“Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanmış “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” təsdiq edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 iyun 2025-ci il

 

TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATININ

MÜLKİ MÜDAFİƏ MEXANİZMİNİN TƏSİS EDİLMƏSİ HAQQINDA

SAZİŞ

 

Azərbaycan Respublikası Hökuməti, Qazaxıstan Respublikası Hökuməti, Qırğız Respublikasının Nazirlər Kabineti, Türkiyə Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti (bundan sonra birlikdə “Tərəflər” və fərdi olaraq “Tərəf” kimi adlandırılacaq),

12 noyabr 2021-ci il tarixində İstanbulda imzalanmış Türk Dövlətləri Təşkilatının (bundan sonra “TDT”) səkkizinci Zirvə Toplantısının Bəyannaməsinə və TDT-nin Mülki Müdafiə Mexanizminin təsis edilməsi haqqında TDT Dövlət Başçıları Şurasının 16 mart 2023-cü ildə Ankarada imzalanmış Qərarına istinad edərək,

Fəlakət və fövqəladə hallar zamanı beynəlxalq əməkdaşlığın yüksək əhəmiyyətini vurğulayaraq,

TDT-yə Üzv və Müşahidəçi dövlətlərin, eləcə də digər dövlətlərin ərazilərində baş verə biləcək fəlakətlər zamanı təcili yardımın tez bir zamanda göstərilməsini və koordinasiya işinin yerinə yetirilməsini və fəlakət və fövqəladə hallar zamanı cavab, həyat və əmlakın xilas edilməsi tədbirləri, tibbi yardım, fövqəladə kommunikasiya təminatı, monitorinq və təhlil, sığınacaq, humanitar yardımın dəstəklənməsi, o cümlədən bu halların qarşısının alınması və hazırlıq tədbirləri, fəlakətlərə cavab tədbirləri üzrə bilik və təcrübənin paylaşılması üzrə Tərəflərin iradəsini nəzərə alaraq,

Tarixi bağlar, ortaq dil, mədəniyyət və adət-ənənələr əsasında Türk dövlətləri və xalqları arasında əməkdaşlığın və həmrəyliyin artdığını qeyd edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

 

MADDƏ 1

MÜLKİ MÜDAFİƏ MEXANİZMİNİN MƏQSƏDİ, FUNKSİYALARI VƏ ƏHATƏ DAİRƏSİ

 

1. Tərəflər bununla Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizmini (bundan sonra “TDTMMM” kimi istinad ediləcək) hüquqi şəxs statusuna malik olan beynəlxalq təşkilat formasında təsis edirlər.

2. TDTMMM-in məqsədi Üzv və Müşahidəçi dövlətlərin, eləcə də digər dövlətlərin ərazilərində baş verə biləcək fəlakətlər və fövqəladə hallar zamanı fövqəladə ehtiyacları dəstəkləmək üçün fəlakətlərə cavab tədbirləri üzrə ortaq potensialın yaradılmasıdır.

Dəstək fəlakət və ya fövqəladə vəziyyət zamanı zərər çəkmiş dövlətin müraciəti əsasında təmin edilir.

İstənilən fəlakət və ya fövqəladə hal zamanı TDTMMM-nin dəstək fəaliyyətlərində iştirak könüllülük əsasında həyata keçirilir.

Digər dövlətlərə dəstəyin göstərilməsi ilə bağlı qərar hər bir hal üzrə konsensus əsasında qəbul edilir.

3. TDTMMM-in əsas funksiyaları aşağıdakılardan ibarətdir:

- fəlakət və fövqəladə hallar zamanı cavab, həyat və əmlakın xilas edilməsi tədbirləri, tibbi yardım, fövqəladə kommunikasiya təminatı, monitorinq və təhlil, sığınacaq, fəlakətlər zamanı humanitar yardım, o cümlədən bu halların qarşısının alınması və hazırlıq tədbirləri, fəlakətlərə cavab tədbirləri üzrə bilik və təcrübənin paylaşılması;

- fövqəladə halların idarə edilməsi sahəsində bütün səviyyələrdə çalışan əməkdaşların peşəkarlıq səriştələrinin artırılması məqsədilə birgə ixtisasartırma standartlarının hazırlanması və nəzəri və praktiki ixtisasartırma proqramlarının təşkili;

- regional fəlakət və fövqəladə hallar zamanı birgə cavab tədbirləri təcrübələrini inkişaf etdirmək üçün təlimlərin, məşğələlərin və inzibati və texniki səfərlərin təşkili.

