əməkdaşlıq daha da güclənərdi. Bu, çox yaxşı ideyadır. Əgər biz bu cür ideyaları, belə layihələri həyata keçirsək, bu bizim birliyimizin güclənməsinə şərait yaradacaqdır. Əgər biz bu yolları çəksək xalqlarımız bir-birinə daha yaxın olacaq və gələcəyimiz ortaq olacaqdır.
Mənim fikrimcə, çoxlu müxtəlif layihələr başlayıb onları axıra çatdırmamaqdansa, kiçik, lakin güclü, çox mühüm layihələrə başlamaq yaxşıdır. Əgər biz hamımız səy göstərsək və bütün bu layihələri sona çatdırsaq, bu, bizim gözəl ümumi gələcəyimizin rəhni olardı.
Nursultan Abişeviç ağsaqqal kimi burada çox şeydən danışdı, mən onları təkrar etmək istəmirəm. Mən onun sözlərinə tamamilə şərikəm. Ümid edirik ki, bir gün gələcək, biz özümüz və ya uşaqlarımız bir-biri ilə tərcüməçilərsiz söhbət edəcəklər.
Mənim fikrimcə, bizim indi yaratdığımız türk dövlətləri birliyi gələcəkdə çox yaxşı nəticə verəcəkdir. Bu gün biz, türk xalqları, bütün dünya üçün iqtisadi inkişaf nümunəsinə çevrilməkdə olan Türkiyə, Qazaxıstan, Azərbaycan ilə fəxr edirik. Sizin dövlətləriniz çox böyük uğurlara nail olmuşdur. Biz bununla fəxr edirik və sevinirik. Arzum budur ki, sizin başçılıq etdiyiniz dövlətlər çiçəklənsin, inkişaf etsin, gələcəkdə daha yüksək nəticələrə nail olsunlar.
Ümid edirik ki, indi mənim dediyim dəmir yolu layihəsi kimi yaxşı layihələr gələcəkdə sona çatdırılacaqdır.
Allah bizə yar olsun! Hamınız sağ olun.
X X X
Prezident İlham ƏLİYEV: İndi isə söz verilir Türkiyə Respublikasının Prezidenti cənab Abdullah Gülə.
Türkiyə Prezidenti Abdullah Gülün
çıxışı
- Əziz qardaşlarım.
Hörmətli prezidentlər.
Dəyərli nazirlər.
Türk Şurasının qurucu anlaşması olan Naxçıvan anlaşmasının imzalandığı Odlar Yurdu Azərbaycanın tarixi şəhərlərindən biri olan Qəbələdə olmaqdan çox böyük xoşbəxtlik və məmnunluq duyuram.
Tarixi Naxçıvan zirvəsindən dörd il sonra bu dəfə Türk Şurasının üçüncü zirvə toplantısına ev sahibliyi edən azərbaycanlı qardaşlarımıza və əziz qardaşım Prezident Əliyevə təşəkkürlərimi, təbriklərimi çatdırıram.
Əziz qardaşım Prezident Əliyevin müdrik rəhbərliyi ilə hər keçən gün önəmli addımlar atan Azərbaycanın bütün bölgələrində təmin olunan inkişafı görməkdən də qürur duyuruq. Bizləri bu möhtəşəm təbii gözəllikləri mükəmməl memarlıq fəaliyyətləri ilə zirvəyə qaldırdığınız Qəbələ şəhərində qonaq etdiyiniz üçün də təşəkkür edirəm. Həqiqətən bu təbiət gözəlliklərinin içində eyni zamanda, gözəl vaxt keçiririk.
Türk Şurasının zirvə toplantıları qardaş xalqlarımızın ortaq arzusu olan birlik və bərabərliyimizin ən güclü göstəricisidir. Eyni çətir altında qəbul etdiyimiz qərarlar və verəcəyimiz mesajlar qardaş xalqlarımızın ortaq arzu və gözləntilərinə xidmət etməkdədir. Bu mənada 1992-ci ildə başlatdığımız zirvələr prosesinin təşkilati bir quruma qovuşmasında çox önəmli xidmətləri və töhfəsi olan dəyərli qardaşım cənab Nazarbayevə də çox təşəkkür edirəm. Onun həqiqətən çox səmimi səyləri təşkilatlanmanın təmin edilməsinə çox böyük töhfə verdi.
Eyni zamanda, keçən il keçirilən zirvə toplantısına ev sahibliyi edən dəyərli qardaşım Qırğızıstan Prezidenti cənab Atambayevə də Türk Şurası çərçivəsində oynamaqda olduğu qurucu rol səbəbi ilə də çox təşəkkür edirəm. Digər tərəfdən, özbək və türkmən qardaşlarımızın ən qısa zamanda layiq olduqları yeri almalarına ümid edirəm. Bu gün Türkmənistan Baş nazirinin müavini olan qardaşımızın da aramızda olmasından xüsusi bir məmnunluq duyuram.
2009-cu ildə Naxçıvan anlaşması ilə qurduğumuz Türk Şurası qısa zamanda təşkilati kimliyini gücləndirmişdir. Siz dəyərli qardaşlarımın yüksək siyasi iradəsi əsasında planlı və qətiyyətli fəaliyyət göstərən baş katib, səfir Akıncı və katiblik əməkdaşlarını da təqdir edirəm.
Şübhəsiz ki, Türk Şurasının digər vahidlərinin, - bir az əvvəl dəyərli qardaşım cənab Nazarbayevin də söylədiyi kimi, TürkPA, Türk Akademiyası, TÜRKSOY, - bütün bunların da daim güclənərək inkişaf etməsi hamımızın ən böyük arzusudur.
Əziz qardaşlarım, “türk dünyası” tarixi və dərin mənaya malik bir termindir. Ortaq əcdadlarımızın bizlərə miras qoyduqları dəyərlər və mədəniyyətin formalaşdırdığı şüur sadəcə keçmişimizi, kimliyimizi, mənliyimizi müəyyənləşdirməmiş, gələcəyə istiqamətlənmiş təxəyyüllərimizi də yaratmaqdadır. Bu gün bizi eyni millətin mənsubu edən dəyərlər sadəcə ortaq dilimiz, ortaq dinimiz, ortaq tariximiz, ortaq mədəniyyətimiz və ya ata yurdumuz deyil, parlaq bir gələcəyi hamımızın birlikdə inşa etmək arzu və iradəmizdir. Xalqlarımız arasındakı könül bərabərliyi heç bir zaman etnik, separatçı, davakar bir təmələ söykənməməkdədir. Əsasən Türk dünyası böyük mədəniyyətin mühüm bir hissəsini təşkil etməkdədir. Türk dövlətləri olaraq öz aramızda sərgiləyəcəyimiz əməkdaşlıq və həmrəylik şübhəsiz Afro-Avrasiya bölgəsinin sülh, sabitlik və rifahına da töhfə verəcəkdir.
