Preambula

Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi,

21 noyabr 2008-ci il tarixində İstanbul şəhərində imzalanmış Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) haqqında Sazişi və 29 sentyabr 2009-cu il tarixində Bakı şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının Plenar iclasında qəbul edilmiş Türkdilli Ölkələrin Parlament Assambleyasının Reqlamentini nəzərə alaraq, 29 sentyabr 2009-cu il tarixində Bakı şəhərində keçirilmiş Türkdilli Ölkələrin Parlament Assambleyasının Plenar iclasında qəbul edilmiş Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi haqqında Əsasnamənin 7-ci maddəsində qeyd olunduğu kimi, Katibliyin daimi əsasda Azərbaycan Respublikasında, Bakı şəhərində yerləşməsini nə-zərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Anlayışlar

1.1. Bu Sazişin məqsədləri üçün:

"Hökumət" - Azərbaycan Respublikasının Hökuməti;

"Katiblik" - Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi;

"TürkPA" - 21 noyabr 2008-ci il tarixində İstanbul şəhərində imzalanmış Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) haqqında Sazişə əsa-sən təsis edilmiş Türkdilli Ölkələrin Parlament Assambleyası;

"Saziş" - Hökumət və Katiblik arasındakı bu Saziş;

"Tərəflər" - bu Sazişin tərəfləri olan Hökumət və Katiblik;

"Baş katib" - Katibliyin Baş katibi;

"Katibliyin heyət üzvlərinin ailə üzvləri" - Katibliyin heyət üzvünün onunla birgə yaşayan həyat yoldaşı və yetkinlik yaşına çatmamış uşaqlan;

"Müvafiq icra hakimiyyəti orqanları" - Azərbaycan Respublikasının səlahiyyətli dövlət qurumları;

"Katibliyin binası" - Azərbaycan Respublikasında Katibliyin sərəncamında olan və ya Katiblik tərəfindən icarəyə götürülən, saxlanılan və ya istifadə edilən və Hökumətə bu barədə məlumat verilən yerləşmə yeri, o cümlədən bina mənasını ifadə edir.

Maddə 2

Sazişin məqsədləri

2.1. Bu Sazişin məqsədi Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi haqqında Əsasnaməyə uyğun olaraq TürkPA Katibliyinin funksiya və vəzifələrini səmərəli şəkildə həyata keçirməsi üçün imkanlar yaradılmasından ibarətdir.

Maddə 3

Katibliyin statusu və hüquqları

3.1. Katiblik Azərbaycan Respublikasında, Bakı şəhərində yerləşir və hüquqi şəxs statusuna malikdir. Katiblik Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq müqavilə bağlamaq, daşınar və daşınmaz əmlak icarəyə götürmək, əldə etmək, ondan istifadə etmək, onun barəsində sərəncam vermək və Azərbaycan Respublikası məhkəmələrinə müraciət etmək hüququna malikdir.

3.2. Katiblik məqsədlərini həyata keçirmək məqsədilə istənilən növ valyuta sahibi ola bilər və istənilən valyuta ilə bank hesabları aça bilər.

Maddə 4

Katibliyin heyəti, immunitet və imtiyazlar

4.1. Katiblik, eləcə də Katibliyin heyət üzvləri və onların ailə üzvləri (Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan şəxslər istisna olmaqla) 1961-ci il tarixli Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, Azərbaycan Respublikası ərazisində yerləşən diplomatik nümayəndəliklərə və diplomatik nümayəndəliklərin heyət üzvlərinə, eləcə də onların ailə üzvlərinə verilən eyni hüquqlara və statusa, immunitet və imtiyazlara malikdirlər.

4.2. Baş katib və onun müavinləri Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan şəxs olduğu təqdirdə, yalnız xidməti funksiyalarını icra edərkən həyata keçirdiyi rəsmi fəaliyyətə münasibətdə yurisdiksiyadarı immunitetə və toxunulmazlığa malikdir.

4.3. Katibliyin heyət üzvləri və onların ailə üzvləri (katibliyin heyət üzvlərinin Azərbaycan Respublikası vətəndaşı olan ailə üzvləri istisna olmaqla) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunurlar. Katibliyin heyət üzvlərinin sayı yerləşmə dövləti ilə razılaşdırılmaqla məntiqi və normal hədlərdə müəyyənləşdirilir.

4.4. Katibliyin rəsmi istifadəsi üçün idxal və ya ixrac olunan mallar müvəqqəti idxal (ixrac) gömrük rejiminə uyğun olaraq gömrük vergi və rüsumlarından azad olunur.

4.5. Müvafiq hakimiyyət orqanları öz vəzifə səlahiyyətlərini yerinə yetirmək üçün Katibliyin binasına yalnız Baş katibin və ya onu əvəz edən şəxsin icazəsi əsasında daxil ola bilərlər.

4.6. Bu Sazişlə verilən imtiyaz və immunitetlər əlaqədar şəxslərin şəxsi mənfəəti üçün deyil, Katiblik tərəfindən həvalə olunan funksiya və vəzifələrini maneəsiz həyata keçirmələri üçün verilir.

