Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dördüncü Zirvə Toplantısının

BƏYANNAMƏSİ

( Bodrum, 5 iyun 2014-cü il)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (bundan sonra “Türk Şurası” adlandırılacaq) Dövlət Başçıları Şurasının 5 iyun 2014-cü ildə Türkiyənin Bodrum şəhərində Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Abdullah Gülün dəvəti əsasında “Turizm sahəsində əməkdaşlıq” mövzusu üzrə iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri Nursultan Nazarbayev, Qırğız Respublikasının Prezidenti Zati-aliləri Almazbek Atambayev Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Abdullah Gülün sədrlik etdiyi görüşdə iştirak etmişlər.

Dövlət başçıları,

Türk Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin məqsəd və prinsiplərinə sadiqliklərini yenidən təsdiqləyərək,

türkdilli xalqların ortaq tarix, dil, mədəniyyət və ənənələrə əsaslanan həmrəyliklərini daha da gücləndirmək və birləşdirmək üçün qəti niyyətlərini təkrar edərək,

Türk Şurasının zirvə toplantılarının məqsədlərinə sadiqliklərini bir daha təsdiqləyərək və onların icra edilməsi ilə əlaqədar əldə olunmuş irəliləyişdən məmnunluqlarını ifadə edərək,

suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamaq prinsiplərinə uyğun olaraq Üzv Dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin gücləndirilməsi məqsədini güdərək,

Türk Şurasının çoxtərəfli formatı çərçivəsində əlaqələrini daha da dərinləşdirmək qətiyyətlərini qeyd edərək,

aşağıdakıları bəyan etdilər:

İqtisadiyyat sahəsində əməkdaşlıq:

1. 11 aprel 2014-cü ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş Türk Şurasının turizm məsələləri üzrə səlahiyyətli nazirlərinin birinci iclasının hesabatını alqışladılar;

2. turizm sahəsində genişlənən əməkdaşlığın təkcə Üzv Dövlətlər deyil, həmçinin üçüncü tərəflər arasında bölgə barədə məlumatlılığın təşviqinə xidmət edəcəyini vurğuladılar;

3. turizm sektorunda Üzv Dövlətlərin müqayisəli üstünlüklərindən istifadənin və turizm məsələlərində əməkdaşlığın daha da gücləndirilməsi ehtiyacının əhəmiyyətini qeyd etdilər;

4. Üzv Dövlətlərin tarixi və mədəni irslərindən bəhrələnməklə onların iqtisadi faydaları üçün təbii və coğrafi üstünlüklərindən istifadənin önəmini bildirdilər;

5. Üzv Dövlətlərin turizm məsələləri üzrə səlahiyyətli nazirləri tərəfindən “Turizm üzrə Birgə Əməkdaşlıq Protokolu”nun imzalanmasını və Üzv Dövlətlərin özəl sektorları arasında turizm sahəsində çoxtərəfli əməkdaşlığın başlanması üçün Türk Şurasının himayəsi altında Birgə Turizm Biznes Assosiasiyasının təsis edilməsi haqqında qərarı alqışladılar və məqsədyönlü müntəzəm görüşlərin keçirilməsi vasitəsilə Üzv Dövlətlər arasında işin və əməkdaşlığın davam və inkişaf etdirilməsinin vacibliyini vurğuladılar;

6. turist bələdçi kitabı ilə dəstəklənən “Türk Şurası - Müasir İpək Yolu” adlı birgə tur proqramının inkişaf etdirilməsi qərarından məmnunluqlarını ifadə etdilər, Qazaxıstanın əlaqələndirməsi ilə bu birgə tur proqramının keçiriləcəyi yerləri müəyyən etmək üçün 2015-ci il ərzində Üzv Dövlətlərdə yerlərə səfərlər edəcək Məqsəd Qrupunun təsis edilməsini alqışladılar və Üzv Dövlətlərin dövlət və özəl təsisatlarını onun işlək olması və təşviqi üçün lazımi tədbirlərin görülməsinə çağırdılar;

7. digər Üzv Dövlətlər üçün Türkiyə tərəfindən turizm təlim proqramlarının həyata keçirilməsini alqışladılar, Üzv Dövlətlərin müvafiq qurumlarını belə peşə təlim proqramlarını dəstəkləməyə dair təlimatlandırdılar;