4. TDTMMM çərçivəsində Tərəflər bu Sazişlə bağlı bütün fəaliyyətlər barədə bir-birilərini və TDT Katibliyini məlumatlandırırlar.

 

MADDƏ 2

SƏLAHİYYƏTLİ QURUMLAR

 

1. Dövlətlərin bu Sazişin həyata keçirilməsinə məsul olan səlahiyyətli qurumları aşağıdakılardır:

 

Azərbaycan Respublikası

Qazaxıstan Respublikası

Qırğız Respublikası

Türkiyə Respublikası

Özbəkistan Respublikası

Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar Nazirliyi

Daxili İşlər Nazirliyi

Fövqəladə Hallar Nazirliyi

 

2. Hər bir Tərəf TDTMMM ilə əlaqə və koordinasiya məqsədləri üçün Əlaqələndirici təyin edir, bu Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyini təsdiq edən yazılı bildiriş təqdim edərkən, hər bir Tərəf öz Əlaqələndiricisi barədə məlumatları onun əlaqə vasitələrini göstərməklə Depozitariyə təqdim edir və Depozitari bu barədə bütün Tərəfləri və TDTMMM Katibliyini məlumatlandırır.

3. Səlahiyyətli qurum və ya Əlaqələndirici ilə bağlı hər hansı dəyişiklik baş verdikdə, müvafiq Tərəf dərhal diplomatik kanallar vasitəsilə bu barədə Depozitarini, Depozitari isə bütün digər Tərəfləri və TDTMMM Katibliyini məlumatlandırır.

 

MADDƏ 3

İNZİBATİ STRUKTUR

 

1. Bu Sazişin məqsəd və vəzifələrini yerinə yetirmək üçün TDTMMM-in aşağıdakı inzibati strukturları təsis edilir:

- Fəlakət və fövqəladə halların idarə edilməsinə məsul Nazirlər Şurası;

- TDTMMM Katibliyi.

2. TDTMMM Katibliyinin fəaliyyəti ilə bağlı prosedur və prinsiplər Nazirlər Şurası tərəfindən qəbul ediləcək qaydalarla müəyyən edilir.

 

MADDƏ 4

Nazirlər Şurası

 

1. TDTMMM-in ən ali qərarverici orqanı olan Nazirlər Şurasının tərkibi Tərəflərin fəlakət və fövqəladə halların idarə edilməsinə məsul Nazirlərindən ibarət olur.

2. Nazirlər Şurası öz fəaliyyətini Nazirlərin mütəmadi iclasları formasında həyata keçirir və ildə ən azı bir dəfə toplanır.

3. TDT-yə sədrlik edən Tərəfi təmsil edən nazir Nazirlər Şurasına sədrlik edir.

4. Nazirlər TDTMMM-in fəaliyyəti və idarə edilməsi ilə bağlı qərarları konsensusla qəbul edirlər.

5. Nazirlər Şurası:

- TDTMMM-in fəaliyyətini və idarə edilməsini istiqamətləndirir, nəzarət edir və qərarlar qəbul edir;

- TDTMMM-in mexanizmin illik inzibati və maliyyə hesabatını təsdiq edir;

- Tərəflərin icbari töhfələrinə dair məsləhətləşmələr aparır;

- TDTMMM çərçivəsində əsas sənədləri, o cümlədən TDTMMM Katibliyi tərəfindən hazırlanmış Fəlakətlərə Birgə Cavab Strategiya Sənədi və Fəlakətlərə Birgə Cavab Planını təsdiqləyir;

- TDTMMM-in məqsəd və funksiyalarının yerinə yetirilməsi ilə bağlı hər hansı digər mövzunu nəzərdən keçirir və qərar qəbul edir.

 

MADDƏ5

MÜLKİ MÜDAFİƏ MEXANİZMİNİN KATİBLİYİ

 

1. Daimi icra orqanı olan TDTMMM Katibliyi məqsəd və vəzifələrinin icrasına, eləcə də iş və fəaliyyətinin həyata keçirilməsinə və əlaqələndirilməsinə yardım göstərir.

2. TDTMMM Katibliyinə Tərəflərin rəsmi adlarının ingilis əlifbası sırasına uyğun olaraq rotasiya əsasında Nazirlər Şurası tərəfindən təyin edilən Baş katib rəhbərlik edir.

