Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının

BƏYANNAMƏSİ

(Almatı, 21 oktyabr 2011-ci il)

Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Zati-Aliləri cənab Nursultan Nazarbayev, Qırğız Respublikasının Prezidenti Zati-Aliləri xanım Roza Otunbayeva və Türkiyə Respublikasının Baş Nazirinin müavini Zati-Aliləri cənab Bekir Bozdağ Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (bundan sonra Türk Şurası adlandırılacaq) 21 oktyabr 2011-ci il tarixində Almatı şəhərində keçirilmiş Birinci Zirvə Toplantısında iştirak etdilər və

Öz müstəqilliklərinin 20-ci ildönümünü qeyd edən Azərbaycan, Qazaxıstan və Qırğızıstanın siyasi, iqtisadi, sosial, hüquqi və digər sahələrdəki islahatlar vasitəsilə əldə etdikləri önəmli irəliləyişi nəzərə alaraq, eləcə də beynəlxalq birlikdə öz mövqelərini müstəqil dövlətlər kimi möhkəmləndirdiklərini qiymətləndirərək,

Ümumi tarix, dil, mənsubiyyət və mədəniyyətə əsaslanaraq Türkdilli dövlətlər (bundan sonra türk dövlətləri adlandırılacaq) arasında münasibətlərin daha da inkişaf etdirilməsi və həmrəyliyin gücləndirilməsi niyyətlərini bir daha təsdiqləyərək,

Türk Dövlətləri Başçılarının əvvəlki on Zirvə Toplantısının, eyni zamanda əvvəlki Zirvə Toplantılarında qəbul edilmiş bəyannamələrin müddəalarının ardıcıllığını təsdiqləyərək,

Naxçıvan Sazişində nəzərdə tutulduğu kimi Türk Şurasının tam hüquqlu beynəlxalq təşkilat kimi yaradılmasından məmnun olduqlarını bir daha bildirərək,

Türk Şurasının təşkilatçılığı çərçivəsində Zirvə Toplantılarının yenidən keçirilməsinin xüsusi əhəmiyyətini qeyd edərək,

Türk Dövlətləri arasında hərtərəfli əlaqələrin və mövcud həmrəyliyin Avrasiya regionunda regional və beynəlxalq əməkdaşlığı möhkəmləndirildiyinə inanaraq,

İqtisadi əməkdaşlığın Türk Şurasının üzv dövlətləri arasındakı regional inteqrasiyanın aparıcı amili olduğunu qəbul edərək,

Helsinki Yekun Aktı başda olmaqla, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin məqsəd və prinsiplərinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sənədlərinə sadiq olduqlarını ifadə edərək,

Suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq, zor işlətməmək və ya zor işlətməklə hədələməmək prinsiplərinə uyğun olaraq, dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədini güdərək,

aşağıdakıları bəyan etdilər:

I. Ümumi məsələlər

1. Türk Şurasının Almatı şəhərində keçirilmiş 1-ci Zirvə Toplantısının Türk Dövlətləri arasında ikitərəfli və çoxtərəfli münasibətlərin və əməkdaşlığın inkişafında yeni dövr olduğunu qeyd etdilər.

2. Ümumi tarix, mədəniyyət, mənsubiyyət və dili əsas tutaraq qarşılıqlı maraqlar, əlaqələr və həmrəyliyi daha da inkişaf etdirmək qətiyyətlərini ifadə etdilər.

3. Naxçıvan Sazişini tamamlayan Türk Şurası Sazişinin və qaydalarının, yəni, “Türkiyə Respublikası Hökuməti və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinin yerləşmə ölkəsi haqqında Saziş”in bağlanmasından və “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Prosedur Qaydaları”nın, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının himayəsi altında fəaliyyət göstərən Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının Əsasnaməsi”nin və “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinin heyəti haqqında Əsasnamə”nin qəbul edilməsindən məmnunluqlarını bildirdilər.

4. Türk Şurası Katibliyinin Türk Dövlətləri arasında əlaqələndirmənin əsas məşvərət təsisatı kimi mühüm rolunu tanıyaraq Katibliyin fəaliyyətinin geniş miqyaslı regional əməkdaşlığa yeni dinamika qatacağına inamlarını qeyd etdilər.

