Naxçıvan, 3 oktyabr (AZƏRTAC). Oktyabrın 3-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirilmişdir.

Xatırladaq ki, ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə görüşünün keçirildiyi “Duzdağ” mehmanxanasının konfrans salonunun qarşısında Türkiyə Prezidenti Abdullah Gülü, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyevi və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyevi böyük hörmət və ehtiramla qarşıladı.

Zirvə görüşünün iştirakçıları əvvəlcə rəsmi foto çəkdirdilər.

Prezident İlham ƏLİYEV zirvə görüşünü açaraq dedi:

- Hörmətli prezidentlər,

Hörmətli qonaqlar,

Xanımlar və cənablar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Azərbaycana, Azərbaycanın qədim torpağı olan Naxçıvana xoş gəlmisiniz. Bugünkü zirvə görüşümüz çox gözəl və əlamətdar bir hadisədir. Əminəm ki, zirvə görüşünün nəticələri gözəl olacaq, çox səmərəli işləyəcəyik və qəbul ediləcək qərarlar bizim birliyimizi daha da gücləndirəcəkdir. Mən çox şadam ki, Siz mənim dəvətimi qəbul edib bu gün buradasınız, Naxçıvandasınız. Naxçıvan qədim Azərbaycan torpağıdır, qədim tarixə və mədəniyyətə malikdir. Naxçıvanın tarixi abidələri Azərbaycan xalqının böyük istedadının nümunələridir. Dünən biz Naxçıvanla bir daha tanış olduq. Mən çox şadam ki, mənim hörmətli qonaqlarım da bu fürsəti əldə etdilər və dünən axşam gözəl konserti bərabər dinlədik. Əslində o konsert bizim birliyimizin təntənəsi idi, dostluq, qardaşlıq konserti idi. Mən əminəm ki, bizim birliyimiz bundan sonra daha da güclənəcəkdir. Bunu etmək üçün bütün imkanlar vardır. Ölkələrimiz arasında əlaqələr ikitərəfli formatda çox yüksək səviyyədədir, çox güclü siyasi dialoq aparılır. Biz beynəlxalq təşkilatlarda əməkdaşlıq edirik. BMT-də, İslam Konfransı Təşkilatında, ATƏT-də və digər təşkilatlarda bizim ölkələrimiz bir-birinə həmişə dəstək verir və bu, belə də olmalıdır. Çünki, bizi müştərək tarix birləşdirir, tarixi-mədəni köklər birləşdirir. Dünən bütün türkdilli ölkələrin istedadını və incəsənətini təmsil edən konsertdə səslənən mahnılar bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər yaxındır. Biz öz işimizi bu möhkəm təməl üzərində qururuq. Bizim birliyimiz təkcə ölkələrimizi gücləndirmir, bizim birliyimiz böyük mənada regional əməkdaşlığın da çox vacib amilidir.

Biz çox istəyirik ki, aramızda olan iqtisadi əlaqələr daha da sürətlə inkişaf etsin. Bunu etmək üçün yaxşı imkanlar vardır. Bizim iqtisadiyyatlarımız bir-birini tamamlayır. Bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır, bu da çox önəmlidir. Gələcək illərdə iqtisadi sahədə yeni layihələrin həyata keçirilməsi əlbəttə ki, bizi daha da yaxınlaşdıracaqdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi artmalıdır. Hələ ki, ticarət dövriyyəsinin səviyyəsi bizi qane edə bilməz. Biz qarşılıqlı investisiya layihələrində iştirak etmək arzusundayıq və bu da qarşılıqlı maraq doğura biləcək layihələr ola bilər.

Humanitar sahədə də çox gözəl perspektivlər vardır. Mədəniyyətlərimiz bir-birinə çox bağlı olduğuna görə humanitar sahədə əməkdaşlıq daha da sürətlə inkişaf etməlidir. Bu sahədə TÜRKSOY təşkilatının fəaliyyətini mən yüksək qiymətləndirmək istəyirəm. Gələcək illərdə TÜRKSOY-un fəaliyyətini biz daha da gücləndirməliyik. Biz təklif edirik ki, TÜRKSOY Fondu yaradılsın. Fondun maliyyə təminatı təşkil edilsin və bu Fond bütün türk dövlətlərində və eyni zamanda bütün türk diyarlarında tarixi abidələrin bərpası, mədəniyyətlərarası əlaqələrin inkişafı ilə məşğul olsun. Bir sözlə, Fond praktiki cəhətdən səmərəli işlərlə xalqlarımızı daha da sıx birləşdirsin. Dünyada türkdilli xalqlar çoxdur və türkdilli xalqlar arasında dostluq, qardaşlıq ölkələrimizi də gücləndirəcəkdir.

