Bundan sonra “Tərəflər” adlandırılacaq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (bundan sonra "Türk Şurası") üzv dövlətlərinin Xarici İşlər Nazirlikləri,
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında 3 oktyabr 2009-cu il tarixli Naxçıvan Sazişini rəhbər tutaraq,
16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsinin, 21 oktyabr 2011-ci il tarixli Almatı Bəyannaməsinin və 23 avqust 2012-ci il tarixli Bişkek Bəyannaməsinin müddəalarını nəzərə alaraq,
mövcud ikitərəfli əməkdaşlıq və məsləhətləşmə vasitələrindən, həmçinin bu əməkdaşlığın Türk Şurasının himayəsi altında təşkilatlandırılması və möhkəmləndirilməsi istiqamətindəki səylərdən çıxış edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
I. Məsləhətləşmələr
Tərəflər:
1. Xarici işlər nazirləri və/və ya onların müavinləri səviyyəsində Türk Şurasının üzv dövlətləri arasındakı əməkdaşlığın cari məsələləri, o cümlədən beynəlxalq və regional məsələlər üzrə məsləhətləşmələr keçirəcəklər.
2. Tərəflərin müvafiq departamentləri aşağıdakı mövzularda tematik məsləhətləşmələr keçirəcəklər:
- Türk Şurasına dair məsələlər;
- digər regional məsələlər;
- BMT, o cümlədən üzv dövlətlərin tərəf olduqları digər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq;
- ümumi maraq kəsb edən digər məsələlər.
3. Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının qərarı əsasında seçilmiş məsələlər üzrə işçi qrupları yaradıla bilər.
II. Şəxsi heyətə təlimlərin keçilməsi
4. Tərəflər diplomatik heyət üçün şərtləri və qaydaları qarşılıqlı razılaşma ilə müəyyən ediləcək təlimlər üzrə əməkdaşlıq edəcəklər.
5. Tərəflər aşağıdakı tədbirlərin təşkil edilməsi imkanlarını nəzərdən keçirəcəklər:
- ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif formatlarının əlaqələndirilməsində Xarici İşlər Nazirliklərinin rolu haqqında məsələlərə dair dəyirmi masalar;
- protokol və konsulluq məsələlərinə dair seminarlar;
- beynəlxalq təhlükəsizliyə dair seminarlar;
- şəxsi heyət, idarəetmə və liderlik məsələlərinə dair məsləhətləşmələr.
III. Məlumat mübadiləsi
6. Tərəflər bir-birləri və Katiblik üçün maraq kəsb edə biləcək nəşrləri mübadilə edəcəklər.
7. Tərəflərin mətbuat və informasiya departamentləri Türk Şurasının milli və beynəlxalq arenada imicinin təşviq edilməsi üzrə əməkdaşlıq edəcəklər.
8. Tərəflər beynəlxalq məsələlərə dair ictimai məlumatlılığın artırılması məqsədi ilə Türk Şurasının Diplomatik Xəbərlər Jurnalının kollektiv nəşrinin mümkünlüyünü nəzərdən keçirəcəklər.
15 avqust 2013-cü il tarixində Qəbələ şəhərində Azərbaycan, qazax, qırğız, türk və ingilis dillərində, bir əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Ziddiyyət olduğu təqdirdə, ingilis dilində olan mətn üstünlük təşkil edəcəkdir.
Azərbaycan Respublikasının | Qırğız Respublikasının |
Xarici İşlər Nazirliyi adından | Xarici İşlər Nazirliyi adından |
(imza) | (imza) |
Qazaxıstan Respublikasının | Türkiyə Respublikasının |
Xarici İşlər Nazirliyi adından | Xarici İşlər Nazirliyi adından |
(imza) | (imza) |