Ölkələrimiz arasında “altı dövlət, tək millət” şüarı ilə həyata keçirdiyimiz əməkdaşlıq bərabər, qarşılıqlı hörmət əsasında irəliləməyə davam edir. Bu qardaşlıq və əməldə birlik ruhu təməlində Prezident olaraq vəzifədə olduğum altı ildə qardaş türk dövlətlərinə 19 dəfə səfər etdim. Eyni zamanda, Prezident qardaşlarım da ölkələrimizi ziyarət edərək hamımız bir-birimizi şərəfləndirdik.
Prezidentlər səviyyəsində nümayiş etdirdiyimiz bu sıx əlaqələr, əlbəttə, digər əməkdaşlıq səfərlərinə də təkan vermişdir. Bu sahədə bir çox layihələr həyata keçirilmişdir. İstər regional sahədə, istər beynəlxalq platformalarda aramızdakı həmrəylik hər zaman nümunə olmuşdur. Bir-birimizi daim dəstəkləyərək hər yerdə güclü bir həmrəylik nümunəsi göstərməklə bir-birimizin uğurları digərlərimiz üçün də qürur mənbəyi olmuşdur.
Günümüzdə əməkdaşlığa və həmrəyliyə ehtiyac hər zaman olduğundan çoxdur. Üzləşdiyimiz problemlər və çətinliklər birgə mübarizə aparmaq və imkanlardan bərabər faydalanmaq ancaq güclərimizi birləşdirdikdə mümkün ola bilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu anlayışı bölüşən ölkələrimizin daha əhatəli əməkdaşlıq, həmrəylik, müzakirə mexanizminin bir nəticəsi olaraq yaranmışdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində türk dünyasının böyük potensialını həyata keçirəcək mühüm layihələri reallaşdıracağımıza şübhə etmirəm.
Almatı Zirvəsində iqtisadi əməkdaşlıq, Bişkek Zirvəsində isə təhsil, elm və mədəniyyət əməkdaşlığı sahələrində müzakirələr aparmışdıq. Hər iki zirvədən sonra da bu sahələrdə önəmli addımlar atılmış, verdiyimiz təlimatlar istiqamətində dəyərli nazirlərimiz və bu işdə məsul olan şəxslər səmərəli işlər görmüşlər.
Dünyamızın qlobal gerçəkliklərində ölkələr və millətlər arasında əhatəli əməkdaşlıq və inteqrasiya üçün səmərəli nəqliyyat və rabitə əsas məsələlərdəndir. Türk dünyasının iqtisadi və mədəni sahədə inteqrasiyası ölkələrimiz arasında nəqliyyat infrastrukturunu bir-birinə bağlayacaq layihələrin həyata keçirilməsi ilə sıx əlaqədardır. Bu səbəbdən Qəbələ Zirvəsi nəqliyyat sahəsində əməkdaşlıq olaraq müəyyən edilməsi son dərəcə uğurlu bir seçimdir. Ölkələrimiz Avropanı Qafqaz və Orta Asiyadan keçməklə Çin vasitəsilə Şərq və Şərqi Asiyaya bağlayacaq strateji bir xətt üstündə yerləşir. Türkiyə Şərq və Qərb arasındakı mövcud xətlərə alternativ və təhlükəsiz dəmir yolları marşrutları məsələsi üzərində çalışmaqdadır. Modern “İpək Yolu” və ya “Orta dəhliz” adlandırılan bu layihənin ən mühüm hissəsi Azərbaycan ilə birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bölgədəki vəziyyəti dəyişdirəcək bu böyük layihələr çərçivəsində işlər sürətlə davam edir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələr arasında sürətli nəqliyyat imkanları yaradaraq iqtisadi və ticarət əlaqələrimizin inkişafına böyük töhfə verəcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin ən qısa zamanda tamamlanması üçün böyük səylər göstərilir. Bu sahədə nəqliyyat nazirlərimiz tez-tez görüşürlər. Avqustun 15-də nəqliyyat nazirlərimiz son vəziyyət barədə məlumat verdilər. Bu layihənin davamı olan Bakı limanı ilə Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanları arasındakı mövcud gəmi nəqliyyatının inkişaf etdirilməsi layihəsinin sürətlə təkmilləşdirilməsi əhəmiyyətlidir. Nəqliyyat nazirlərimiz iyulun əvvəllərində Bakıda təşkil edilən toplantı çərçivəsində imzalanan Bakı, Aktau və Samsun dəniz limanları arasında qardaş liman əlaqəsinin yaranmasına dair imzalanmış Anlaşma memorandumu bu məsələdə önəmli bir addım olmuşdur. Hədəfimiz Türkmənbaşı limanını da bu çərçivəyə daxil etməkdir. Orta dəhlizin əsasını təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolunun başa çatması ilə Orta Asiyadan keçməklə Çindən Avropaya birbaşa əlaqə yaradılacaqdır. Bakı-Tbilisi-Qars layihəsi 2014-cü ildə başa çatacaqdır. Təxminən 4,5 milyard ABŞ dollarına başa gələcək “Marmaray” layihəsinin isə cari ilin oktyabrında açılışı olacaqdır. Qərbi Avropadan çıxan bir qatar birbaşa Xəzər sahillərinə, oradan da Aktau limanından keçməklə Şanxaya və Seula çatacaqdır. İngiltərədən Çinə birbaşa dəmir yolu əlaqəsi yaradacaq bu xəttin tikilməsi xalqlarımızın rifah səviyyəsini artıracaqdır. Bu həqiqətən strateji əhəmiyyətə malik böyük bir layihə olacaqdır.
