Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Qırğız Respublikasının Prezidenti Kurmanbek Bakiyev və Türkiyə Respublikasının Prezidenti Abdullah Gül 2-3 oktyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında iştirak etdilər.

Dövlət başçıları,

tarix, dil və mədəniyyət yaxınlığına, dostluq, bərabərlik və qarşılıqlı faydaya əsaslanan, bütün sahələrdə mövcud olan yüksəksəviyyəli əlaqələrin və əməkdaşlığın əhəmiyyətini qeyd edərək,

Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantılarının faydasını və 2006-cı ildə Türkiyə Respublikasında keçirilmiş Zirvə Toplantısında qəbul edilmiş Antalya Bəyannaməsi də daxil olmaqla, əvvəllər keçirilmiş Zirvə Toplantılarında qəbul edilmiş Bəyannamələrin müddəalarını təsdiq edərək,

türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin və mövcud həmrəyliyin möhkəmləndirilməsinin Avrasiya regionundakı əməkdaşlığı dərinləşdirdiyinə əmin olaraq,

2-3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi"nin imzalanmasını məmnuniyyətlə qeyd edərək,

müasir beynəlxalq münasibətlərdə iqtisadiyyat və ticarətin aparıcı rolunu qeyd edərək,

Birləşmiş Millətlər Təşkilatı (BMT) Nizamnaməsinin məqsəd və prinsiplərinə, Helsinki Yekun Aktı başda olmaqla Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatının sənədlərinə sadiq olduqlarını ifadə edərək,

suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq, zor işlətməmək və ya zor işlədəcəyi ilə hədələməmək prinsipləri əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə çalışaraq,

aşağıdakıları açıqladılar:

1. Naxçıvan şəhərində yüksək səviyyədə keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısının türkdilli dövlətlər arasında müxtəlif sahələrdə çoxtərəfli və ikitərəfli əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsinə və dərinləşdirilməsinə əhəmiyyətli töhfə verəcəyini qeyd etdilər.

2. Türkdilli ölkələr arasında ortaq tarix, dil və mədəniyyət yaxınlığından irəli gələn münasibətləri və həmrəyliyi qarşılıqlı maraqlar əsasında davam etdirmək niyyətlərini ifadə etdilər.

3. Demokratiya, insan hüquqlarına hörmət və iqtisadiyyatın inkişafı, qanunun aliliyi və səmərəli idarəçilik prinsiplərinə sadiqliklərini bir daha təsdiqlədilər.

4. Ticarət-iqtisadi sahədə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi və əməkdaşlığın, xüsusilə sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və digər sahələrdə bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında genişləndirilməsi niyyətlərini ifadə etdilər.

5. Türkdilli dövlətlərin dinamik inkişaf edən iqtisadiyyatlarının bir çox sahələrdə əməkdaşlıq üçün zəmin yaratdığım vurğuladılar, türkdilli dövlətlər arasında ticarət-iqtisadi, elmi-texniki və humanitar əməkdaşlığın onların potensialına uyğun olaraq genişləndirilməsi və dərinləşdirilməsi üçün impulsun verilməsi məqsədilə əlavə tədbirlər görülməsinin vacib olduğunu bildirdilər.

6. Xəzər regionundakı enerji ehtiyatlarının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolunu təsdiqlədilər. Bakı-Tifiis-Ceyhan və Bakı-Tiflis-Ərzurum strateji neft və qaz kəmərlərinin qlobal enerji təhlükəsizliyi və region ölkələrinin davamlı iqtisadi inkişafına xidmət etdiyinə əminliklərini ifadə etdilər. Bununla əlaqədar onlar Bakı-Tifiis-Ceyhan kəmərinin nəql qabiliyyətinin artırılmasının vacibliyini qeyd etdilər və Aktau limanı ilə Bakı-Tiflis-Ceyhan neft kəməri arasında əlaqəyə xüsusi əhəmiyyət verdilər.

7. Avropa və Asiya arasında yük daşımalarının həcminin artırılmasına yönəlmiş, Şərq-Qərb dəhlizinin bir hissəsi olan Bakı-Tifiis-Qars yeni birləşdirici dəmiryol xəttinin yaradılmasının beynəlxalq nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməşinə və regionun iqtisadi inkişafına, təhlükəsizliyinə və sabitliyinə töhfə verəcəyini qeyd etdilər.

8. Türkdilli dövlətlər arasında bütün sahələrdə əlaqələrin dərinləşdirilməsinə və bu məqsədlə qarşılıqlı səfərlərin həyata keçirilməsinə, təcrübə mübadiləsinə və əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini bildirdilər. Türkdilli Ölkələrin xalqları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə, eləcə də ictimai əlaqələrin inkişaf etdirilməsinə xidmət edəcək parlamentlər, mərkəzi və yerli hakimiyyət və mətbuat orqanları arasında əlaqələrin genişləndirilməsini dəstəklədiklərini ifadə etdilər.