Biz böyük məmnunluq hissi ilə deyə bilərik ki, ölkələrimiz tərəfindən təşəbbüslə başlanan və uğurla icra edilən böyük layihələr öz səmərəsini verir. Bu gün neft-qaz sahəsində yaranmış əməkdaşlıq bizim dostluğumuzun nümunəsidir, eyni zamanda, regional əməkdaşlığın uğurlu nəticəsidir. Neft-qaz sahəsində Azərbaycan ilə Türkiyə, Azərbaycan ilə Türkmənistan, Azərbaycan ilə Qazaxıstan çox səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlığın praktiki nəticələri vardır. Xəzər dənizinin neft-qaz ehtiyatlarının dünya və Avropa bazarlarına çıxarılması üçün əməli işlər görülmüşdür, böyük investisiyalar qoyulmuşdur, neft kəmərləri inşa edilmişdir və bu proses davam edir.

Vaxtilə əfsanə hesab olunan Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq üç ildir ki, fəaliyyətdədir və bütün bölgəyə fayda gətirir. Eyni zamanda, bu kəmərin əsasında Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də böyük uğurumuzdur. Bu gün Azərbaycanın neft-qaz resursları dünya və Avropa bazarlarına əmniyyətli yollarla nəql edilir. Dünən Bakıda Qazaxıstan ilə Azərbaycan arasında çox önəmli sazişlər bağlanmışdır. Bu sazişlər gələcəkdə Qazaxıstanın neft-qaz resurslarının şaxələndirmə yolu ilə Azərbaycan ərazisindən dünya bazarlarına çıxarılmasına gözəl şərait yaradır. Bu, hamımızın marağındadır. Biz hamımız istəyirik ki, iqtisadiyyatlarımız inkişaf etsin, çoxşaxəli olsun. Neft-qaz sahəsində şaxələndirmə prosesləri həm istehsalçılar, həm tranzit ölkələr, həm də istehlakçılar üçün çox böyük əhəmiyyət daşıyır. Bütün tərəflərin maraqları əlbəttə ki, beynəlxalq təcrübəyə uyğun olaraq qorunmalıdır və müdafiə olunmalıdır.

Biz nəqliyyat sahəsində konkret layihələr üzərində işləyirik. Həm Xəzər dənizində əməkdaşlıq davam edir, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası uğurla gedir. Bu dəmir yolu çəkiləndən sonra Avropa ilə Asiya arasında çox əhəmiyyətli və yeni yol açılacaqdır. Biz yeni İpək Yolunun bərpasını təşkil edirik. Əlbəttə ki, bunlar böyük yatırımlar, investisiyalar və eyni zamanda, böyük siyasi iradə tələb edən layihələrdir. Bizim həm investisiya imkanlarımız, həm də siyasi iradəmiz vardır.

Bir sözlə, bu konkret layihələr bizi daha da birləşdirəcək, ölkələrimizə əlavə maliyyə resursları gətirəcək və beləliklə bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün də gözəl imkanlar yaradacaqdır. Biz bunu istəyirik, buna çalışırıq.

Baxmayaraq ki, ərazi bütövlüyü pozulub, Azərbaycanın son illər ərzindəki uğurlu inkişafı, həmçinin regional əməkdaşlığın dərinləşməsinə yönəldilib. Bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Bu işğal nəticəsində və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağından didərgin salınıb. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. 2004-2008-ci illərdə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmışdır. Bu artım əlbəttə ki, ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlərin həllində bizə kömək göstərir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uzun illərdir ki, danışıqlar aparılır. Ancaq əfsuslar olsun, hələ ki, biz heç bir nəticəyə gəlməmişik. Düzdür, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur. Danışıqlar prosesi deyə bilərəm ki, artıq sonuncu mərhələsindədir. Müzakirə olunan məsələlər münaqişənin həllinə kömək göstərə bilər. Müzakirə edilən məsələlər münaqişənin ərazi bütövlüyü əsasında həll olunmasını təmin edir.

Azərbaycanın tarixi torpağı olan Qarabağ bölgəsi 20 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmur. O qətnamələrdə erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması nəzərdə tutulurdu. Digər beynəlxalq təşkilatlar buna bənzər qərarlar qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, Ermənistan tərəfi bu vaxta qədər beynəlxalq normalara məhəl qoymur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Azərbaycanın prinsipial və dəyişməz mövqeyi bundan ibarətdir və bir daha demək istəyirəm ki, bu mövqe beynəlxalq prinsiplərə əsaslanır. Xalqların isə öz müqəddəratlarını təyinetmə prinsipləri ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər və bundan kənarda heç bir başqa variant müzakirə oluna bilməz. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi nəinki Azərbaycan üçün, bütün region üçün böyük problemdir, regional əməkdaşlığı əngəlləyən ən başlıca amildir.

Regionun çox böyük imkanları vardır. Regional əməkdaşlıq daha da hərtərəfli aparıla bilər. Bütün yollar, bütün kommunikasiyalar açıla bilər, regionda yerləşən bütün ölkələr qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edə bilər.