Əziz qardaşım, hörmətli Nursultan Nazarbayev bu məsələlərə bir az əvvəl toxundu. Qazaxıstanın böyük maraq göstərdiyi bu layihəyə Qırğızıstanın da daxil edilməsi ilə bağlı məsələni müzakirə etdik.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr olaraq əməkdaşlığımızı dəmir yolu xətləri ilə gücləndirmək imkanına malik olmağımıza şübhəm yoxdur. Hamının bu layihəyə marağı böyükdür. Zati-ailələri bu məsələdə böyük maraq nümayiş etdirir. Çindən gələcək hazır məhsullar da bu dəmir yolu vasitəsilə daşınacaqdır. Hətta yükün belə hazır olduğunu deyə bilərik. İnşallah Türkmənistanın da bu layihəyə qatılması ilə həqiqətən ölkələrimiz arasında dəmir yolu xətlərlə əlaqələr yaranacaqdır.
Digər tərəfdən ölkələrimiz arasındakı quru yol nəqliyyatı da çox önəmlidir. Quru yolla nəqliyyatın bütünlüklə sərbəstləşdirilməsi, çox önəmli olan gömrük keçidlərində əməliyyatların standartlaşması və lazımlı işlərin görülməsi böyük əhəmiyyət kəsb edir. Əgər biz gömrüklərimizi müasirləşdirməsək, o zaman dəmir yolunda, quru yolunda tıxaclar meydana gələr və dar boğazlar yaranar. Bunun üçün də gömrük məntəqələrimiz eyni, standart səviyyədə müasirləşdirilməlidir. Bunun iqtisadi və ticarət əməkdaşlığımızın inkişafında önəmli olduğunu düşünürəm. Xəzər dənizindəki limanın tutumu tez bir zamanda böyüdülməlidir. Çünki Türkmənistanda və Qazaxıstanda bu layihələr mövcuddur. Limanlar vasitəsilə dəniz nəqliyyat səfərlərinin başladılması bu sahədəki prioritetlərimizi təşkil etməlidir. Bütün bunlar konkret layihələrdir. Bunlar, həmçinin hamımıza həm tək-tək, həm də ümumi şəkildə xidmət edəcək layihələrdir.
Əziz qardaşlarım! Qlobal iqtisadi potensial mərkəzinin Atlantik okeandan Sakit okeana keçməsi danılmaz həqiqətdir. Bu vəziyyət təbiəti ilə türk dünyasının geoiqtisadi əhəmiyyətini də artırmışdır. Türkiyənin, Azərbaycanın, Türkmənistanın, Qırğızıstanın, Qazaxıstanın və Özbəkistanın iqtisadi və demoqrafik potensialı bütünlükdə 4.8 milyon kvadrat kilometrlik sahədə dünyada yeddinci, 140 milyon əhalisi ilə doqquzuncu, 1,5 trilyon ABŞ dolları dəyərində ümumi hasilatı ilə 13-cü yerdədir. Bu sıralamalarda türk dünyası qlobal ölçüdə sahib olduğu coğrafi və demoqrafik potensialdan aşağı bir iqtisadi göstəriciyə malikdir. Bu da iqtisadi inkişaf həmlələrimizi durmadan davam etdirməyimizin vacibliyinə işarə edir. Tarixə nəzər saldıqda türk dövlətlərinin güclü və təsirli olduğu dövrlərdə “İpək yolu”nun dünya ticarətinin ana xətti olduğu müşahidə olunur. Türk dünyası qlobal iqtisadiyyatdan və dünya ticarət yollarından kənarda qaldıqda isə siyasi və mədəniyyət sahəsinə təsiri azalmışdır. Bunları tarixi oxuyanlar bilirlər. Bu mənada “İpək yolu” türk dünyasının iqtisadi rifahının və siyasi təsirinin açarıdır. Ona görə “İpək yolu”nu yenidən bərpa etmək strateji bir prioritet olmalıdır.
Müasir mənada “İpək yolu” isə tarixi “İpək yolu”nun bu dəfə geniş nəqliyyat xətləri, enerji koridorları, təbii qaz boru kəmərləri ilə bərpası deməkdir. Müxtəlif layihələrlə türk dünyasını yenidən qlobal iqtisadiyyatın mərkəzi regionundan birinə çevrilməsi əsas prioritetimiz olmalıdır. Önümüzdəki bir neçə il ərzində reallaşdıracağımız layihələrlə bu sahədəki əhəmiyyətli bir mərhələni keçəcəyimizə inanıram. Siz dəyərli qardaşlarımın bu məsələdə dəstəyi bunun qarantıdır.
Hörmətli dövlət başçıları, dəyərli iştirakçılar! Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr olaraq aramızdakı siyasi və diplomatik həmrəyliyi ən yüksək səviyyədə saxlamaq hamımızın marağındadır. Türk dünyasının prioritet xarici siyasət məsələlərinin önündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dayanır. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğu mövcud vəziyyət qəbuledilməzdir. Münaqişənin ən qısa zamanda sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bu qeyri-qanuni işğalın, qəsbkarlıq siyasətinin qarşısı alınanadək sizə dəstək vermək bizim qardaşlıq borcumuzdur. Azərbaycan bu günədək türk zirvələrinə ev sahibliyi etmişdir. Azərbaycanda keçiriləcək növbəti zirvənin Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra Qarabağın gözəl şəhərlərinin birində təşkil edilməsi ən böyük arzumuzdur. Əminəm ki, oralar da belə gözəl yaşıllıqdır.
Əziz qardaşlarım, dəyərli prezidentlər! Gələcək il Türkiyədə keçirəcəyimiz Türk Dövlətləri Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında Türk dünyası ölkələrinin hamısının təmsil edilməsi ən böyük arzumuzdur. Bu istiqamətdə gələcək zirvədə Türkmənistan, Özbəkistanın da iştirak etməsini gözləyəciyik. Bu duyğu və düşüncələrlə siz dəyərli prezidentləri, nazirləri ürəkdən salamlayır, sizin vasitənizlə bütün qardaş xalqlarımıza xoşbəxtlik, rifah və əmin-amanlıq diləyirəm.
Hamınıza uğurlar arzu edirəm. Təşəkkür edirəm.
X X X
Prezident İlham ƏLİYEV: İndi isə söz verilir Türkmənistan Nazirlər Kabineti sədrinin müavini cənab Sapardurdu Toyliyevə.
Türkmənistan Nazirlər Kabineti sədrinin müavini
Sapardurdu Toyliyevin çıxışı
- Cənab sədr!
Zati-aliləri!
Xanımlar və cənablar!
İcazə verin Sizə və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü sammitinin bütün iştirakçılarına Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və zirvə görüşünə dəvətə görə təşəkkürünü çatdırım, onun adından sizə uğurlar və firavanlıq arzulayım.