5. Üzv dövlətlərdə kütləvi informasiya vasitələrinin Türk Şurası və əlaqədar qurumlar barədə əhali arasında daha geniş maarifləndirmənin aparılmasında mühüm rol oynayacağını vurğulayaraq “Türkdilli Dövlətlərin İnformasiya Vasitələrinin Platforması”nın yaradıldığını alqışladılar.

6. 29-30 sentyabr 2011-ci ildə İstanbulda keçirilmiş Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının himayəsi altında fəaliyyət göstərən Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının ikinci iclasında qəbul edilmiş tövsiyələri alqışlayaraq onların yerinə yetirilməsi məqsədilə mexanizmlərin qiymətləndirilməsi və hərəkətə gətirilməsi üçün Katibliyin əlaqələndiriciliyi ilə Birgə Komitələrin yaradılması barədə müvafiq hökumət qurumlarını təlimatlandırdılar.

II. İqtisadi məsələlər

7. Bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında iqtisadiyyat və ticarət sahələrində münasibətlərin inkişaf etdirilməsini və sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, su və enerji məsələləri, alternativ enerji və turizm də daxil olmaqla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi niyyətlərini ifadə etdilər,

8. Qarşılıqlı faydalı iqtisadi əlaqələri dərinləşdirmək məqsədilə üzv dövlətlər arasında investisiya mühitinin yaxşılaşdırılmasının vacibliyini vurğuladılar.

9. Türk Şurasının üzv dövlətləri arasında əmtəələrin, kapitalın. xidmətlərin və texnologiyaların sərbəst hərəkətinin həyata keçirilməsinin iqtisadi əməkdaşlığın əsas məqsədi olduğunu bildirdilər.

10.13 oktyabr 2011-ci ildə Astanada keçirilmiş İqtisadiyyat məsələlərinə məsul Nazirlər tərəfindən qəbul edilmiş qərarlara tam dəstək göstərərək investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi üzrə tədbirlər, nəqliyyatın inkişafı, sahibkarlıq iqtisadi münasibətlərin əsası kimi mövzular üzrə işçi qrupların yaradılması haqqında qərarı alqışladılar və Nazirlərə Dövlət Başçılarının növbəti iclasına əldə olunmuş irəliləyiş barədə hesabat verməyi tapşırdılar.

11. Bununla əlaqədar Türk Biznes Şurasının yaradılmasını və onun açılış iclasının qərarlarını müsbət qarşılayaraq Biznes Şurasının fəaliyyətinin Türk dövlətlərinin işgüzar dairələri arasındakı faydalı şəbəkəni möhkəmləndirəcəyinə əminliklərini ifadə etdilər.

12. Dövlət-Özəl Tərəfdaşlıq modelində ilk layihələrin həyata keçirilməsinin təmin olunmasını bir daha təqdir edərək İqtisadiyyat Nazirlərinə çağırış etdilər və Türk Biznes Şurasını bu məqsədlə birgə təşəbbüsləri yerinə yetirməyə təşviq etdilər.

13. Əmlakın əldə edilməsində sərmayəçilərə mənfi təsir göstərən maneələrin aradan qaldırılması məqsədilə əmlakın əldə edilməsinə dair qanunvericiliyin uyğunlaşdırılması istiqamətində göstərilən səyləri qeyd etdilər.

14. Sığorta Şirkətlərinin Assosiasiyasının yaradılmasının ticarət mübadilələrinin təhlükəsizliyini təmin edəcəyinə əmin olduqlarını bir daha bildirdilər.

15. Ticarət və investisiya imkanlarının yaxşılaşdırılması məqsədilə, xüsusilə iş adamlarına vizaların və iş icazələrinin verilməsinin asanlaşdırılması üçün mövcud səylərin gücləndirilməsi üzrə razılığa gəldilər.