9. Elm, təhsil, mədəniyyət, incəsənət, turizm, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsində qarşılıqlı maraqlı olduqlarını təsdiq etdilər, türkdilli xalqlar arasında mənəvi və humanitar əlaqələrin saxlanılması və möhkəmləndirilməsinə tərəfdar olduqlarını bildirdilər.

10. Elm təşkilatları və elm xadimləri arasında əlaqələrə, o cümlədən müvafiq sahədəki konkret layihələrə dəstəklərini ifadə etdilər və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini bir daha təsdiqlədilər.

11. Regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə, əməkdaşlığın bütün sahələrində qarşılıqlı əlaqələrin, sıx təmasların və birgə fəaliyyətin inkişafına yönəlmiş siyasi məsləhətləşmələrin daha da təşviq edilməsinin zəruriliyini təsdiq etdilər. Türkdilli dövlətlər arasında etimad və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə vermək niyyətlərini ifadə etdilər.

12. Tərəflər Əfqanıstanın bərpası və dinc qurulması üzrə bundan sonra da qarşılıqlı əlaqələrin davam etdirilməsinə tərəfdar olduqlarını bildirdilər və bu ölkədəki vəziyyəti nəzərə alaraq, Əfqanıstan hökuməti üçün ciddi sınaq olan 20 avqust 2009-cu il tarixində keçirilmiş seçkiləri alqışladılar.

13. Tərəflər beynəlxalq birliyin Əfqanıstana yardım proqramlarında və onun iqtisadiyyatının bərpası üzrə birgə layihələrin həyata keçirilməsində hamılıqla iştirak etmək qətiyyətlərini ifadə etdilər. Bununla əlaqədar, Tərəflər Əfqanıstan tənzimlənməsi üzrə türkdilli dövlətlərin bütün təşəbbüslərini, xüsusilə də Qırğız Respublikasının "Bişkek təşəbbüsləri"ni alqışlayırlar.

14. İraqın suverenliyinin və ərazi bütövlüyünün saxlanmasına və bütün İraq cəmiyyətinin ayrılmaz hissəsi olan türk mənşəli icmanın hüquq və azadlıqlarının təminatının zəruriliyinə diqqət yetirdilər.

15. Asiyada təhlükəsizlik məsələləri üzrə dialoq və əməkdaşlığın inkişafına Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) töhfəsinin vacibliyini qeyd etdilər və Qazaxıstanın sədrliyi dövrün-də AQEM-in institusionallaşma yolunda əhəmiyyətli irəliləyişə nail olduğunu vurğuladılar, Türkiyə Respublikasının AQEM-də 2010-2012-ci illərdə sədrliyinə tam dəstəklərini ifadə etdilər.

16. Türkiyənin Avrasiya məkanında mühüm dövlət olması, onun Avropa İttifaqına üzvlüyünün bütövlükdə regionun inkişafı üçün siyasi, iqtisadi və sosial təkan olacağına görə Türkiyənin Avropa İttifaqına üzvlüyü prosesində əldə etmiş olduğu irəliləyişi razılıqla qeyd etdilər.

17. BMT-nin müəyyən olunmuş meyarları əsasında yaradılacaq yeni tərəfdaşlıq çərçivəsində Kipr probleminin həllinə öz ümidlərini ifadə edərək, iki Tərəf arasında Kiprdə tənzimlənmə üzrə hərtərəfli danışıqların davam etdirilməsini, həmçinin Kipr türklərinin təcridinin təxirə salınmadan aradan qaldırılması ilə əlaqədar BMT Baş katibinin çağırışlarını və İslam Konfransı Təşkilatının (İKT) qətnamələrini dəstəklədilər.

18. Tərəflər İKT-nin səməraliliyinin artırılması məqsədilə İKT strukturları çərçivəsində çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün birgə səylərin göştərilməsinin vacibliyini vurğuladılar və İKT Xarici İşlər Nazirləri Şurasında 2011-ci ildə nəzərdə tutulan Qazaxıstan Respublikasının sədrliyini alqışladılar.

19. Sərhədlərin zorla dəyişdirilməsinin yolverilməz olmasına dair öz mövqelərini təsdiq edərək bəyan etdilər ki, beynəlxalq sülh və sabitliyə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan təcavüz aktlarına qarşı beynəlxalq birliyin səylərinin birləşdirilməsi qlobal təhlükəsizliyin təmin edilməsinin mühüm amilidir.

20. Beynəlxalq təhlükəsizlik, davamlı inkişaf, BMT Nizamnaməsində təsbit olunmuş məqsədlərə nail olunması ilə əlaqədar qlobal və strateji məsələlərin həllində BMT-nin rolunun gücləndirilməsinə xüsusi diqqət yetirdiklərini qeyd etdilər. BMT-dəki islahatların Təşkilatın beynəlxalq məsələlərdə mərkəzi rolunun gücləndirilməsinə, onun potensialının beynəlxalq hüquq qaydasına yeni təhlükə və çağırışlara qarşı çevik və səmərəli istifadəsinə yönəldilməli olduğunu qeyd etdilər.