Bu mühüm və əhəmiyyətli tədbirdə çıxış etmək mənim üçün böyük şərəfdir. Bizi vahid irs birləşdirir, bu irsin köməyi ilə istər regionda, istərsə də bütün dünyada sülhün və sabitliyin təmin edilməsi işində xalqlarımız arasında hərtərəfli əməkdaşlığı dərinləşdirmək mümkündür.
Müasir dilçilik elminin məlumatına görə, türk dillərində danışan insanların sayı 100 milyondan çoxdur. Dil birliyi, mənəvi birlik və güclü inteqrasiya bizi daha sıx birləşdirir və qarşılıqlı anlaşmanın genişlənməsinə şərait yaradır.
Hörmətli iclas iştirakçıları, müasir Türkmənistan dinamik inkişaf edən dövlətdir. Türkmənistan Prezidentinin fəaliyyət xətti ölkənin innovasiya və sənaye baxımından inkişafına, ictimai rifahın təməlinə çevrilməli olan rəqabətədavamlı iqtisadiyyatın yaradılmasına yönəlmişdir. Türkmənistan yeni texnologiyaları cəlb etməklə, innovasiyaları öyrənməklə, onları praktikada hərtərəfli tətbiq etməklə qabaqcıl dünya təcrübəsini fəal mənimsəyir. Biz nisbətən qısa müddət ərzində öz iqtisadiyyatımızı dünya standartlarına uyğunlaşdırmağa, neytrallıq, qarşılıqlı faydalı əməkdaşlıq və humanizm prinsiplərinə əsaslanan əlverişli beynəlxalq münasibətlər sistemi yaratmağa nail olmuşuq.
Türkmənistan dünya sivilizasiyasına çox qiymətli töhfələr vermiş mədəni irsə malik olan türk dünyasının ayrılmaz hissəsidir. Müasir mərhələdə bizim mədəniyyətlərin inkişafı, mədəni irsin nəsildən-nəslə ötürülməsi bizim sivilizasiyanın yenilənməsinin davamı olub onun sarsılmazlığını təmin edir.
Məsələn, bizim xalqların birləşməsinin rəmzi olan Böyük İpək Yolunun əhəmiyyəti zaman keçdikcə daha da artır, özü də təkcə ona görə yox ki, o, müasir formatda bərpa olunur, həm də ona görə ki, bizim şüurumuzda tariximizin, mədəniyyətimizin ümumiliyi təsəvvürü yaranır.
Ümumi mədəni sərvətin qorunub saxlanması, öyrənilməsi və populyarlaşması amillərindən biri də humanitar əlaqələrdir. Türkmənistan zəngin beynəlxalq əməkdaşlıq təcrübəsinə malikdir. Bu əməkdaşlığın əhatə dairəsinin genişliyi məhz türkdilli ölkələrlə əməkdaşlıqda təzahür edir. Türk xalqlarının ümumi bayramı olan Novruz şənliklərinin hər il birlikdə qeyd edilməsi bizim xalqlarımızın vəhdətinə sübutdur. Qədim türkmən torpağında Novruzun möhtəşəm dini bayram kimi qeyd olunmasını xüsusi vurğulamaq istərdim. Bu tədbir regionda sülh və həmrəylik yaradılmasını qarşıya məqsəd qoymuş xalqlarımız arasında möhkəm tarixi, mədəni əlaqələrə daha bir sübutdur.
Mədəni-humanitar əməkdaşlıq barədə danışarkən Türkmənistanın elmi, mədəni tədbirlərində türkdilli xalqların nümayəndələrinin fəal iştirakını qeyd etmək zəruridir. İl ərzində mədəniyyət günləri, elmi konfranslar, sərgilər və görüşlər keçirilir. Klassiklərin ədəbi və fəlsəfi irsi öyrənilir və tərcümə edilir. Məsələn, türkmən poeziyasının klassikləri Molla Nepesin, Əndəlibin onlarla əsəri Azərbaycan dilinə tərcümə olunmuş və nəşr edilmişdir. Böyük türkmən şairi Məhdimqulunun 290 illiyinin qeyd edilməsi ərəfəsində Azərbaycanda və Türkiyədə bu klassikin yaradıcılığına həsr edilmiş poeziya günləri keçirilmişdir. Bu ilin may ayında biz Türkmənistan Prezidentinin qazax dilində nəşr edilmiş “Türkmənistanın dərman bitkiləri” kitabının Astanada keçirilmiş təqdimatında iştirak etdik.
Ölkələrimiz arasında elmi əməkdaşlıq ilbəil fəallaşır. Türkmənistan türkdilli ölkələrin demək olar ki, hamısı ilə elmi əməkdaşlıq haqqında sazişlər imzalamışdır. Bu gün həmin münasibətlər elmi təşkilatların və alimlərin əlaqələrinin yüksək intensivliyi ilə səciyyələnir. 2013-cü il mayın 30-da Türkmənistan hökuməti ilə Türkiyənin Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi (Türk İşbirliği ve Koordinasyon Ajansı - TİKA) arasında Sultan Alp Arslanın məzarının axtarışı və onun məqbərəsinin tikilməsi üzrə əməkdaşlıq haqqında protokol imzalanmışdır.
Son bir ildə Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkiyənin və Özbəkistanın elmi mərkəzlərinin və universitetlərinin yüzlərlə alimi bizim ölkədə keçirilən elmi tədbirlərdə iştirak etmişdir. Türkmənistanın gənc vətəndaşları Qazaxıstanın, Qırğızıstanın, Türkiyənin ali məktəblərində təhsil alır, qardaş xalqların mədəniyyəti və elmi ilə tanış olurlar. Qardaş xalqların nümayəndələri də öz növbəsində Türkmənistanda təhsil alırlar. Əminik ki, ölkələrimizin elmi-texniki əlaqələrinin gələcək inkişafı, perspektivli innovasiya, elmi və texnoloji istiqamətlərin aşkar edilməsi çoxtərəfli münasibətlərin daha da genişlənməsinə və təkmilləşməsinə kömək edəcəkdir.
Hörmətli iclas iştirakçıları, qloballaşma, müasir çağırışlar şəraitində öz bənzərsiz qüvvəsini qoruyub saxlamış sivilizasiyamız gənc nəsli humanist dəyərlər ruhunda tərbiyə etməklə irəliləyir. Əminəm ki, qonaqpərvər Azərbaycan torpağında bu görüşümüz real səmərə verəcək, dövlətlərimiz arasında inteqrasiya proseslərinin daha da inkişafına, xalqlarımızın qarşılıqlı mənəvi zənginləşməsinə və yaxınlaşmasına xidmət edəcəkdir.