III. Beynəlxalq layihələr

16. Xəzər regionundakı enerji ehtiyatlarının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolunu təsdiqləyərək, strateji Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum təbii qaz kəmərlərinin nəinki qlobal enerji təhlükəsizliyinə öz töhfəsini verdiyini, həmçinin, region ölkələrində davamlı iqtisadi inkişafa da dəstək göstərdiyinə əmin olduqlarını ifadə etdilər. Bununla əlaqədar Bakı-Tiflis-Ceyhan neft kəmərinin artan həcmindən bundan sonra da istifadənin vacibliyini vurğulayaraq Xəzər dənizində mövcud və gələcək limanlar və neft terminalları ilə Bakı-Tiflis-Ceyhan neft kəməri və Azərbaycan Respublikasının ərazisində başlayan digər nəqliyyat sistemləri arasında əlaqənin əhəmiyyətini diqqətə çatdırdılar.

17. 2012-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Türk dövlətləri arasında nəqliyyat əlaqələrini asanlaşdıracağını, eyni zamanda Avrasiya regionunda ticarət həcmini artıracağını, regional inkişaf və iqtisadi əməkdaşlığı sürətləndirəcəyini qeyd etdilər.

IV. Təhlükəsizlik məsələləri

18. Ümumi mövqelərin formalaşdırılması məqsədilə Türk Şurası çərçivəsində üzv dövlətlərin cəlb olunduğu təhlükəsizlik məsələləri üzrə müzakirələrin keçirilməsinə razılaşdılar.

19. Milli və regional təhlükəsizlik, sabitlik və sülhün qorunmasına, həmçinin demokratiya, insan hüquqları və əsas azadlıqlarına hörmət, eləcə də bazar iqtisadiyyatının inkişafı, qanunun aliliyi və qabaqcıl idarəçilik prinsiplərinə bağlılıqlarını bir daha təsdiqlədilər.

20. Sərhədlərin zorla dəyişdirilməsinin yolverilməz olmasına dair öz mövqelərini bir daha təsdiqlədilər, beynəlxalq sülh və sabitliyə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan təcavüz aktlarına qarşı beynəlxalq birliyin mübarizəsinin gücləndirilməsinin qlobal təhlükəsizliyin bərqərar olunmasında həlledici amil olduğuna əminliklərini qeyd etdilər.

21. Terrorçuluq, zor işlətməyə əsaslanan ekstremizm və separatizm, insan alveri və qeyri-qanuni miqrasiya, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq, eləcə də odlu silahların qeyri-qanuni alveri kimi xüsusi təhdidlərə qarşı mübarizədə əməkdaşlığın və birgə fəaliyyətin əhəmiyyətini bir daha vurğulayaraq bu məqsədlə beynəlxalq birlik çərçivəsində həmrəyliyin vacibliyini xüsusilə diqqətə çatdırdılar.

22. BMT-nin beynəlxalq təhlükəsizlik və davamlı inkişafa nail olmaq üçün qlobal və strateji məsələlərin həllində rolunun gücləndirilməsinə xüsusi diqqət ayırdıqlarını qeyd edərək BMT-də həyata keçirilən islahatların beynəlxalq hüquq qaydasına yeni təhdid və çağırışlara qarşı mövcud imkanlardan çevik və səmərəli istifadəyə yönəldilməli olduğunu bildirdilər.

23. Silahlara nəzarət, tərksilah və kütləvi qırğın silahlarının yayılmaması vasitəsilə beynəlxalq sülh və təhlükəsizliyin təşviqini dəstəklədiklərini ifadə etdilər.

24. Davamlı sabitliyə və regional əməkdaşlığa əsas maneələrdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həll edilməsinin vacib olduğunu qeyd etdilər və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin Avrasiya məkanında sülh, sabitlik və rifahın təmin edilməsi istiqamətində mühüm tərəqqi olacağına əminliklərini bir daha təsdiq etdilər.

25. 2011-ci ilin sonunadək BMT Baş Katibinin müəyyən etdiyi məqsədə uyğun olaraq həllə nail olmaq üçün Kiprdə BMT-nin himayəsi ilə davam edən həll prosesinin uğuru üçün dəstəklərini qeyd etdilər və Kiprin bərabər və vahid tərkibin tərəfdaşı olan Kiprin türk əhalisinin dinc, təhlükəsiz və firavan həyat yaşamaq istəkləri ilə həmrəyliklərini ifadə etdilər.