Ancaq o da həqiqətdir ki, torpaqlarımız işğal altında qaldığı bir dövrdə Ermənistan ilə Azərbaycan arasında heç bir əməkdaşlıq mümkün deyildir. Azərbaycan gələcəkdə də öz coğrafi, iqtisadi, siyasi və başqa imkanlarından istifadə edərək Qarabağ məsələsinin, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına çalışacaqdır.

Əziz dostlar, bu yaxınlarda Bakıda bizim birliyimizi daha da möhkəmləndirən önəmli hadisə baş vermişdir. Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci toplantısı keçirilmişdir. Bu da çox önəmli hadisədir. Bizim qanunvericilik orqanlarımız da bir-biri ilə daha sıx əlaqədə olacaqlar. Düzdür, ölkələrimizi təmsil edən deputatlar bu vaxta qədər də bir-biri ilə sıx əlaqədə olmuşlar, müxtəlif beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq etmişlər. Ancaq Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması tam başqa bir hadisədir. Bunun çox böyük mənası vardır. Bu onu göstərir ki, türkdilli ölkələr arasında əlaqələr geniş formatda daha da sürətlə inkişaf edir. Biz buna çox sevinirik, buna çox böyük dəstəyimizi veririk. Əgər gələcəkdə bütün siyasi məsələlərdə, beynəlxalq təşkilatlarda, beynəlxalq müstəvidə biz bir-birimizə öz dəstəyimizi verməyə davam etsək, iqtisadi sahədə əməkdaşlığımızı konkret layihələrlə zənginləşdirsək, humanitar və mədəniyyət sahəsində TÜRKSOY vasitəsilə, konkret layihələr vasitəsilə bu birliyi daha da gücləndirsək bizim xalqlarımız bundan ancaq fayda götürəcəkdir.

Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir. Eyni zamanda, bu, bugünkü vəziyyətin reallıqlarıdır.

Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır. Mən çox şadam ki, bizim aramızda olan birlik son illər ərzində daha da güclənir. Dünən və bu gün hesab edirəm ki, türkdilli ölkələrin daha da sıx birləşməsi üçün çox vacib addımlar atılmışdır. Bizim bir yerdə olmağımız, qədim Azərbaycan torpağı olan Naxçıvanda yığışmağımız, ikitərəfli formatda aparılan danışıqlar, bugünkü zirvə görüşü və zirvə görüşünün nəticəsi olan imzalanacaq vacib sənədlər bizim birliyimizi daha da gücləndirəcəkdir. Bu, bizim arzumuzdur və mən əminəm ki, biz bütün arzularımıza çatacağıq.

Bir daha Sizə mənim dəvətimi qəbul edərək Naxçıvana gəldiyinizə görə təşəkkürümü bildirmək istəyirəm və bu zirvə görüşünə uğurlar arzulamaq istəyirəm.

 

X X X

Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün Naxçıvanda keçirilməsini tədbirin əsas özəlliyi kimi xarakterizə etdi. O, dahi şəxsiyyətlər - Heydər Əliyevin və Mustafa Kamal Atatürkün türkdilli xalqların birliyi barədə arzularını xatırladaraq vurğuladı ki, Qazaxıstan da bu ideyanın reallaşdırılması mövqeyindən çıxış edir. Bu səbədən də türk dövlətləri arasında siyasi əlaqələr zamanın tələblərinə uyğun olaraq yeni mərhələyə qədəm qoymalıdır. Qazaxıstan dövlətinin başçısı dedi:

- Türkdilli xalqların mədəniyyəti böyük bir okeana oxşayır və bu okean hələ ki, tədqiq olunmamışdır. Biz hesab edirik ki, türkdilli dövlətlərin xalqlarının tarixi bundan sonra daha təfərrüatı ilə tədqiq edilməlidir.

Bizim ulu babalarımız Aralıq dənizindən Altaya qədər geniş düzənliklərdə hökmdar olmuşlar və onlar bizə çox böyük dəyərlər qoyub getmişlər. Biz hesab edirik ki, yurta, yay, ox və s. bu kimi bir çox vacib mədəniyyət dəyərlərini qoyub getmişlər. Hesab edirik ki, artıq bunları bütün dünya ictimaiyyəti qarşısında tanıtmaq vaxtı gəlib çatmışdır.

