Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 oktyabr 2021-ci il
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi, Qırğız Respublikasının İnvestisiya Nazirliyi, Türkiyə Respublikasının Ticarət Nazirliyi və Özbəkistan Respublikasının İnvestisiyalar və Xarici Ticarət Nazirliyi,
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” 2009-cu il 3 oktyabr tarixli Naxçıvan Sazişinin 2-ci maddəsinə istinad edərək,
Müxtəlif İqtisadi Zonalar sahəsində uzunmüddətli əməkdaşlıq münasibətlərinin yaradılmasını arzu edərək,
iqtisadi inkişaf, birbaşa xarici investisiyaların cəlb edilməsi və yeni iş yerlərinin açılması baxımından Müxtəlif İqtisadi Zonaların vacibliyini anlayaraq,
Müxtəlif İqtisadi Zonaların inkişafı və fəaliyyətinə dair mütəmadi çoxtərəfli məsləhətləşmələrin aparılması ilə bağlı onların ümumi maraqlarını nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsəd
Bu Anlaşma Memorandumunun məqsədi Müxtəlif İqtisadi Zonalar sahəsində Tərəflər arasında müntəzəm məsləhətləşmələr həyata keçirilməklə və çoxtərəfli fəaliyyətlərə cəlb edilməklə Müxtəlif İqtisadi Zonaların təsisçiləri və istifadəçiləri üçün səmərəli iş birliyinin əsasının yaradılması məqsədilə uzunmüddətli çoxtərəfli əməkdaşlığın qurulmasıdır.
Maddə 2
Anlayış
Bu Anlaşma Memorandumunda istifadə olunan “Müxtəlif İqtisadi Zonalar” termini Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin müvafiq milli qanunvericilikləri çərçivəsində Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Xüsusi İqtisadi Zonalarına, Qırğız Respublikasının Azad İqtisadi Zonalarına, Türkiyə Respublikasının Azad Zonalarına, Özbəkistan Respublikasının Azad İqtisadi Zonalarına istinad edir.
Maddə 3
Əməkdaşlıq formaları
Tərəflər qarşılıq və qarşılıqlı fayda əsasında aşağıdakı formalarda əməkdaşlıq etmək barədə razılığa gəldilər:
- Müxtəlif İqtisadi Zonaların strateji inkişafı üçün ekspertlər mübadiləsi;
- Müxtəlif İqtisadi Zonaların uğurlu layihələndırilmə, idarəolunma və inkişaf modelləri üçün qabaqcıl təcrübə mübadiləsi;
- Müxtəlif İqtisadi Zonalara yeni investisiyaların cəlb edilməsi və texnologiyaların ötürülməsi üçün modellərin qurulması;
- gələcək əməkdaşlıq imkanlarının araşdırılması və həyata keçirilməsi üçün şirkətlər və ekspert heyətləri üçün təlim kurslarının, konfransların və qarşılıqlı səfərlərin təşkil olunması;
- onların aidiyyəti müəssisə və təşkilatlarının Müxtəlif İqtisadi Zonalar sahəsində birgə fəaliyyətlərə cəlb edilməsinin mümkün qədər təşviq edilməsi;
- Müxtəlif İqtisadi Zonaların yaradılması və fəaliyyətinə dair müvafiq qaydalar və tənzimləmələr haqqında ən son və ictimaiyyət üçün açıq olan məlumatların təmin edilməsi və vergi güzəştlərinin tətbiq olunmasına dair qaydalar da daxil olmaqla, qanunvericilik və inzibati prosedurlarda dəyişikliklərə dair məlumat mübadiləsinin aparılması;
- Müxtəlif İqtisadi Zonalar sahəsində Tərəflərin milli qanunvericiliyinin gələcək inkişafı üçün çoxtərəfli məsləhətləşmələrin aparılması;
- Müxtəlif İqtisadi Zonalarda investisiya mühitinin daha da inkişafı üçün güzəştlərin edilməsi ilə yanaşı, təsisçilərin və istifadəçilərin fundamental prinsiplərinin təmin edilməsinə və hüquqlarının təşviq edilməsinə xüsusi diqqət yetirərək, birgə tədqiqatların aparılması;
- Tərəflərin ərazilərində fərdi olaraq və birgə müəssisələr vasitəsilə müvafiq özəl sektorların Müxtəlif İqtisadi Zonalardakı faydalardan istifadəsinin təşviq edilməsi;
- mal və xidmətlərin istehsalı və ticarətinin genişləndirilməsi məqsədilə Tərəflərin və üçüncü ölkələrin ərazilərində Müxtəlif İqtisadi Zonaların yaradılması imkanlarının araşdırılması.