26. Əfqanıstanın suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə, eləcə də regional sahibliyin vacibliyinə əsaslanaraq Əfqanıstanın rifahı naminə regional əməkdaşlığı təşviq edəcək 2 noyabr 2011-ci ildə Türkiyədə keçirilməsi nəzərdə tutulan “Əfqanıstan üzrə İstanbul Konfransı”na və 15 noyabr 2011-ci ildə Astanada keçirilməsi nəzərdə tutulan Əfqanıstan üzrə Beynəlxalq Əlaqə Qrupunun İclasına öz dəstəklərini bildirdilər.

27. İraqın suverenliyi və ərazi bütövlüyünün qorunmasının və İraq xalqının bütün hissələrinin, o cümlədən onun ayrılmaz tərkib hissəsini təşkil edən Türkmənlərin əsas hüquq və azadlıqlarının təmin olunmasının vacibliyinə diqqət yönəltdilər.

28. 2010-cu ilin iyununda baş vermiş faciəli hadisələrdən sonra Qırğız Respublikasının cənubunda bərpa prosesi ilə əlaqədar Qırğız Respublikasının səmərəli fəaliyyətini alqışladılar.

V. Sosial və mədəniyyət məsələləri

29. Üzv dövlətlərin Parlamentləri arasında əlaqələndirici orqan olan TÜRKPA-nın mühüm rolunu bəyənərək 27-28 aprel 2011-ci ildə Astanada keçirilmiş TÜRKPA-nın ikinci plenar iclasından məmnunluqlarını ifadə etdilər.

30. Ümumi dəyərlərin, müəyyən edilməsi, zənginləşdirilməsi, yayılması və təşviq edilməsi, eləcə də türk dünyasında mədəni münasibətlərin dərinləşdirilməsi vəzifəsinin yerinə yetirilməsi ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) səylərini təqdir etdilər.

31. 2013-cü ildə Türk Mədəniyyətinin paytaxtı qismində Eskişehiri (Türkiyə) elan etmək barədə TÜRKSOY-un təklifini dəstəklədilər.

32. Türk Universitetlərarası İttifaqını yaratmaq təşəbbüsünü müsbət qarşıladılar, belə layihələrin gələcəkdə elm və təhsil müəssisələri və alimlər arasında əlaqələrin inkişafına, eləcə də universitet tələbələri üçün zəngin təcrübənin təmin edilməsinə yardım edəcəyini qeyd etdilər.

33. Türk dövlətlərinin mövcud tədqiqat və inkişaf potensialını birləşdirmək, eləcə də bu potensialı sıx əlaqələndirmə vasitəsilə daha da inkişaf etdirmək üçün “Türk Elmi Tədqiqat Fondu”nun yaradılması barədə razılığa gəldilər və Bişkek Zirvə Toplantısından əvvəl bu Fondun yaradılmasını reallaşdırmaq üçün Katibliyi ilkin institusional prosedurlara başlamağa çağırdılar.

34. Müvafiq mövzular üzrə beynəlxalq platformalar daxil olmaqla iqlim dəyişikliyi və ətraf mühit məsələləri ilə bağlı əməkdaşlığı təkmilləşdirməyə hazır olduqlarını bəyan etdilər.

35. Su resurslarının hərtərəfli və səmərəli istifadəsinə yönəlmiş beynəlxalq əməkdaşlığın zərurətini vurğuladılar.

VI. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq

36. Türkiyənin Avropa İttifaqına qoşulmasının mədəniyyətlərarası dialoq və anlaşmanın təşviqinə, eləcə də Avrasiya və onun hüdudlarından kənarda olan ərazilərə müsbət təsir göstərəcəyini nəzərə alaraq buna tam dəstəklərini ifadə etdilər.

37. Ümumi dəyərlər əsasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi zərurətini vurğuladılar.

38. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Asiya qitəsinə sülh və sabitlik gətirmək cəhdlərinə Türk Şurasının dəstəyini diqqətə çatdırdılar.