Bizim hörmətli qardaşımız İlham Əliyevin dediyi kimi, mən də bunu tam dəstəkləyirəm ki, biz TÜRKSOY təşkilatı yanında bir fond yaratmalıyıq. Həmin fond çərçivəsində Türkdilli Akademiyanı da yaratmaq məqsədəuyğun olardı. Akademiya türkdilli xalqların dilinin, mədəniyyətinin araşdırılması və öyrənilməsi ilə məşğul olacaqdır. Bu, bizim ümumi vəzifəmizdir. Əgər hər hansı bir türkdilli dövlət öz yardımını göstərəcəksə, hesab edirik ki, bu akademiyanı türkdilli aləmin çox müqəddəs torpağı - Türküstanda yerləşdirmək olardı və yaxud bu akademiya Astanada təsis oluna bilərdi. Bu baxımdan indi Xoca Əhməd Yasəvi adına Universitet böyük işləri həyata keçirir. Hesab edirik ki, biz TÜRKSOY çərçivəsində təşəbbüsü öz əlimizə götürüb regional işlərdə daha fəal iştirak etməliyik. Daha sonra isə biz Mərkəzi Asiya ilə Avropa arasında çox vacib bir körpü rolunu oynamalıyıq. ATƏT, İqtisadi İnkişaf Təşkilatı, İslam Konfransı Təşkilatı və bir çox digər təşkilatlarla, o cümlədən “Asiyada qarşılıqlı fəaliyyətə və etimad tədbirlərinə dair müşavirə” ilə də sıx əməkdaşlıq etməliyik və bir mövqedən çıxış etməliyik. Həmin təşkilat çərçivəsində sədrliyi gələn ildən etibarən biz qardaş Türkiyə Respublikasına təhvil verəcəyik. Biz bu baxımdan irəli sürülən məsələlər üzrə bütünlüklə öz dəstəyimizi verməyə hazırıq. Hesab edirik ki, biz tərəfdaşlıq münasibətlərimizi Asiya və Avropa strukturlarında daha da möhkəmləndirməliyik.

Qazaxıstanın 2010-cu ildə ATƏT-də və 2011-ci ildə İslam Konfransı Təşkilatında sədrliyi zamanı bir çox yeni təşəbbüslər irəli sürməsi gözlənilir. Xüsusən də bu, türkdilli dövlətlər ilə sıx münasibətlərə əsaslanan birliyimiz xüsusi qeyd olunmalıdır ki, üçüncü dövlətlərə qarşı olmayacaqdır. Biz hədələrə qarşı ümumi mübarizə aparmalıyıq və bu gün tam aydındır ki, qlobal sabitliyə hədə və təhdidlər mövcuddur. Qlobal silahsızlaşdırma, kütləvi qırğın silahlarının yayılmaması sahəsində beynəlxalq səviyyədə müəyyən problemlər yaranmışdır. Qazaxıstanın silahsızlaşdırmaya ən böyük töhfə verdikdən sonra - Sovet İttifaqının süqutundan sonra bu sahədə daha fəal tədbirlərin görülməsini tələb etmək hüququ vardır. Həmin vaxtdan etibarən, eyni zamanda, Qafqazda da sabitlik pozulmuşdur. Bu baxımdan biz qardaş Azərbaycan xalqının əzab-əziyyətlərinə şərik çıxırıq. Hesab edirik ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişə yalnız dinc yolla həll olunmalıdır. Biz buna öz dəstəyimizi verməyi bundan sonra da davam etdirəcəyik.

Hörmətli həmkarlar, xanımlar və cənablar!

Şübhəsiz ki, bu zirvə görüşü çərçivəsində əldə edilmiş razılaşmalar bizim ölkələrdə çox mühüm bir hadisəyə çevriləcək, bizim türkdilli xalqlar üçün vacib bir nəticə olacaqdır.

 

X X X

Qırğızıstan Prezidenti Kurmanbek BAKİYEV çıxış edərək dedi ki, türkdilli ölkələr arasında həlli mümkün olmayan məsələ yoxdur. Dövlət başçısı bildirdi:

- Qırğızıstanın türkdilli dövlətlərlə ümumi, tarixi, mədəni və dil birliyinə arxalanan əlaqələri səmimi və etibarlı xarakter daşıyır. Ölkəmiz bütün məsələlərdə qardaşlıq, bərabər hüquqluluq, qarşılıqlı hörmət əsasında fəal iştirak edir. Bu, artıq sayca doqquzuncu sammitdir. Türkdilli ölkələrin dövlət başçılarının, liderlərinin forumu çərçivəsində əməkdaşlığımız üçün bizim artıq böyük təcrübəmiz, potensialımız və imkanlarımız vardır.

Vaxt göstərmişdir ki, bizim tərəfdaşlığımız, ilk növbədə, hər bir ölkənin maraqlarının və məqsədlərinin uzlaşması sayəsində davam edir. Bu da bizim uzunmüddətli əməkdaşlığımızın tələblərinə uyğundur. Türkdilli dövlətlərin mənafelərinin yaxınlığı həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə əməkdaşlığa xidmət edir. Bugünkü müzakirələr qloballaşma və dinamik dəyişən presedentlər şəraitində qarşılıqlı və faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi zərurətini təsdiq edir.

Hörmətli dövlət başçıları və tədbir iştirakçıları!

Mən hesab edirəm ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş türkdilli dövlətlərin birləşməsi üçün nadir şans verir. Mən əminəm ki, belə bir təşkilatın yaradılması bizim həmrəyliyimizi möhkəmləndirəcək və bu da hərtərəfli münasibətlərin inkişafına təkan verəcəkdir.