8. Üzv Dövlətlərin kütləvi informasiya vasitələrinin və turizm sənayesi nümayəndələrinin iştirakı ilə müntəzəm infoturların təşkili qərarını təsdiqlədilər, Azərbaycan tərəfindən bu məqsədlə ilk infoturun həyata keçirilməsini yüksək qiymətləndirdilər;

9. Türk Şurasının müvafiq İşçi Qruplarında özəl sektorun fəal iştirakını dəstəklədilər;

10. 19 fevral 2014-cü ildə İstanbul şəhərində keçirilmiş Türk Biznes Şurasının və Biznes Forumunun ikinci iclaslarını alqışladılar və tərəfləri Türk Biznes Şurasının müntəzəm iclaslarının keçirilməsinə çağırdılar;

11. “Gələcək enerji” mövzusu üzrə Astana şəhərində EXPO - 2017 beynəlxalq ixtisaslaşdırılmış sərginin təşkil edilməsi üçün Qazaxıstanın səylərinə dəstəklərini qeyd etdilər və öz iştiraklarını bir daha təsdiqlədilər;

12. Üzv Dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin və ticarət axınlarına kömək göstərəcək infrastfuktur şəbəkələrinin səmərəliliyinin artırılmasının əhəmiyyətini vurğuladılar;

13. 22 may 2014-cü ildə Astana şəhərində keçirilmiş nəqliyyat nazirlərinin ikinci iclasının qərarlarını alqışladılar;

14. Asiya və Avropa arasında effektiv və təhlükəsiz daşıma vasitəsi kimi dəmir yolu bağlantılarının inkişafının vacibliyini vurğuladılar və onların Üzv Dövlətlər arasında ticarət həcminin artmasında əhəmiyyətli rolunu qeyd etdilər;

15. nəqliyyat operatorlarının yerlərdə qarşılaşdıqları praktik məsələlərin həll edilməsi üçün “Nəqliyyat sahəsində Əlaqələndirmə Şurası”nın təsis edilməsini alqışladılar;

16. 2014-cü ilin oktyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan “Bakı-Tbilisi-Qars Dəmir yolu Xətti/İpək Yolu Dəhlizinin İnkişafının Yeni İmkanları” beynəlxalq konfransının təşkilinə dair Azərbaycan Respublikasının təşəbbüsünü yüksək qiymətləndirdilər;

17. idxal-ixrac prosedurlarının sadələşdirilməsi və tranzit potensialının artırılması üçün mexanizmlərin istifadəsinin təşviqi vasitəsilə sərnişin və yük daşımalarına kömək göstərilməsində səylərin artırılması məqsədi ilə gömrük orqanları rəhbərlərinin görüşlərinin əhəmiyyətini qeyd etdilər.

Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq:

18. Fəaliyyətdə olan sədrin himayəsi altında xarici işlər nazirləri səviyyəsində müntəzəm məsləhətləşmələr vasitəsilə ümumi maraq kəsb edən beynəlxalq məsələlərə dair sıx əlaqələndirmə və əməkdaşlıq şəraitində fəaliyyət göstərməyə ehtiyacı vurğuladılar;

19. beynəlxalq təşkilatlarda, xüsusilə də BMT-də Üzv DÖvlətlərin namizədlərinin dəstəklənməsinə çağırdılar;

20. Üzv Dövlətlər arasında Təhlükəsizlik Məsləhətləşmələrinin müvafiq səviyyələrdə davam etdirilməsinə çağırdılar;