Diqqətinizə görə sağ olun.
X X X
Prezident İlham ƏLİYEV: İndi isə söz verilir Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi cənab Xəlil Akıncıya.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi
Xəlil Akıncının çıxışı
- Sağ olun hörmətli dövlət başçısı!
Hörmətli dövlət başçıları!
Hörmətli, Türkmənistan Respublikası Nazirlər Kabineti sədrinin müavini.
Hörmətli nazirlər, dəyərli tədbir iştirakçıları!
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı münasibətilə Qəbələdə çıxış etməkdən şərəf duyuram. 2011-ci ildə Almatı şəhərində keçirilən iqtisadi əməkdaşlıq əlaqələrinin müzakirə edildiyi ilk Zirvə toplantısından sonra ötən il elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin müzakirə edildiyi ikinci Zirvə toplantısını təşkil etdik. Bu il isə beynəlxalq nəqliyyat məsələlərini müzakirə etdik.
Bişkek Zirvəsindən ötən bir illik müddətdə Katiblik təlimatlarınızla verilən vəzifələri yerinə yetirmək üçün çalışmış, sıx əlaqələrə əsaslanan və nəticəyə köklənmiş əməkdaşlıq anlayışını həyata keçirməyə davam etmişdir.
Məqsəd üzv ölkələr arasında bir çox sahələrdə ikitərəfli formatda mövcud əməkdaşlığı əhatəli şəkildə çoxtərəfli əməkdaşlığa çevirməkdir. Üç ildir ki, həyata keçirdiyimiz metodla əvvəlcə əməkdaşlığımızın qarşısındakı maneələri ortadan qaldırmağa, sonra da bu əməkdaşlığın möhkəmlənməsi üçün vacib addımlar atmağa çalışırıq. Eyni zamanda, əlavə əməkdaşlıq sahələri də yaradırıq, bütün işlərimizi bir sənəddə toplayırıq. Bu üsul həyata keçirilərkən üzv ölkələrimizin mövcud qanunvericiliyinə zərər gəlməməsinə çalışırıq.
Çıxışımda qeyd edəcəyim məqamlar, geniş məlumatlar təqdim etdiyim 300 səhifədən çox olan illik fəaliyyət hesabatında vardır.
Bişkek və Qəbələ zirvələri arasında yeni başladılan əməkdaşlıq prosesləri də daxil olmaqla 20-dən çox əsas toplantı təşkil edilmişdir. Ümumiyyətlə, müxtəlif şəhərlərdə təşkil olunmuş 100-dən çox tədbirin əksəriyyətində iştirak etmişəm. Bir il əvvəl təşkil edilən toplantının sayı 6 idi. Bu çərçivədə iqtisadiyyatla yanaşı, elm, təhsil və mədəniyyət sahələrində mövcud əməkdaşlıq prosesləri davam etdirilmişdir.
Müvafiq qurumlarımız olan TürkPA, Türk Akademiyası və TÜRKSOY ilə sıx əməkdaşlıq əlaqələri davam etdirilmişdir. Digər tərəfdən Katiblik yaradılandan bəri ortaq mədəniyyətimizin inkişaf etdirilməsində və təbliğində böyük dəstəyi olan TÜRKSOY-un beynəlxalq razılaşma ilə davamlı statusa malik olması və işçilərinin hüquqlarının qorunması vacib məsələdir.
Bişkek Zirvəsindən bəri bir çox yeniliklər olmuşdur. Türk Universitetləri Birliyi qurulmuş, Ortaq Terminologiya Komitəsinin ilk toplantısı keçirilmişdir. Toplantıda verilən qərarlar sırasına 1926-cı ildə Bakıda keçirilən birinci Türkoloji Qurultayda razılaşdırılan əlifbaya əsaslanan bir latın əlifbasının elmi işlər üçün ortaq istifadə olunmasına təqdim edilməsi qərarı daxildir. Qəbul edilən ortaq terminlərlə birgə, həmin əlifba Katibliyin və müvafiq qurumların yazışmalarında hazırda istifadə edilməkdədir. Dünyadakı türk dilindəki yer adlarının dəyişdirilməsi həqiqətini nəzərə alaraq ortaq türk dilində yer adlarının xəritəsinin Türk Akademiyasının dəstəyi ilə hazırlanması da komitənin gündəliyindədir.
Digər mühüm məqam isə üzv ölkələrin diasporları arasında başlanan əməkdaşlıq prosesidir. Diasporlarımız sayca çoxdur, səsləri ilə güclərini birləşdirdikləri halda onların səsi daha çox eşidiləcəkdir. Bu çərçivədə Bakıda və Ankarada təşkil edilən diaspor komitələri rəhbərlərinin toplantıları ilə yanaşı, türkdilli diasporların ortaq fəaliyyət strategiyası qəbul edilmişdir.
Bakıda iyunda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumunda 50-yə yaxın ölkədən 600-dən çox diaspor nümayəndəsi iştirak etmişdir. Qarşıdakı dövrdə bu sahədə regional bir qurumun yaradılması planlaşdırılır.
Hörmətli dövlət başçıları! Təlimatlarınıza uyğun olaraq keçən ildən bu yana zirvənin də mövzusuna uyğun olaraq nəqliyyat və gömrük sahələrindəki səylərimizi artırdıq. Bu çərçivədə gömrük sərhədlərində gözləmə müddətlərinin azaldılması, “vahid pəncərə” sistemini yaymaq məqsədi ilə işlərimiz davam edir. Nəqliyyat sahəsində əməkdaşlıq çərçivəsində nəqliyyat nazirləri bu il Bakıda toplandı.
Toplantıda iştirak edən nəqliyyat nazirləri ortaq əməkdaşlıq protokolunu imzaladılar. Bu toplantıda ortaya çıxacaq problemlərin həll edilməsi üçün nazir müavinləri səviyyəsində əlaqələndirmə qurumunun yaradılması qərarlaşdırıldı.