Türk dünyası beynəlxalq siyasətdə böyük rol oynamalıdır. Hazırda Qırğızıstan ilə türkdilli dövlətlər arasında həll olunmayan məsələlər yoxdur. Çünki müstəqillik illərində siyasi, iqtisadi, ticari, elmi-texniki və mədəni-humanitar əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Ümumi dəyərlərə arxalanaraq və təcrübədən yararlanaraq, ölkələrimizdə sabitliyin təmin edilməsinə öz töhfəmizi verə bilərik. Onu da qeyd etmək vacibdir ki, ölkələrimiz arasında parlamentlərarası əlaqələr də möhkəmlənməyə və təkmilləşməyə başlamışdır. Bu da səmimi xarakter daşıyır. Bakı şəhərində sentyabrın 28-29-da Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci iclası buna sübutdur.

İqtisadi əlaqələrimizdən danışdıqda mən deməliyəm ki, bu sahədə əməkdaşlığımız getdikcə inkişaf edir. Biz bu məsələyə diqqətimizi azaltmamalıyıq və ticari-iqtisadi əlaqələrimizin genişləndirilməsi üçün tədbirlər görməliyik. Bu mənada bütün ölkələrin potensialını nəzərə alaraq, Qırğızıstan Respublikası iri iqtisadi layihələrin, xüsusilə də energetika, nəqliyyat və turizm sahəsində böyük layihələrin yaradılmasında ümumi səylərimizin möhkəmlənməsini təklif edir. Bu istiqamətlərdə ümumi layihələrin icra edilməsi bizim ümumi ticarət dövriyyəmizi artıracaq və ixrac-idxal strukturunu genişləndirəcək, ölkələrimizin investisiya imkanlarını bir araya gətirəcəkdir.

Unutmamalıyıq ki, bizim insanların mentaliteti, bizim keçmişimiz və gələcəyimiz, tarixin dərki və xalqlarımızın dünya mədəniyyətinin xəzinəsinə töhfə verdiyi mənəvi dəyərlərin anlaşması ilə müəyyən edilir. Bu konteksdə mən türk mədəniyyəti və incəsənətinin inkişafı üzrə TÜRKSOY təşkilatının rolunu müsbət qiymətləndirirəm. Bu təşkilat cari ilin sentyabrında Ankarada və Bakıda Qırğız Milli Akademik Opera və Balet Teatrının ifasında Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəylinin “Koroğlu” operasının beynəlxalq premyerasını təşkil etmişdir.

Bundan başqa, mən terrorçuluq, dini ekstremizm və narkotiklərin qanunsuz dövriyyəsi kimi transsərhəd təhdidlərə qarşı birgə mübarizədə türkdilli dövlətlər arasında əməkdaşlığın rolunu qeyd etmək istərdim. Bu mənada mən sizə məlumat vermək istəyirəm ki, 2009-cu ilin sentyabrında Bişkek şəhərində türkdilli dövlətlərin xüsusi xidmət idarələrinin növbəti - XII konfransı keçirilmişdir. Biz bu konfransda terrorçu qruplaşmaların müəyyən olunması və onların məhv edilməsi sahəsində birgə fəaliyyətimizi müzakirə etmişik.

Mən əminəm ki, bu zirvə görüşünün nəticələri sülhün, sabitliyin və regionda təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verəcəkdir.

Qırğızıstan Prezidenti çıxışının sonunda bundan sonra türkdilli ölkələr arasında əməkdaşlığın daha da artacağına, Azərbaycanda keçirilən bu zirvə görüşünün isə səmərəli nəticələr verəcəyinə əminliyini bildirdi.

 

X X X

Türkiyə Prezidenti Abdullah GÜL Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısını Naxçıvanda yüksək səviyyədə təşkil etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Bildirdi ki, “dünyanın görüntüsü” mənasını verən Naxçıvan Azərbaycan qədər Türkiyə üçün də əziz və doğmadır. Türkiyə dövlətinin başçısı dedi:

- Naxçıvanın Türkiyə üçün çox böyük əhəmiyyəti vardır. Naxçıvan bölgəsindəki Azərbaycan və Türkiyə arasındakı sərhəd xətti məsafəcə kiçik olsa da, siyasi mənada çox böyük əhəmiyyət daşıyır. 10-12 kilometrlik bir sərhəd xəttinin siyasi əhəmiyyəti olduqca böyükdür. Bu sərhədimiz Türkiyənin türk respublikaları ilə coğrafi birliyini də əlaqələndirən çox rəmzi bir keçiddir. İkinci tərəfdən, Azərbaycanın digər torpaqlarından ayrı olması nəticəsində Naxçıvan ilə qonşuluq və qardaşlıq münasibətlərindən əlavə, sıx əlaqələrimiz vardır. Buna görə də şəxsən öz adımdan, mənimlə bərabər olan türk heyəti adından Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə bu zirvə görüşünü Naxçıvanda təşkil etdiyi üçün ən səmimi təşəkkürlərimi bir daha bildirmək istəyirəm.

Dəyərli prezidentlər və hörmətli iştirakçılar!

