Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası və Türkiyə Respublikasının hökumətləri,

- 3 oktyabr 2009-cu il tarixli Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin müddəalarına istinad edərək,

- 16 sentyabr 2010-cu ildə İstanbulda keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının 10-cu Zirvə Toplantısında qəbul olunmuş Türk Akademiyasının yaradılmasının zəruriliyini vurğulayan Bəyannaməni nəzərə alaraq,

- türk xalqlarını ortaq hədəfləri ətrafında birləşdirən və istiqamətləndirən türk mədəniyyətinin tarixi və mənəvi rolunun əhəmiyyətini dərk edərək,

- türk xalqlarının bəşəriyyətin tarixi, mənəvi irsi və dünya sivilizasiyasının inkişafına verdiyi töhfələri nəzərə alaraq,

- türkdilli dövlətlərin və xalqların dostluq münasibətlərinin daha da gücləndirilməsi məqsədi ilə elm və təhsil sahəsində əməkdaşlığı təşviq etmək niyyəti ilə,

- akademik tədqiqat və təhsili dəstəkləməklə türk xalqlarının inteqrasiyasına şərait yaradılmasını qarşısına məqsəd qoyaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Bununla, Tərəflər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (bundan sonra “Türk Şurası” adlandırılacaq) himayəsi altında beynəlxalq təşkilat kimi Türk Akademiyasını təsis edirlər.

Maddə 2

Akademiyanın məqsəd və vəzifələri aşağıdakılardır:

- türk dilləri, ədəbiyyatı və mədəniyyətinin qorunmasına, inkişafı və diaxronik öyrənilməsinin təbliğ edilməsinə xüsusi diqqət ayıraraq, türk tədqiqatları sahəsində araşdırmaları əlaqələndirmək və təşviq etmək;

- türk tədqiqatlarının inkişafı və türk tədqiqatları sahəsində elmi araşdırmalar istiqamətində beynəlxalq əməkdaşlığı təşviq etmək;

- ümumi türk tarixi və etnoqrafiyasının hərtərəfli araşdırılmasını həyata keçirmək;

- türk xalqlarının mədəni və mənəvi irsini araşdırmaq, onların dünya sivilizasiyasının inkişafına verdikləri töhfələr və əldə etdikləri uğurlar barədə ictimaiyyəti məlumatlandırmaq;

- Tərəflərin, eyni zamanda digər türkdilli dövlətlərin elmi cəmiyyətlərinin, mədəniyyət və təhsil dairələrinin, eləcə də müvafiq dövlət qurumlarının irəli sürdükləri təşəbbüsləri dəstəkləmək və təşviq etmək;

- türk dillərinin tam potensialından, o cümlədən qədim mətnlərdən və şifahi mənbələrdən də tam istifadə etməklə bütün türk xalqlarının ortaq ədəbi dilinin yaradılması istiqamətində səylər göstərmək;

- bütün türk dilləri üçün tətbiq oluna bilən ümumi əlifba yaratmaq;

- Tərəflərin təhsil müəssisələrində tədris ediləcək ümumi dərslik və dərs vəsaitlərinin hazırlanması istiqamətində araşdırmalar aparmaq;

- Türk Akademiyası tərəfindən işə götürülmüş tədqiqatçılar üçün fəlsəfə elmləri doktoru (PhD) proqramları təşkil etməklə türk tədqiqatları sahəsində mütəxəssis hazırlamaq.

Maddə 3

Türk Akademiyası Qazaxıstanın Astana şəhərində yerləşir. Qazaxıstan Respublikasının Hökuməti Türk Akademiyasını müvafiq bina ilə təmin edəcəkdir.

Maddə 4

Akademiya hər Tərəfin bir nümayəndəsindən, habelə Türk Akademiyasının Prezidenti və vitse-prezidentlərindən ibarət olan Elmi Şuranın sədrlik etdiyi beynəlxalq təşkilat kimi fəaliyyət göstərir. Elmi Şuraya sədrlik Elmi Şura üzvlərinin Tərəflərin rəsmi adlarının ingilis dilində yazılmış əlifba sırası ilə illik rotasiyası əsasında müəyyən olunur.

Elmi Şurada qərarlar səs çoxluğu ilə qəbul olunur.