Nəqliyyat və gömrük birgə əməkdaşlıq sahələridir. Beynəlxalq və ya regional səviyyədə üzv ölkələr tərəfindən həyata keçirilən “İpək yolu”, “Karvansaray”, Bakı-Tbilisi-Qars dəmir yolu, “Mərmərə” layihələrinin ən qısa zamanda bitməsi ortaq maraqlarımız üçün mühüm əhəmiyyət kəsb edir. Xəzərdən keçən nəqliyyatın inkişaf etdirilməsi üzv ölkələrimizi qlobal tranzit ticarət mərkəzinə çevirəcəkdir. Üzv ölkələrin qanunvericiliyinin bu sahəyə uyğun olaraq təkmilləşdirilməsinin təşviqi gündəliyimizdə duran məsələdir.
Son iki zirvə toplantısı arasında xarici siyasətlərdə əməkdaşlıq məsələləri önə çəkilmişdir. Türkdilli Dövlətlərin xarici işlər nazirləri Nyu-yorkda və Qahirə şəhərlərində qeyri-rəsmi olaraq görüşmüşlər. Üzv ölkələrin xarici siyasət məsələlərində BMT-nin Baş Assambleyasının iclasında eyni istiqamətdə səs verməsi gözlənilən artım xarici siyasətdə yüksələn əməkdaşlığın bariz nümunəsidir.
Avqustun 15-də Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində xarici işlər nazirləri arasındakı imzalanan əməkdaşlıq protokolu bu sahədə bu əlaqələrimizin inkişafına xidmət edəcəkdir. BMT-nin Təhlükəsizlik Şurasında hər dönəmdə bir türk dövlətinin iştirak etməsi, Somalidəki Türkiyə səfirliyinə hücumun Azərbaycanın təşəbbüsü ilə BMT-nin Təhlükəsizlik Şurasında pislənməsi kimi ortaq maraqlarımızın qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Üzv ölkələr arasındakı gömrük məsələlərinin müzakirəsinin ilk mərhələsinin apreldə Bakıda təşkil edilməsi də xarici siyasət sahəsində əməkdaşlığımızın genişlənməkdə olduğuna bir nümunədir. Toplantıdan sonra Əfqanıstan məsələsində ortaq mövqeyimiz Almatıda keçirilən “İstanbul prosesi” çərçivəsində nazirlər konfransında Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev tərəfindən səslənilmişdir.
Üçüncü tərəflərlə əməkdaşlığın genişləndirilməsi Katibliyin gündəliyində yer almaqdadır. Bu çərçivədə İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində müşahidəçilik statusu əldə edilmişdir. İslam Əməkdaşlıq Təşkilatı nəzdində müşahidəçilik statusu üçün rəsmi müraciət olunmuşdur. Bununla birgə BMT-nin Baş Assambleyası nəzdində müşahidəçilik statusu əldə edilməsi istiqamətində təşəbbüsün müsbət nəticələnməsi üçün üzv ölkələrin dəstəyinin artırılmasına ehtiyac vardır.
Digər tərəfdən Katiblik beynəlxalq müstəvidə bizi daha da güclü edəcək addım olaraq Şuranın potensial üzvü ola biləcək Türkmənistan və Özbəkistanın da bütün şura toplantılarına dəvət edilməsi və beləliklə, mövcud əməkdaşlıq prosesinə daxil olmalarının faydası olacaqdır. Həm nəqliyyat nazirləri, həm də digər nazirlər təşkil etdikləri texniki niyyətli toplantılarına Türkmənistan və Özbəkistanın qatılması mövzusunda dövlət başçılarının təlimatlarını gözləyirlər. Bu məsələdə müsbət qərarlar verilmişdir.
Məlum olduğu kimi, üzv ölkələrin hər sahədəki mövcud dəstəkləri çalışmalarımızın əsasını təşkil etməkdədir. Səylərimizin davam etdirilməsi üçün 2012-ci ildə Bişkek Zirvəsində imzalanan maliyyə əsasları anlaşması ilə yanaşı, Türk Mədəni İrs Fondu ilə Türk Akademiyasının qurucu anlaşmalarının bütün üzv ölkələrdə tamamlanmasına ehtiyac vardır.
Hörmətli dövlət başçıları! Paylanılan kitablardan görəcəyiniz kimi, Türk Akademiyası son üç ildə önəmli əsərlər ortaya çıxarmışdır. Bununla yanaşı, Türk Akademiyasına məktəblərdə tədris olunacaq ortaq türk tarixi və ədəbiyyatı kitablarının yazılması tapşırığı verilmişdir. Beynəlxalq bir qurum olaraq fəaliyyət göstərə bilməsi istiqamətində müqavilənin təsdiq olunub icra edilməsi ilə Akademiyanın təsir gücü daha da artacaqdır. Katiblik olaraq Qəbələ Zirvəsindən sonrakı dövrdə də qurumu sürətli şəkildə inkişaf etdirərək gündəliyi müzakirə etmək üçün üzv ölkələrin müvafiq təşkilatları arasında əlaqələndirici vəzifəmizi davam etdirəcəyik. Bu çərçivədə hörmətli dövlət başçılarının Qəbələdə nəzərə çatdırdıqları yeni təlimatlarının həyata keçirilməsi üçün müvafiq işlər görəcəyik. Təhsil nazirlərini görüşdürəcəyik, məsləhət görüldükdə bu forumu keçirəcəyik, rəsmi xarici siyasət qurumları arasında yeni bir əməkdaşlıq prosesi başladacağıq, türk dünyası universitetləri arasında oyunlar təşkil edəcəyik, nazirlərin toplantılarını keçirəcəyik, üçüncü tərəflərlə əməkdaşlığı genişləndirəcəyik, turizm üzrə nazirləri görüşdürəcəyik. Gördüyümüz bütün işlər sənədləşdiriləcək, fəaliyyətlərimiz davam etdiriləcəkdir.
Fürsətdən istifadə edərək, bütün Katiblik əməkdaşlarına minnətdarlığımı bildirirəm. Üzv ölkələrin Katibliyə verdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm. Katiblik olaraq ikinci müddətə Zirvəyə sədrliyi başa çatan Qırğızıstan ilə bu vəzifəni yeni alan Azərbaycanı təbrik edirəm.
Bundan başqa, ev sahibi hörmətli cənab Prezident İlham Əliyevə yüksək qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm.
Dəyərli dövlət başçıları! Hörmətli Prezident Abdullah Gül və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin iştirakı ilə xidməti binamızın rəsmi açılışını ötən il oktyabr ayında Bişkek Zirvəsində qəbul edilən, türk birliyinin simvolu olan bayrağımızı qaldıraraq mərasim keçirdik.