4.7. Katibliyin heyət üzvləri və onlarla birgə yaşayan ailə üzvləri Azərbaycan Respublikasının ərazisində olduqları müddət ərzində Azərbaycan Respublikasının qanunvericiliyinə hörmət və riayət edirlər.

4.8. Saziş əsasında Katibliyin heyət üzvlərinə verilmiş immunitet ədalət mühakiməsinə mane olarsa və ya ondan Katibliyin maraqlarına xələl gətirmədən imtina edilə bilərsə, Baş katib Katibliyin heyətinin istənilən üzvünün immunitetini ləğv etmək hüququna malikdir.

4.9. Saziş əsasında verilən imtiyaz və immunitetlərdən istifadə ilə bağlı fikir ayrılıqları yarandıqda, Tərəflər arasında məsləhətləşmələr keçirilir.

Maddə 5

Əmək fəaliyyəti ilə məşğulolma

5.1. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, Azərbaycan Respublikası ərazisində yaşayan TürkPA Katibliyinin Azərbaycan Respublikası vətəndaşı olmayan heyət üzvlərinin həyat yoldaşları və uşaqları əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Sazişin 4-cü maddəsində qeyd olunan immunitet və imtiyazlar TürkPA katibliyinin Azərbaycan Respublikası vətəndaşı olmayan heyət üzvlərinin həyat yoldaşlarının və uşaqlarının əmək fəaliyyəti ilə bağlı tətbiq edilmir.

Maddə 6

Kommunikasiya

6.1. Katiblik poçt, teleqram, habelə teleqraf aparatı, faksimil, elektron məktub, telefon və digər rabitə vasitələrinin quraşdırılması və istifadəsi, onlarla bağlı tariflər, ödənişlər, o cümlədən mətbuat və radioda xəbərlərin yayılmasına görə ödənişlərlə əlaqədar olaraq Hökumətin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq digər beynəlxalq təşkilatlara rəsmi rabitə vasitələri ilə bağlı verdiyi imtiyazlara malikdir.

6.2. Katiblik mübadilə etdiyi konfidensial məlumatın Azərbaycan Respublikası qanunvericiliyinə uyğun surətdə qorunması üçün zəruri tədbirlər görmək və bu informasiyanı yaymamaq öhdəliyini daşıyır. Bu müddəa Saziş qüvvədən düşdükdən sonra da tətbiq edilir.

Maddə 7

Katibliyin bayrağı, gerbi və nişanı

7.1. Tərəflər başqa cür razılığa gəlməmişlərsə, Katiblik bayrağını və/və ya gerbini Katibliyin binasında, Baş katibə və ya onu əvəz edən şəxsə məxsus rəsmi nəqliyyat vasitəsində nümayiş etdirə bilər.

Maddə 8

Şəxsiyyətin müəyyən edilməsi

8.1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Katibliyin heyət üzvlərinə və onların ailə üzvlərinə (Katibliyin heyət üzvlərinin Azərbaycan Respublikası vətəndaşı olan ailə üzvləri istisna olmaqla) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq vəsiqə verir.

8.2. Hökumətin səlahiyyətli vəzifəli şəxslərinin tələbi ilə bu maddənin 1-ci bəndində qeyd edilən şəxslər vəsiqələrini təqdim etməlidirlər.

8.3. Baş katib Katibliyin heyətində hər hansı dəyişiklik barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verir və heyətin hər hansı üzvünün xidmətinin bitməsi zamanı onun vəsiqəsinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dərhal müvafiq qaydada qaytarılmasını təmin edir.

Maddə 9

Əlavə və dəyişikliklər

9.1. Tərəflərin qarşılıqlı razılığı əsasında Sazişə onun ayrılmaz hissəsi olan və Sazişin 11-ci maddəsi ilə nəzərdə tutulan prosedura uyğun olaraq qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavələr və dəyişikliklər edilə bilər.

Maddə 10

Mübahisələrin həlli

10.1. Sazişin təfsiri və ya tətbiqi ilə əlaqədar istənilən fikir ayrılıqları tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

10.2. Baş katib bu Sazişin səmərəli şəkildə həyata keçirilməsini təmin etmək üçün Hökumətlə sıx əməkdaşlıq edəcəkdir.

Maddə 11

Qüvvəyəminmə və ləğvetmə

 

11.1. Bu Saziş, onun qüvvəyə minməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan müvafiq zəruri prosedurların yerinə yetirildiyi barədə yazılı bildirişin Katiblik tərəfindən alındığı tarixdən qüvvəyə minir.

11.2. İstənilən Tərəf digər Tərəfə Sazişi ləğv etmək niyyəti barədə müvafiq yazılı bildiriş göndərməklə Sazişi ləğv edə bilər. Saziş müvafiq yazılı bildirişin alınmasından bir il sonra qüvvədən düşəcəkdir.

Bu Saziş 30 mart 2010-cu il tarixində Bakı şəhərində, Azərbaycan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır. Bütün mətnlər eyni qüvvəyə malikdir.

Azərbaycan Respublikası

Türkdilli Ölkələrin Parlament

Hökuməti adından

Assambleyasının Katibliyi adından

(imza)

(imza)