1992-ci ildə başladığımız türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərinin bu günə gəlib çatmasında hamınızın əməyi və siyasi iradəsi müəyyənedici rol oynamışdır. 1992-ci ildən bu günə qədər keçən zamanda dünyamız siyasi, iqtisadi və təhlükəsizlik sahəsində bir sıra qlobal sınaqlarla üz-üzə qalmışdır və indi də qarşı-qarşıyadır. Bu problemlər Avrasiya coğrafiyasına da təsir etmişdir. Qafqazda və Orta Asiyada başda təhlükəsizlik məsələsi olmaqla, müxtəlif təhdidlərə rast gəlindiyi bir zamanda mühüm həmrəylik və məsləhətləşmə platforması olaraq zirvə görüşləri bizə həm qardaş ölkələr arasındakı münasibətləri, həm də qlobal problemləri müzakirə etmək imkanı verir.

Qardaş ölkələrimiz arasındakı siyasi, ticari, iqtisadi, mədəni və sosial məsələlər başda olmaqla, bütün sahədəki əlaqələrimizin dərinləşməsi, gələcəyə istiqamətlənmiş proqnoz, təxminlər və müzakirələr zirvə görüşlərinin gündəmində təbii ki, çox mühüm yer tutur. Zirvə görüşlərinin bəyanatlarında da əksini tapan qərarlarımızı həyata keçirmək məqsədilə böyük səy göstəririk.

Qarşımızda qət edilməli xeyli məsafənin olmasına rəğmən hazırda topladıqlarımız və əldə etdiklərimizi də diqqətdən qaçırmamalıyıq. İnanıram ki, keçən vaxt ərzində çox böyük bir məsafəni qət etdik, müvəffəqiyyətlər də əldə etdik. Bu gün imzalayacağımız Naxçıvan bəyannaməsi ilə türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərini təşkilatlandırmaq sahəsində həqiqətən də çox qiymətli və tarixi bir addım atmaqdayıq. Əslində biz bu gün bir yuxunu gerçəkləşdiririk və buna ən çox özünü türk hiss edən bütün insanlar ürəkdən sevinəcək və çox məmnun olacaqlar.

Bununla bağlı onu da demək istəyirəm ki, türklər çox böyük bir coğrafiyaya yayılmışlar və özlərini türk hiss edən milyonlarla insan vardır. Böyük millətlər içərisində bu gün ayrı-ayrı müstəqil dövlətlərimizin olması çox böyük bir xoşbəxtlikdir. Bu müstəqil dövlətlərimizin hər biri çox böyük məsafələr qət etməkdə, müvəffəqiyyətlər əldə etməkdədir və hər birinin də başı çox ucadır. Bu müstəqil dövlətlər arasında qarşılıqlı hörmət və bərabərliyə söykənərək əməkdaşlıq etmək bizim haqqımızdır. Özünü türk hiss edən hər kəs bu həyəcanı hiss edər.

Keçən ilin oktyabrında İstanbulda imzalanan müqavilə ilə qurulan Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk toplantısı ötən həftə Bakıda müvəffəqiyyətlə baş tutdu. Onun katibliyi Bakıda yerləşəcəkdir. Bu qurumun TÜRKSOY ilə bərabər ölkələrimizdə çox güclü bir təşkilati əməkdaşlığın əsasını təşkil edəcəyinə inanıram. Hörmətli Prezident İlham Əliyevin TÜRKSOY mövzusunda fikirlərini də dəstəkləyirik.

Qardaş ölkələrimiz arasındakı əməkdaşlığın siyasi, iqtisadi və mədəni miqyası qədər ictimai miqyası da əhəmiyyətlidir. Xalqlarımız arasındakı əlaqələri gücləndirmək məqsədilə böyük kütlələrə istiqamətlənmiş bəzi tədbirlər də həyata keçirə bilərik. Bu çərçivədə müəyyən edilmiş vaxtlarda Olimpiya oyunlarına bənzər ənənəvi türk idman növlərinin də yer aldığı idman tədbirlərinin təşkil olunmasının müzakirəsini təklif edirəm. İdman gəncləri, yeni nəsilləri bir-birinə qaynadıb-qovuşduran çox böyük bir fəaliyyət sahəsidir. Bu sahədə türk idman növləri də vardır. Olimpiya oyunlarının təşkil olunduğu şəkildə tədbirlər həyata keçirə bilərik.

“XXI əsrin müharibələr deyil, sülh, rifah əsri olması üçün hər birimizin üzərinə vəzifələr düşür”, - deyən Türkiyə Prezidenti ölkəsinin türkdilli dövlətlər arasında iqtisadi işbirliyinə daha çox önəm verdiyini, təcrübə mübadiləsinin aparılmasını, qarşılıqlı investisiyaların həyata keçirilməsinin vacibliyini diqqətə çatdırdı.