Bu mərasimdə iki dövlət bayrağı dirəyini Türkmənistan və Özbəkistan üçün boş buraxdıq. Türkmənistan Respublikası Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyevə bu Zirvə görüşündə iştirak etdiyi üçün minnətdarlığımı bildirirəm. Ona boş olan dirəyin Türkmənistan bayrağını gözlədiyini xatırlatmaq istəyirəm. Digər tərəfdən, avqustun 15-də keçirilən konsertlə TÜRKSOY-un 20-ci ildönümünü qeyd etdik. Bu münasibətlə TÜRKSOY-un baş katibi Düsen Kaseinovu və əməkdaşlarını türk dünyası ilə bağlı gördüyü işlərə görə təbrik edirəm. Bir az sonra bəyannamə ilə yanaşı, prezidentlər tərəfindən imzalanacaq mənim vəzifə səlahiyyət müddətim haqqında qərara görə minnətdarlığımı bildirirəm.
X X X
Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm, indi isə imzalanma mərasiminə başlayırıq.
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Almazbek Atambayev və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının bəyannaməsini və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçıları Şurasının baş katibi, səfir Xəlil Akıncının səlahiyyət müddəti haqqında qərarı imzaladılar.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısına yekun vurdu.
Prezident İlham Əliyevin
yekun çıxışı
- Hörmətli qonaqlar, artıq imzalanma mərasimi başa çatmışdır. Zirvə görüşümüz də başa çatır. Bir daha əziz qardaşlarımıza, nümayəndə heyətlərinin başçılarına Qəbələdə bu Zirvə görüşündə iştirak etdiklərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu Zirvə görüşündən sonra aramızdakı əməkdaşlıq daha da artacaq və çox ciddi layihələr icra ediləcəkdir. Bu gün çıxışlarda səslənən dəyərli fikirlər əminəm ki, bizim işimizi zənginləşdirəcək və bu təkliflərin reallaşması əməkdaşlığın yeni pilləyə qalxmasına imkan yaradacaqdır. Səslənən təkliflərlə və ümumiyyətlə, gələcək fəaliyyətimizlə bağlı bir neçə məsələni qeyd etmək istərdim. İqtisadi sahədə əməkdaşlıq, - bu barədə artıq danışıldı, - böyük perspektivlərə malikdir. Bu gün ölkələrimizin iqtisadi inkişafı çox sürətlidir. Bir daha demək istərdim ki, iqtisadi və maliyyə böhranına baxmayaraq, bu gün ölkələrimiz iqtisadiyyatını inamla artırırlar. Azərbaycana gəldikdə, son 10 il ərzində Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artmışdır və bu artım çox təsirli olmuşdur. İqtisadiyyatımız artıq çoxşaxəli, rəqabət qabiliyyətli iqtisadiyyatdır. Dünyanın ən mötəbər iqtisadi qurumu olan Dünya İqtisadi Forumunun - Davos Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 46-cı yerdədir.
Aparılan iqtisadi islahatlar, zəngin təbii resurslar ölkəmizin inkişafına xidmət göstərir. Ona görə, iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar vardır. Azərbaycan ölkə daxilində və xaricdə investisiya layihələrini icra edir. Hesab edirəm ki, ölkələrimiz arasında olan dostluq, qardaşlıq münasibətləri qarşılıqlı investisiyaların qoyuluşuna da xidmət göstərir. Hər halda Azərbaycan bu istiqamətdə öz addımlarını atmaqdadır.
Bizi enerji və nəqliyyat dəhlizləri birləşdirir. Bu da böyük sərvətimizdir. Üzv ölkələrin böyük təbii sərvətləri, böyük coğrafiyası vardır. Bütün bu səylər artıq hər bir ölkənin inkişafını təmin edir.
Əlbəttə, enerji diplomatiyasının davam etdirilməsi və bu sahədə səylərimizin əlaqələndirilməsi, hesab edirəm ki, zərurətdir və gələcək illərdə bu istiqamətdə biz işlərimizi davam etdirəcəyik.
Burada səslənən fikirlər arasında turizm sektorunda birgə fəaliyyət haqqında məsələlər qaldırıldı. Hesab edirəm ki, bu, çox əhəmiyyətli bir sahədir. Xüsusilə Qəbələ kimi turizm mərkəzində bu istiqamətdə atılacaq addımlar haqqında fikir mübadiləsi çox dəyərlidir. Təklif edirəm ki, türk dünyasının turizm potensialı və türk dünyasının turizm mərkəzləri haqqında birgə səylərlə birgə sərgi də keçirilə bilər. Bu sərgi həm ölkələrimizdə, həm də başqa ölkələrdə keçirilə bilər. Yaxud da ki, bununla bərabər, mötəbər beynəlxalq sərgilərdə türk dünyası vahid bir təqdimatla çıxış edə bilər. Çünki ölkələrimizdə çox gözəl turizm imkanları vardır. Bizim ölkələri birləşdirən turizm potensialı güclənir. Qara dəniz, Aralıq dənizi, Xəzər dənizi, İsık-göl dünya miqyasında çox mötəbər turizm istiqamətləridir. Ölkələrimizdə təbiət çox gözəldir - təmiz hava, dağlar, meşələr, çaylar. Yəni, birgə turizm təqdimatı hesab edirəm ki, həm birliyimizi əks etdirər və təqdim edər, eyni zamanda, praktik nöqteyi-nəzərdən ölkələrimizə turistlərin axınını gücləndirmiş olar.
Bu gün, eyni zamanda, yeni informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı təkliflər səslənmişdir. Azərbaycan bu istiqamətdə öz işlərini davam etdirir. Bu ilin əvvəlində ilk Azərbaycan telekommunikasiya peyki orbitə buraxılmışdır. Beləliklə, Azərbaycanda kosmik sənayenin inkişafına start verildi. Bu sahə təbii ki, humanitar sahə ilə bilavasitə bağlı olan bir sahədir. Çünki informasiya-kommunikasiya texnologiyaları bilikdir, savaddır, innovasiyadır və əlbəttə ki, humanitar sahənin inkişafı hər bir ölkə üçün çox önəmlidir. Ölkələrimizdə bilikli, savadlı gənc nəsil yetişir. ölkələrimizdə. Bu da ölkələrimizin gələcək müstəqilliyini təmin edəcəkdir. Çünki əgər biz dünya xəritəsinə nəzər salsaq görərik ki, inkişaf etmiş ölkələr ona görə inkişaf ediblər ki, orada elmi-texniki tərəqqi sürətlə getmişdir. Elmə, təhsilə qoyulan vəsait kifayət qədər olmuşdur. Bu istiqamətdə görülən işlər hər bir ölkənin gələcək inkişafını və müstəqilliyini gücləndirəcəkdir. Ona görə, innovasiya, elm, təhsil sahələrində ölkələrimiz arasında kifayət qədər geniş əməkdaşlıq vardır və hesab edirəm ki, gələcək illərdə bu daim diqqət mərkəzində olmalıdır.