21. Türk Şurası ilə regional və beynəlxalq təşkilatlar arasında bundan sonrakı qarşılıqlı fəaliyyəti təşviq etdilər və:

a) BMT Baş Assambleyasında müşahidəçi statusu əldə etmək üçün əlaqələndirmə və əməkdaşlıq şəraitində fəaliyyətin əhəmiyyətini vurğuladılar,

b) müşahidəçi statusu almaq üçün İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Katibliyin rəsmi müraciətini dəstəklədilər,

c) ölkələrində təşkil olunan müvafiq regional və beynəlxalq iclaslara Katibliyin dəvət olunmasına dair hazırlıqlarını ifadə etdilər,

d) Baş katibin ATƏT-in Nazirlər Şurasının 20-ci İclasına dəvət olunması ilə bağlı Üzv Dövlətlərin ATƏT yanında daimi nümayəndələri tərəfindən qəbul edilmiş ümumi mövqeyi yüksək qiymətləndirdilər, ATƏT və digər müvafiq beynəlxalq təşkilatların gələcək iclasları üzrə bundan sonra da həmrəyliyin davamına çağırdılar;

22. Üzv Dövlətlər arasında siyasi dialoqun gücləndirilməsində parlamentlərarası ölçünün əhəmiyyətini vurğuladılar;

23. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı Əsasında həllinin vacibliyini bir daha vurğuladılar;

24. 11 fevral 2014-cü ildə Kiprdə hərtərəfli danışıqlar prosesinin bərpasını alqışladılar və Kipr məsələsinin BMT-nin himayəsi altında danışıqlar vasitəsilə qarşılıqlı şəkildə razılaşdırılmış, adada iki xalqın siyasi bərabərliyinə əsaslanan ədalətli və davamlı siyasi həllinə tam dəstəklərini təsdiq etdilər və Kiprdə bərabər və vahid tərkibin tərəfdaşı olan Kiprin türk əhalisinin dinc, təhlükəsiz və firavan gələcək istəkləri ilə həmrəyliklərini ifadə etdilər;

25. dialoq və konsensusun təşviqi vasitəsilə bütün tərəfləri Ukraynada gərginliyin azaldılmasına və vəziyyətin sülh yolu ilə həllinə çağırdılar. Türk tərəfi tarixən Türk dünyasının bir hissəsi kimi tanınan Krım tatar türklərinin vəziyyəti ilə bağlı son zamanlardakı səyləri və təmaslan barədə Şuranı məlumatlandırdı;

26. 13-25 aprel 2014-cü ildə Türkiyədə Türk Şurası gənc diplomatlarının 1-ci birgə təlim proqramının təşkilini yüksək qiymətləndirdilər və Azərbaycan Respublikasının 2-ci birgə təlim proqramını keçirmək təklifini alqışladılar.

Sosial və humanitar məsələlər üzrə əməkdaşlıq:

27. 8-14 sentyabr 2014-cü ildə İssık-Kulda Türk Şurasının Katibliyi və Qırğız Hökuməti tərəfindən birgə təşkil olunacaq “İlk Köçəri Oyunlar”a / "Türk Xalqlarının Milli Oyunları”na dəstəklərini bir daha bildirdilər və bu növ fəaliyyətlər vasitəsilə Üzv Dövlətlərin tarixi və mədəni xüsusiyyətlərinin canlandırılmasının vacibliyini qeyd etdilər;

28. 18 fevral 2014-cü ildə Eskişehirdə TÜRKSOY tərəfindən Türkdilli Dövlətlərin Yazıçılar Birliyinin təsis edilməsini alqışladılar;

29. May ayının 18-nin Türk Əlifbası Günü kimi qeyd olunması ilə bağlı 19-20 may 2014-cü ildə Astana şəhərində Türk Akademiyası tərəfindən Türk Əlifba Günü Forumunun təşkilini alqışladılar;

30. YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına dövlətlər tərəfindən birgə təqdimatların irəli sürülməsi vasitəsilə türk dastanlarının və zəngin tarixinin, eləcə də türk xalqının çoxçeşidli mətbəxinin ümumi nümunələrinin müdafiəsi üçün birgə səylərin göstərilməsinə dair razılaşdılar;

31. Türk Dünyasının 2013-cü il üzrə Mədəni Paytaxtı qismində Türkiyənin Eskişehir şəhərində 2013-cü il ərzində fəaliyyətləri alqışladılar;

32. Birinci Türk Universiadasının keçirilməsinə sahiblik etməklə bağlı Türkiyə Respublikasının təşəbbüsünü alqışladılar və Üzv Dövlətlərin müvafiq qurumlarını 2015-ci ildə Birinci Türk Universiadasının təşkilində sıx əməkdaşlığın göstərilməsinə çağırdılar;