Abdullah Gül bu baxımdan Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars layihəsinin önəmli olduğunu dedi. “Hədəflərimiz birliyimizin dünyada sülhə töhfə verməsinə nail olmaqdır”, - deyən Türkiyə dövlətinin başçısı bildirdi ki, ölkəsi Qafqaz regionunda sülhün tezliklə bərqərar olmasına çalışır. Türkiyə Prezidenti dedi:

- Ermənistan-Azərbaycan münaqişəsi başda olmaqla, Cənubi Qafqazdakı digər münaqişələrin də bölgə ölkələrinin ərazi bütövlüyü çərçivəsində daimi həll olunmasının vaxtı çatmışdır. Xüsusilə, Azərbaycanın ərazi bütövlüyünə çox əhəmiyyət veririk. Azərbaycanın işğal altındakı torpaqlarında bu işğala tezliklə son qoyulmasının vacibliyinə çox inanırıq. Bunun üçün vaxtın çatdığına inanırıq. Əminik ki, Qarabağ problemi dialoq, müzakirə və diplomatiya yolu ilə həll ediləcək və bu yolla bütün Qafqazda sülh təmin olunacaqdır. Şübhəsiz ki, bu, ancaq işğala son qoyulması ilə reallaşa bilər.

Türkiyənin sülh, təhlükəsizlik və sabitlik baxışlarının bölgəmizdə və Avrasiya coğrafiyasında hakim olduğu təqdirdə xroniki problemlərin qısa vaxt ərzində həll olunacağına inanırıq.

Hörmətli prezidentlər, dəyərli iştirakçılar!

Türkiyənin həyata keçirdiyi xarici siyasətin ilham qaynağı türkçülüyün ənənəvi anlayış və dəyərlərinə söykənməkdir. Çünki xarici siyasətimizin ilham aldığı xeyirxahlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət kimi bu əsas prinsiplər türk dünyasının formalaşdırdığı ortaq dəyərlərin əsasını təşkil edir. Bu prinsipləri yüksək səviyyədə həyata keçirə bilsək, həm türk respublikaları arasında ikitərəfli məsələlərin həllinə, həm də regional əməkdaşlıqda müsbət irəliləyişlərə nail ola biləcəyimizə inanıram. Bu məqsədlə ölkələrimizdə bütün bu işlərə çox böyük səy göstərən qüdrətli prezidentlər olmuşdur. Onların xatirəsini rəhmətlə anıram. 1992-ci ildə bu işlərin başlamasında mühüm əməyi olan Türkiyə Prezidenti Turqut Özalın, bu məsələyə xüsusi dəstək verən hörmətli Heydər Əliyevin, hörmətli Türkmənbaşının və digər türk respublikalarının həyatdan getmiş dövlət başçılarının, bu məsələlərdə əmək sərf etmiş, səy göstərmiş hər kəsin xatirəsini rəhmətlə anıram. Həyatda olanlara da çox təşəkkür edirəm, onlara da təbii ki, sonsuz minnətdarlıq duyğularımız vardır.

Bizlərə bu imkanı verdiyi üçün dəyərli dostumuz, hörmətli Prezident İlham Əliyevə bir daha təşəkkür edirəm və bu xeyirli hərəkətin bütün türk dünyasına, bütün dünya türklərinə də xeyirli olmasını diləyirəm.

 

X X X

Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır SAPARLIYEV Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü münasibətilə Türkmənistan Prezidentinin salamlarını çatdırdı. O, bu görüşün türkdilli xalqların yeni tarixində mühüm yer tutacağını qeyd etdi.

Xalqlarımızın bir çox amillərlə sıx bağlı olduğunu bildirən Xıdır Saparlıyev, bu gün türkdilli ölkələrin beynəlxalq siyasətdə mühüm yer tutduğunu, iqtisadiyyat və mədəniyyət sahəsində əməkdaşlıq etdiklərini söyləyərək dedi:

- Dövlət başçılarının yüksək səviyyədə görüşləri, eyni zamanda, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyaların görüşü, yüzlərlə imzalanmış sənədlər bizim faydalı əməkdaşlığın qurulmasında, artıq mövcud olan qardaşlıq və dostluq münasibətlərinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir.

Türkdilli ölkələrin dövlət başçılarının dostluq və mehribanlıq şəraitində keçən bu görüşü türkdilli xalqların sıx münasibətlərinin gələcək inkişafına da töhfə verəcəkdir.

Biz eyni köklərə malikik, bizim eyni taleyimiz vardır. Biz fərəh hissi ilə qeyd edirik ki, əsrlər boyu formalaşmış dostluq və qardaşlıq ənənələrini bu gün də qoruyub saxlayırıq. Bu qardaşlıq münasibətlərini bundan sonra da daim saxlayacağıq.

Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi minnətdarlığımızı bildiririk ki, Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünü çox yüksək səviyyədə təşkil etmişdir.

Əminik ki, bu görüş türkdilli xalqların əməkdaşlığının dərinləşməsinə, humanitar və mədəniyyət sahələrində əlaqələrin genişlənməsinə imkan yaradacaqdır.