Tərəflər öz qanun və qaydalarına uyğun olaraq, bu Sazişə əsasən digər Tərəflər tərəfindən məxfi göndərilmiş məlumatların məxfiliyini qoruyacaqlar.
Maddə 4
İcra olunma
Bu Anlaşma Memorandumunun icrasına cavabdeh orqanlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi, Qırğız Respublikasının İnvestisiya Nazirliyi, Türkiyə Respublikasının Ticarət Nazirliyi və Özbəkistan Respublikasının İnvestisiyalar və Xarici Ticarət Nazirliyidir.
Tərəflər bu Anlaşma Memorandumu çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin koordinasiyası üçün Tərəflərin aidiyyəti institutları tərəfindən həmsədrlik ediləcək Birgə İşçi Qrupun yaradılması barədə razılığa gəldilər.
Birgə İşçi Qrup üzv dövlətlər arasında iqtisadi əməkdaşlığa dair İşçi Qrupun iclası çərçivəsində ildə ən azı bir dəfə görüşəcəkdir. Tərəflər Birgə İşçi Qrupun iclasları ilə əlaqədar xərclərini özləri ödəyəcəklər.
Tərəflər razılaşdılar ki, bu Anlaşma Memorandumunun icrası Tərəflər üzərində heç bir maliyyə öhdəlikləri yaratmır. Bu Anlaşma Memorandumunun icrası ilə əlaqədar xərclər müvafiq dövlət orqanlarının büdcəsi və Tərəflərin qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcəkdir.
Maddə 5
Məsləhətləşmələr
Tərəflər arasında bu Anlaşma Memorandumunun təfsiri və tətbiqi ilə bağlı yarana biləcək hər hansı fikir ayrılığı dostluq şəraitində məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.
Maddə 6
Dəyişiklik
Bu Anlaşma Memorandumuna diplomatik kanallar vasitəsilə Tərəflərin yazılı razılığı əsasında dəyişikliklər edilə bilər. Dəyişikliklər bu Anlaşma Memorandumunun 7-ci maddəsində qeyd olunmuş qüvvəyəminmə proseduruna uyğun qüvvəyə minəcəkdir.
Tərəflərin etdiyi hər hansı bir dəyişiklik və ya yenidən baxılma bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsini təşkil edir.
Maddə 7
Qüvvəyəminmə, müddət və xitam
Bu Anlaşma Memorandumu, onun qüvvəyə minməsi üçün zəruri olan daxili prosedurların Tərəflər tərəfindən yerinə yetirildiyi barədə diplomatik kanallar vasitəsilə son yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir və 3 (üç) il müddətində qüvvədə qalır və Tərəflərdən hər hansı birinin ona xitam vermək niyyəti barədə Anlaşma Memorandumunun qüvvədən düşməsinə 3 (üç) ay qalmış bildiriş təqdim etmədiyi halda növbəti (3) üçillik müddətlərə uzadılır. Anlaşma Memorandumunun xitamı Tərəflər tərəfindən başqa qərar qəbul edilməyincə həyata keçirilməkdə olan fəaliyyət və proqramların icrasını dayandırmır.
Bu Anlaşma Memorandumu Tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə bağlanılmışdır və beynəlxalq hüquq çərçivəsində Tərəflərin dövlətləri üçün məcburi beynəlxalq saziş deyildir. Anlaşma Memorandumunun heç bir müddəası Tərəflərin dövlətləri üçün qanuni hüquq və öhdəliklər yaradan kimi təfsir edilməyəcəkdir.
Bu Anlaşma Memorandumu Bakı şəhərində 2021-ci il 10 sentyabr tarixində, Azərbaycan, qazax, qırğız, türk, özbək və ingilis dillərində bir orijinal nüsxədə imzalanmışdır və bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsirində fikir ayrılığı yaranarsa, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından | (imza) |
Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi adından | (imza) |
Qırğız Respublikasının İnvestisiya Nazirliyi adından | (imza) |
Türkiyə Respublikasının Ticarət Nazirliyi adından | (imza) |
Özbəkistan Respublikasının İnvestisiyalar və Xarici Ticarət Nazirliyi adından | (imza) |