Akademiyanın icraedici orqanının funksiyalarını Elmi Şuranın təklifi əsasında Türk Şurasının Dövlət Başçıları Şurasının (bundan sonra “DBŞ” adlandırılacaq) təyin etdiyi prezident həyata keçirir. Vitse-prezidentlər, prezidentin vətəndaşı olduğu Tərəf istisna olmaqla, hər bir Tərəfdən təyin olunurlar.

Prezident Tərəflərin vətəndaşları arasından növbəti müddətə uzadılma imkanı ilə dörd il müddətinə təyin edilir. İlk prezident Qazaxıstan vətəndaşları arasından, daha sonrakı prezidentlər isə Tərəflərin ingilis dilində yazılmış rəsmi adlarına uyğun olaraq əlifba sırası ilə təyin olunur: Azərbaycan, Qırğızıstan və Türkiyə.

Prezident dərhal tədbir görülməsini zəruri edən səlahiyyətindən sui-istifadə etdiyi və ya səhhəti ilə bağlı fəaliyyətini davam etdirə bilmədiyi təqdirdə, Elmi Şuranın təklifi əsasında DBŞ tərəfindən vəzifəsindən müvəqqəti və/və ya tamamilə azad edilə bilər.

Vitse-prezidentləri, Tərəflərin vətəndaşları arasından növbəti müddətə uzadılma imkanı ilə dörd il müddətinə Elmi Şura təyin edir.

Vitse-prezidentlər dərhal tədbir görülməsini zəruri edən səlahiyyətlərindən sui-istifadə etdikləri və ya səhhətləri ilə bağlı fəaliyyətlərini davam etdirə bilmədikləri təqdirdə, Elmi Şura tərəfindən vəzifələrindən müvəqqəti və/və ya tamamilə azad edilə bilərlər.

Elmi araşdırmaların sahələri Elmi Şura tərəfindən müəyyən edilir. Akademiya elmi nailiyyətlərini nəzərə alaraq elmi tədqiqatçıları işə götürə bilər. Həmin alimlər müqavilə əsasında müəyyən edilmiş müddətə araşdırma mövzusu zəruri olan məsələlər üzrə işə götürülürlər.

Türk Akademiyasının heyəti prezident tərəfindən təyin olunur.

Maddə 5

Akademiyanın prezidenti Akademiyanın fəaliyyəti barədə tərəqqi hesabatı hazırlayır və Türk Şurasının Baş katibi vasitəsilə DBŞ-ə təqdim edir.

Maddə 6

Tərəflər Prezidentin şəxsində Akademiyaya, layihəsi qabaqcadan Türk Şurasının Xarici İşlər Nazirləri Şurası (bundan sonra “XİNŞ” adlandırılacaq) tərəfindən ilkin olaraq bəyənilməli olan Akademiyanın Qazaxıstan Respublikası ərazisində yerləşməsi şərtləri və yeri haqqında Qazaxıstan Respublikası Hökuməti ilə yerləşmə ölkəsi haqqında saziş bağlamaq hüququ verirlər.

Akademiya məqsədlərinin həyata keçirilməsi üçün beynəlxalq hüquq qabiliyyətinə, o cümlədən aşağıdakılara malik olacaqdır:

- kontrakt bağlamaq;

- əmlaka malik olmaq və sərəncam vermək;

- məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək;

- hesablar açmaq və pul vəsaitləri ilə əməliyyatları həyata keçirmək.

 

Maddə 7

Türk Akademiyasının prezidenti, vitse-prezidentləri və onların öhdəsində olan şəxslər, Qazaxıstan Respublikası vətəndaşları və ya Qazaxıstan Respublikasında daimi yaşayan şəxslər istisna olmaqla, 1961-ci il tarixli Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 29-36-cı maddələrinə və həmin maddələrdə göstərilmiş istisnalara uyğun olaraq, Qazaxıstan Respublikası ərazisində diplomatik agentlərə verilən eyni immunitet və imtiyazlara malikdirlər.

Türk Akademiyasının xarici heyət üzvlərinin imtiyaz və immunitetləri yerləşmə ölkəsi haqqında sazişlə müəyyən olunur.

Akademiyanın heyəti əməkhaqları və Türk Akademiyası tərəfindən onlara verilən digər ödəmələr üzrə vergilərdən azaddırlar.

Maddə 8

Türk Akademiyası özünün büdcə layihəsini hazırlayır və onu hər bir maddə üzrə hesablama və əsaslandırmalarla birgə növbəti maliyyə ilindən əvvəlki ilin birinci yarısında Tərəflərə göndərir. Büdcə layihəsi Tərəflərin bəyənməsindən sonra XİNŞ tərəfindən təsdiq edilir.