21. 2011-ci ildə BMT Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində keçiriləcək 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərin gedişində Azərbaycan Respublikası və Qırğız Respublikasının namizədliklərinin ən ciddi şəkildə nəzərdən keçirilməsi niyyətlərini təsdiq etdilər.

22. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri ilə bağlı narahatlıqlarını təsdiq etdilər, sabitlik və regional əməkdaşlıq üçün maneələrdən biri olan qeyd olunan münaqişənin ərazi bütövlüyü, Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığı və beynəlxalq hüquq normalan əsasında sülh yolu ilə həll edilməsinin vacibliyini qeyd etdilər; Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin Avrasiya məkanında sülh, sabitlik və rifahın təmin edilməsi istiqamətində əhəmiyyətli irəliləyiş olacağına əmin olduqlarını bir daha təsdiq etdilər.

23. Daha yüksək mədəniyyətlərarası qarşılıqlı anlaşmanın və dinlərarası dialoqun təşviqinə və dünyanın müxtəlif mədəniyyətləri arasında qarşılıqlı hörmət, sülhün inkişafı, harmoniya və qarşılıqlı anlaşma mühitinin yaradılmasına yönəlmiş, BMT-nin təşəbbüsü olan Sivilizasiya Alyansının, habelə Qazaxıstan Prezidenti N.Nazarbayevin təşəbbüsü olan Dünyəvi və ənənəvi dinlər liderlərinin Konqresinin töhfəsini məmnuniyyətlə qeyd etdilər.

24. İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində türkdilli dövlətlərin əməkdaşlığının bu Təşkilatın gücləndirilməsi, iqtisadi sabitliyin yaradılması və regionda rifahın artırılmasına töhfə verilməsi məqsədilə davam etdiriləcəyini təsdiq etdilər.

25. Fəaliyyəti qardaş xalqları təmsil edən parlamentlər arasında əməkdaşlığın dərinləşməsinə yönəlmiş Türkdilli Ölkələrin Parlament Assambleyasına dəstəklərini ifadə etdilər.

26. Terrorizm, insan alveri, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qanunsuz silah alveri də daxil olmaqla cinayətkarlıq, eləcə də beynəlxalq təhlükəsizliyə təhlükə törədən digər təhdid və çağırışlara qarşı mübarizədə əməkdaşlıq və birgə fəaliyyətin əhəmiyyətini vurğuladılar. Bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə öz aralarında, beynəlxalq təşkilat və forumlarla qarşılıqlı fəaliyyət göstərmək niyyətlərini bir daha təsdiqlədilər.

27. Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında imzalanmış "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi" əsasında təsis edilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının türkdilli dövlətlər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində yeni mərhələni müəyyən etdiyini qeyd etdilər.

28. Tarixi əlaqələrə söykənən türkdilli dövlətlər arasında mövcud olan yüksəksəviyyəli təmaslar dostluq və mehriban qonşuluq ruhunda həyata keçirilir və türkdilli dövlətlərin maraqlarına cavab verir. Tərəflər ümumi mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi və beynəlxalq müstəvidə təbliğatı sahəsində sıx əməkdaşlığın inkişafı üçün səy göstərəcəklərini bildirdilər.

29. TÜRKSOY-un türk dünyasının ümumi dəyərlərinin müəyyən edilməsi, inkişafı, beynəlxalq səviyyədə yayılması və populyarlaşdırılmasında vacib rol oynadığını vurğuladılar, eləcə də onun türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşməsinə töhfəsini qiymətləndirdilər. 30. Bununla əlaqədar, onlar türkdilli ölkələrin xalqlarının dil, mədəniyyət və mənəvi dəyərlərinin ümumiliyinə əsaslanan əlaqələrin və əməkdaşlığın daha da möhkəmləndirilməsində TÜRKSOY-un əhəmiyyətini qeyd etdilər.

30. Dünya sivilizasiyasının inkişafına əhəmiyyətli töhfə vermiş zəngin türk mədəni irsinin qorunması və dəstəklənməsi üzrə TÜRKSOY Fondunun yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünü yekdilliklə dəstəklədilər. TÜRKSOY Fondunun yaradılması və fəaliyyəti ilə bağlı təşkilati məsələlərin həlli Tərəflərin hökumətlərinə həvalə olunur.

31. Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısının Qırğızıstanda keçirilməsi barədə qərar qəbul etdilər.

32. Qonaqlar Zirvə Toplantısının nəticələri ilə bağlı məmnunluqlarını ifadə etdilər, onlara göstərilən səmimi qəbul və qonaqpərvərliyə görə Azərbaycan xalqına və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirdilər.

3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində Azərbaycan, qazax, qırğız və türk dillərində imzalanmışdır.

Azərbaycan Respublikasının

Qırğız Respublikasının

Prezidenti

Prezidenti

İlham ƏLİYEV

 

Kurmanbek BAKİYEV

Qazaxıstan Respublikasının

Türkiyə Respublikasının

Prezidenti

Prezidenti

Nursultan NAZARBAYEV

Abdullah GÜL