3. Bas katibin səlahiyyət müddəti üç ildir. Bu müddət maksimum iki il uzadıla bilər.

4. TDTMMM Katibliyinin qərargahı İstanbulda (Türkiyə Respublikası) yerləşir.

TDTMMM Katibliyinin təsis edilməsi üçün Türkiyə Respublikası tərəfindən məkan təmin ediləcək və dəstək göstəriləcək.

TDTMMM Katibliyinin qərargahına ev sahibliyi edən Tərəf TDTMMM Katibliyi ilə müvafiq müddəalar, şərtlər, işçi heyətin statusu, imtiyazlar və toxunulmazlıq kimi məsələlərin müəyyən olunduğu Ev Sahibliyi Sazişi imzalayır.

 

MADDƏ 6

MALİYYƏLƏŞMƏ

 

1. TDTMMM-in Tərəflərin illik əsasda həyata keçirdiyi icbari ödənişlərdən ibarət büdcəsi olur. TDTMMM-in büdcəsinə könüllü ianələr edilə bilər.

2. Tərəflər TDTMMM büdcəsinin formalaşdırılması və icrası haqqında ayrıca beynəlxalq müqavilə bağlayırlar.

3. TDTMMM büdcəsinin formalaşdırılması və icrası haqqında beynəlxalq müqavilə qüvvəyə minənədək hər bir Tərəf üçün illik simvolik icbari ödəniş 50 000 ABŞ dolları təşkil edir.

4. İllik icbari ödənişlərin ümumi məbləğindən artıq olan xərclər bu Sazişin qüvvəyə mindiyi tarixdən başlayaraq iki il müddətində Türkiyə Respublikası tərəfindən ödənilir.

 

MADDƏ 7

FİKİR AYRILIQLARININ HƏLLİ

 

Bu Sazişin təfsiri və ya yerinə yetirilməsi ilə bağlı yaranan hər hansı fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.

 

MADDƏ8

YEKUN MÜDDƏALAR

 

1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların Tərəflər tərəfindən yerinə yetirilməsini təsdiq edən sonuncu yazılı bildirişin Depozitari tərəfindən diplomatik kanallar vasitəsilə qəbul edilməsindən sonra otuzuncu gün qüvvəyə minir.

2. Qüvvəyə mindikdən sonra bu Saziş TDT-ə Üzv və Müşahidəçi dövlətlərin qoşulması üçün açıqdır. Digər dövlətlər bütün Tərəflərin razılığı əsasında bu Sazişə qoşula bilərlər. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsini təsdiq edən yazılı bildirişin Depozitari tərəfindən diplomatik kanallar vasitəsilə qəbul edilməsindən sonra otuzuncu gün yeni qoşulan dövlət üçün qüvvəyə minir.

3. Türkiyə Respublikası Hökuməti bu Sazişin Depozatirisi olur.

4. Bu Sazişə Tərəflərin qarşılıqlı yazılı razılığı ilə istənilən vaxt düzəlişlər edilə bilər. Düzəlişlər və əlavələr bu Sazişin ayrılmaz hissəsi olan və bu maddənin 1-ci bəndində müəyyən edilmiş qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilir.

5. Tərəflərdən hər biri istənilən vaxt Depozitariyə müvafiq yazılı bildiriş göndərməklə bu Sazişdən çıxa bilər. Depozitari tərəfindən bildirişin alındığı tarixdən sonrakı ayın birinci günü həmin Tərəf üçün bu Saziş ləğv edilir.

Bişkek şəhərində 6 noyabr 2024-cü il tarixində, bir əsl nüsxədə Azərbaycan, qazax, qırğız, türk, özbək və ingilis dillərində imzalanmışdır və bütün mətnlər bərabər autentikdir. Təfsirdə hər hansı fərqlilik yarandıqda ingilis dilindəki mətn istifadə edilir. Bu Sazişin əsli onun təsdiq edilmiş surətini hər bir Tərəfə göndərəcək Depozitari tərəfindən saxlanılır.

 

Azərbaycan Respublikası Hökuməti adından (imza)

Qazaxıstan Respublikası Hökuməti adından (imza)

Qırğız Respublikası Nazirlər Kabineti adından (imza)

Türkiyə Respublikası Hökuməti adından (imza)

Özbəkistan Respublikası Hökuməti adından (imza)