Tərəflərin etdiyi məcburi ödənişlər, onların ödəmə qabiliyyəti və BMT-yə etdikləri ödənişlərin tətbiq olunan cədvəli və oxşar regional təşkilatlara etdikləri ödənişləri nəzərə alınaraq, XİNŞ tərəfindən müəyyən edilir. Buna baxmayaraq, yerləşmə ölkəsinin payı digər Tərəflərin payından az olmamalıdır.

Məcburi ödənişlərin bölgüsü XİNŞ tərəfindən imzalanan ayrıca protokolla müəyyən edilir.

Akademiyaya edilən könüllü ödəmələr məhdudiyyətsizdir.

 

Maddə 9

Türk Akademiyasının maliyyə fəaliyyəti üçün xarici auditi XİNŞ tərəfindən səlahiyyətləndirilmiş qurum ildə azı bir dəfə olmaqla həyata keçirir. Türk Akademiyasının prezidenti səlahiyyətləndirilmiş quruma xarici auditin həyata keçirilməsi üçün zəruri sənədləri təqdim edir.

Xarici audit həyata keçirildikdən sonra audit hesabatı Türk Akademiyasının prezidenti tərəfindən bütün Tərəflərə göndərilir.

 

Maddə 10

XİNŞ-in qərarı ilə üçüncü tərəflərə və beynəlxalq təşkilatlara müşahidəçi statusu verilə bilər.

Maddə 11

Türk Akademiyasının işçi dilləri Tərəflərin dövlət/rəsmi dilləri və ingilis dilidir.

 

Maddə 12

Bu Sazişin müddəalarının təfsirindən və tətbiqindən irəli gələn fikir ayrılıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr vasitəsilə həll edilir.

 

Maddə 13

Hazırkı Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə Sazişin ayrılmaz tərkib hissəsi olan və bu Sazişin 14-cü maddəsinə uyğun olaraq qüvvəyə minən ayrıca protokollarla əlavə və dəyişikliklər edilə bilər.

Maddə 14

Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə üçüncü yazılı bildirişin depozitari tərəfindən alındığı tarixdən sonrakı otuzuncu gün qüvvəyə minir.

Bu Saziş digər imza edən Tərəflər üçün ratifikasiya sənədi depozitari tərəfindən alındığı tarixdən sonrakı otuzuncu gün qüvvəyə minir.

Bu Saziş türkdilli dövlətlərin qoşulması üçün açıqdır. Bu Saziş həmin dövlətlər üçün qoşulma sənədi depozitari tərəfindən alındığı tarixdən sonrakı otuzuncu gün qüvvəyə minir.

Maddə 15

Tərəflərdən biri bu Sazişdən çıxmağa qərar verərsə, Saziş yalnız həmin Tərəf üçün hüquqi qüvvəsini itirir. Çıxma, depozitarinin Sazişdən çıxmaq istəyən Tərəfdən diplomatik kanallar vasitəsilə yazılı bildirişi aldığı tarixdən altı ay sonra qüvvəyə minir.

Sazişdən çıxan Tərəf Türk Akademiyasının əmlakı, intellektual mülkiyyət hüquqları, Türk Muzeyinə bağışlanmış artefaktlar və ya digər hədiyyələr, eləcə də Türk Kitabxanasına bağışlanmış kitab və bənzər elektron materiallar üzərində hüquqlarını itirmiş hesab olunur.

 

Maddə 16

Hazırkı Sazişin depozitarisi Qazaxıstan Respublikasıdır.

23 avqust 2012-ci ildə Bişkek şəhərində, bir əsl nüsxədə Azərbaycan, qazax, qırğız, türk və ingilis dillərində imzalanmışdır. Bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir.

Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, Tərəflər ingilis dilində olan mətnə müraciət edəcəklər.

Bu Sazişin əsl nüsxəsi Depozitaridə saxlanılacaqdır və Depozitari hər imzaçı Tərəfə Sazişin təsdiqlənmiş nüsxəsini göndərəcəkdir.

Azərbaycan Respublikası

Hökuməti adından

(imza)

 

 

 

 

 

 

Qırğız Respublikası

Hökuməti adından

(imza)

    
    

Qazaxıstan Respublikası

Hökuməti adından

(imza)

 

 

 

 

 

 

Türkiyə Respublikası

Hökuməti adından

(imza)