Təbii ki, gündəlikdə duran məsələlərdən biri də nəqliyyat məsələləridir və artıq burada biz hamımız həmfikirik. Burada bütün çıxışlarda nəqliyyatla bağlı məsələlər qeyd olundu. Biz yeni nəqliyyat infrastrukturunun yaradılması ilə türk dünyasını nəqliyyat şəbəkəsi ilə də birləşdiririk və eyni zamanda, ölkələrimiz üçün, gələcək üçün güclü bir nəqliyyat infrastrukturu yaradırıq. Əsrlər boyu bizim xalqlarımız bundan istifadə edəcək və bu, iqtisadi cəhətdən bizə əlavə fayda gətirəcəkdir.
Azərbaycanda bu istiqamətdə görülmüş işlər haqqında mən giriş sözümdə fikirlərimi bildirdim. Əlavə etmək istəyirəm ki, bu gün Azərbaycanda Xəzər dənizində tikilən liman bu bölgənin ən böyük dəniz limanı olacaqdır. Bunun yükqəbuletmə qabiliyyəti mərhələlər əsasında on milyon tondan iyirmi milyon tona çatacaqdır. Əlbəttə, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakıda dəniz limanının istifadəyə verilməsi əlaqəli şəklində aparılır və beləliklə, Xəzər dənizi ilə yüklərin daşınmasının artımına gətirib çıxaracaqdır.
Bu gün çıxışlarda, eyni zamanda, xalqlarımıza xas olan tolerantlıq haqqında deyildi. Bu da çox önəmli məsələdir. Həqiqətən, bizim ölkələrimizdə yaşayan bütün xalqlar onların etnik, yaxud da ki, dini mənsubiyyətindən asılı olmayaraq, bütün hüquqlardan istifadə edir, bir ailə kimi yaşayır, heç vaxt hər hansı bir xoşagəlməz hallar yaşanmır. Bu, böyük sərvətimizdir və biz çalışmalıyıq ki, türk dünyasını dünyaya, eyni zamanda, tolerantlıq məkanı kimi təqdim edək. Biz Azərbaycanda bu istiqamətdə müxtəlif tədbirlər keçiririk. Bilirəm ki, digər qardaş ölkələrdə də bu tədbirlər keçirilir. Xüsusilə, mən İkinci Bakı Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunun fəaliyyətini qeyd etmək istəyirəm. Biz qardaşlarımızın gələcək forumlarda fəal iştirakını arzulayırıq. Çünki bu Forum artıq dünya çapında özünəməxsus yerini tuta bilmişdir.
Burada xalqlarımızın, ölkələrimizin gələcəyi ilə bağlı digər dəyərli fikirlər səslənmişdir. Xüsusilə, demoqrafik vəziyyətlə bağlı səslənən fikirlərə münasibətimi bildirmək istəyirəm. Bu, bizim böyük sərvətimizdir. Bizim ölkələrimizdə demoqrafik vəziyyət çox müsbətdir, təbii artım baş verir. Dünyanın bir çox ölkələrində vəziyyət tam başqadır. Bu, bizim böyük sərvətimizdir, bu günün və gələcəyin potensialıdır. Ancaq o da sirr deyil ki, demoqrafik vəziyyət o vaxt üstünlükdür ki, iqtisadi inkişaf sürətlidir. Demoqrafik vəziyyət mütləq ciddi iqtisadi islahatlarla tamamlanmalıdır. Əgər bu olmasa, əgər iqtisadiyyat inkişaf etməsə, amma əhali artsa, o zaman bu, problemə çevrilə bilər. Əgər demoqrafik vəziyyət iqtisadiyyatla bərabər artsa, o zaman bu, böyük potensialdır, böyük gücdür. Gələcəkdə dünyada problemlərin həlli ölkələrin potensialı ilə, o cümlədən demoqrafik vəziyyətlə də bağlı olacaqdır.
Eyni zamanda, burada səslənən bir fikrə də öz münasibətimi bildirmək istəyirəm. Hesab edirəm ki, bu da çox dəyərli fikirdir və Azərbaycan bu istiqamətdə öz səylərini göstərir. Xaricdə yaşayan diaspor təşkilatlarımızın birgə fəaliyyəti çox önəmlidir. Biz Azərbaycanda və Türkiyədə vaxtaşırı Türkiyə-Azərbaycan diaspor təşkilatlarının toplantılarını keçiririk. Birgə qurultay da keçirilmişdir. Hesab edirəm ki, bu sahədə də səylərimizin birləşməsi faydalı olardı. Çünki bu gün xaricdə yaşayan, xalqlarımızı təmsil edən milyonlarla soydaşımız vardır. Onları təşkilatlandırmaq, bir araya gətirmək üçün hesab edirəm ki, gözəl imkanlar vardır. Ayrı-ayrılıqda diaspor təşkilatları fəaliyyət göstərir. Bir çox hallarda öz fəaliyyətlərini koordinasiya edirlər. Ancaq bu formatda - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının birləşməsi də, hesab edirəm ki, hər cəhətdən bizim işimizi daha da gücləndirər.
Bir sözlə, əziz dostlar, hörmətli dövlət başçıları, bugünkü zirvə görüşü, əminəm ki, növbəti uğurlu mərhələ olacaqdır. Azərbaycan bu gündən Şuraya sədrliyi öz üzərinə götürür. Sizi əmin etmək istəyirəm ki, biz var gücümüzlə işləyəcəyik ki, növbəti bir il ərzində təşkilatımız daha da güclənsin və qarşıda duran bütün vəzifələr uğurla icra edilsin. Bir daha sizə dərin hörmət və ehtiramımı bildirirəm. Sağ olun.
X X X
Bununla da Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı başa çatdı.
16 avqust 2013-cü il