33. Türk tarixi və ədəbiyyatına dair ümumi dərsliklər də daxil olmaqla, təhsil sahəsində genişləndirilmiş əməkdaşlıq proqramını inkişaf etdirmək üçün zəruri addımların davam etdirilməsinin əhəmiyyətini ifadə etdilər və bir-birlərinin dillərinin təhsil müəssisələrində seçmə kurslar kimi tədris edilməsini təşviq etdilər;

34. “Türk Universitetlərinin İttifaqının və onun Ali Təhsil Sahəsinin yaradılması üzrə Direktiv”in təhsil nazirlərinin ikinci iclasında təsdiq olunmasını qeyd etdilər, İttifaqın tam işlək olmasına yönəlmiş texniki iclasların davam etdirilməsinə çağırdılar və bu məqsədlə zəruri tədbirlərin görülməsi ilə bağlı aidiyyəti nazirlikləri və dövlət qurumlarını təlimatlandırdılar.

35. Fəaliyyətdə olan sədr - universitet qismində Atatürk Universitetinin ev sahibliyi ilə 2014-cü ilin oktyabr ayında Türk Universiteti İttifaqının Birinci Baş Assambleyasının təşkil edilməsini dəstəklədilər;

36. “Birgə Təhsil Televiziyasının” təsis edilməsi istiqamətində işin davam etdirilməsinə dair təlimat verdilər;

37. “Regional Diaspor Mərkəzlərinin” təsis edilməsini təşviq etdilər və birgə fəaliyyət planlarını həyata keçirmək üçün bu Mərkəzlərin fəallaşdırılması yolu ilə diaspor məsələlərində əməkdaşlığın gücləndirilməsini dəstəklədilər;

38. digər türkdilli ölkələrlə və dünyanın müxtəlif hissələrində yaşayan icmalarla mədəni, linqvistik, sosial və humanitar təmasların və əlaqələrin inkişafına verdikləri önəmi vurğuladılar.

Digər məsələlər:

39. Türk dünyası ölkələri arasında əlaqələrin və əməkdaşlığın təşviq və davam etdirilməsinə cəlb olunmuş təsisatların müxtəlif sahələr üzrə fəaliyyətlərində əlaqələndirmənin təmin edilməsi və təkrarçılığa yol verilməməsi üçün Türk Şurasının himayədar təşkilat qismində vacibliyini qeyd etdilər;

40. Baş katibin təqdim etdiyi illik hesabatda qeyd olunmuş ümumi tərəqqini alqışladılar;

41. Türk Şurasına sədrliyini bitirən Azərbaycan Respublikasının hesabatını qəbul edərək, Azərbaycanı uğurlu sədrliyə görə təbrik etdilər;

42. birinci Baş katib Səfir cənab Halil Akıncıya Türk Şurasının institutlaşdırılması və inkişafında yorulmaz səylərinə görə təşəkkür etdilər və növbəti Baş katib cənab Ramil Həsənova uğurlar arzuladılar;

43. fəaliyyətlərini bitirən Baş katibin müavinləri cənab Qismət Gözəlov və cənab Darxan Kıdıralinin töhfələrini alqışladılar;

44. Türk Şurasının beşinci Zirvə Toplantısının 2015-ci ildə Qazaxıstanda keçirilməsini qərara aldılar.

Dövlət Başçıları Türk Şurasının dördüncü Zirvə Toplantısının müzakirələrini uğurlu nəticəyə gətirdiyinə görə Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Abdullah Gülə dərin təşəkkürlərini ifadə etdilər və Türkiyə Hökuməti və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirdilər. Yekun olaraq, 2014-2015-ci illər üçün Türkiyə Respublikasının Türk Şurasına sədrliyi öz üzərinə götürməsini alqışladılar.

5 iyun 2014-cü ildə Bodrumda Azərbaycan, qazax, qırğız və türk dillərində imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Qazaxıstan Respublikasının Prezidenti

Nursultan NAZARBAYEV

Qırğız Respublikasının Prezidenti

Almazbek ATAMBAYEV

Türkiyə Respublikasının Prezidenti

Abdullah GÜL