39. BMT Baş Assambleyasında Türk Şurasının müşahidəçi statusunun hər iki təşkilat arasında məhsuldar əməkdaşlığa yardım edəcəyinə inamlarını vurğulayaraq statusun alınmasınadək məsələni birlikdə izləməyi qərara aldılar.

40.Türk Şurası və İqtisadi Əməkdaşlıq Təşkilatı arasında yaradılmış institusional əməkdaşlığı alqışladılar və regional əməkdaşlığın inkişafı istiqamətində hər iki təşkilatın səylərinə yardım edəcəklərini bildirdilər.

41. Avropa Şurası ilə dialoq aparmaq və əməkdaşlıq etmək üçün ümumi iradələrini ifadə etdilər.

42. Çoxtərəfli platformalarda Türk dövlətlərinin problemlərini daha qabarıq şəkildə ifadə etmək məqsədilə beynəlxalq təşkilatlarda ümumi mövqelərin qəbul olunmasının əhəmiyyətinə diqqət yönəltdilər.

43. Bununla əlaqədar əməkdaşlıq etmək və beynəlxalq təşkilatlara və vəzifələrə, o cümlədən beynəlxalq tədbirlərə namizədlikləri Türk Şurası Katibliyi vasitəsilə əlaqələndirmək üzrə iradələrini ifadə etdilər.

44. Fəaliyyətdə olan sədrin rəhbərliyi ilə beynəlxalq siyasi məsələləri birgə qiymətləndirmək məqsədilə müntəzəm olaraq görüşlər keçirilməsi ilə bağlı Xarici İşlər Nazirlərini təlimatlandırdılar.

45. Üzv dövlətlərin iştirak etdiyi beynəlxalq toplantılarda Türk Şurası Katibliyinin müşahidəçi qismində iştirakını məqbul hesab etdilər.

VII. Digər məsələlər

46. 10 oktyabr 2010-cu ildə Qırğızıstanda keçirilmiş parlament seçkilərinin uğurlu yekunlarını alqışladılar və idarəçiliyin parlament formasının yaradılmasında və demokratik keçiddə Qırğızıstana davamlı dəstəklərini təsdiq etdilər.

47. 1-2 dekabr 2010-cu ildə Astanada ATƏT-in Zirvə Toplantısına, 28-30 iyun 2011-ci ildə Astanada İKT Xarici İşlər Nazirlərinin 38-ci sessiyasına müvəffəqiyyətlə ev sahibliyi etdiyinə görə Qazaxıstana, 23 dekabr 2010-cu ildə İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə Toplantısını və 9-13 may 2011-ci ildə İstanbulda Ən Az İnkişaf Etmiş Ölkələrə həsr edilmiş 4-cü BMT Zirvə Toplantısını müvəffəqiyyətlə keçirdiyi üçün Türkiyəyə təbriklərini çatdırdılar.

48. Qazaxıstan Respublikasının Türk Şurasının sədrliyini qəbul etməsini müsbət qarşılayaraq Qazaxıstan sədrliyinin üzv dövlətlərlə sıx əməkdaşlıqda Türk Şurasına yeni dinamika gətirəcəyinə inamlarını ifadə etdilər.

49. 2012-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İkinci Zirvə Toplantısının “Təhsil, Elm və Mədəniyyət sahəsində Əməkdaşlıq” mövzusunda Qırğızıstanda keçirilməsi barədə razılığa gəldilər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının müzakirələrini yüksək səviyyədə apardığına görə Qazaxıstan Respublikasının Prezidenti Zati-Aliləri cənab Nursultan Nazarbayevə öz dərin təşəkkürlərini ifadə etdilər və Qazaxıstan Respublikasının xalqı və hökuməti tərəfindən göstərilən isti qonaqpərvərliyi, eləcə də Zirvə Toplantısı üçün hazırlıqları yüksək dəyərləndirdilər.

21 oktyabr 2011-ci ildə Almatıda Azərbaycan, qazax, qırğız və türk dillərində imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Qazaxıstan Respublikasının Prezidenti

Nursultan NAZARBAYEV

Qırğız Respublikasının Prezidenti

Roza OTUNBAYEVA

Türkiyə Respublikası Baş

Nazirinin müavini

Bekir BOZDAĞ