 

X X X

Prezident İlham ƏLİYEV zirvə görüşünə yekun vuraraq dedi:

- Əziz dostlar, əziz qardaşlar!

Sizin dəyərli çıxışlarınız çox böyük maraq doğurur. Dünən və bu gün səslənən fikirlər, aparılmış fikir mübadiləsi, şübhəsiz türkdilli ölkələrin gələcək fəaliyyəti üçün başlıca istiqamətdir. Mən əminəm ki, növbəti aylarda, illərdə bizim əməkdaşlığımız bütün sahələrdə daha da dərinləşəcəkdir. Bu gün qəbul ediləcək qərarlar uğurla icra ediləcəkdir. Bu gün iki vacib sənəd imzalanacaqdır. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılacaq və Naxçıvan bəyannaməsi qəbul ediləcəkdir. Bu sənədlər gələcək fəaliyyətimiz üçün əsas gündəliyi təşkil edəcəkdir.

Mənim dəvətimi qəbul edib Naxçıvana gəldiyinizə görə Sizə bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Naxçıvanın türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri bizim böyük dəyərimizdir, böyük sərvətimizdir. O da həqiqətdir ki, Azərbaycanın müstəqilliyinin formalaşması, müstəqilliyinin bünövrəsinin qoyulması da məhz Naxçıvanda həyata keçirilmişdir. O vaxt, hələ Sovet İttifaqının zamanında Heydər Əliyevin fəaliyyəti nəticəsində Naxçıvanda, burada görülən işlər bütövlükdə Azərbaycanın müstəqilliyi üçün çox böyük əhəmiyyət daşıyırdı. Azərbaycanın üç rəngli milli bayrağı böyük fasilədən sonra hələ Sovet İttifaqı zamanında ilk dəfə olaraq məhz Naxçıvanda ucaldılmışdır. Ondan sonrakı illərdə Azərbaycanın müstəqil ölkə kimi formalaşmasında ulu öndər Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bu gün Azərbaycan müstəqil ölkə kimi yaşayır, güclənir, qarşıda duran bütün vəzifələri uğurla icra edir.

Naxçıvan, eyni zamanda, Azərbaycanın yeganə bölgəsidir ki, Türkiyə ilə həmsərhəddir. Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır. Ancaq biz bu gün qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndiririk.

Düzdür, coğrafi baxımdan bu gün bizim aramızda Azərbaycanın indi Ermənistanın tərkibində olan qədim diyarı - Zəngəzur bölgəsi yerləşir. Ancaq mənəvi baxımdan, siyasi baxımdan və iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində türk dünyasının birləşməsi və bir qüvvə kimi fəaliyyət göstərməsi bu gün reallıqdır, həqiqətdir. Bu həqiqəti biz yaradırıq və bizdən asılıdır ki, bu birlik davam etsin, güclənsin və bizim xalqlarımıza yeni imkanlar yaratsın.

Türkiyədən başqa, bütün digər türkdilli ölkələr müstəqil ölkələr kimi gəncdir, müstəqilliyimizin gənclik illərini yaşayırıq. Bu müstəqilliyin formalaşması, güclənməsi hər bir ölkə üçün böyük çətinliklərlə müşayiət olunurdu. Bu çətinlikləri aşmaq, bu çətinlikləri aradan qaldırmaq böyük səylər, böyük siyasi iradə, dünyagörüşü və cəsarət tələb edirdi. Bu gün biz böyük qürur hissi ilə deyə bilərik ki, bütün türkdilli ölkələrdə vəziyyət çox müsbətdir, siyasi vəziyyət sabitdir, iqtisadi böhran bizə o qədər də çox böyük təsir göstərməmişdir. Gənc müstəqil ölkələr öz müstəqilliyini təsdiq etdilər. Təsdiq etdilər ki, onlar öz taleyinin sahibləridir, müstəqil ölkələr kimi yaşaya və uğurla inkişaf edə bilərlər. Bu gün bu gözəl formatda bizim əməkdaşlığımızın çox yaxşı perspektivləri vardır. Bir daha demək istəyirəm ki, bu gün imzalanacaq sənədlər gələcək fəaliyyətimiz üçün praktiki əhəmiyyət daşıyır. Bizim səmərəli işimiz gələcəkdə bizi daha da birləşdirəcək, beynəlxalq mövqelərimizi daha da gücləndirəcək və ölkələr qarşısında duran bütün problemlərin uğurlu həlli üçün də yaxşı imkanlar yaradacaqdır. Bu gün biz bu barədə geniş danışdıq, dünən ikitərəfli formatda və birlikdə bu məsələləri müzakirə etdik. Bir daha görürük ki, çox böyük potensial, böyük imkanlar və güclü siyasi iradə vardır.

Beləliklə bizim toplantımız başa çatır. Növbəti zirvə görüşünün təşkili ilə bağlı əziz dostum Qırğızıstan Prezidenti Kurmanbek Saliyeviç Bakiyev təşəbbüs göstərmişdir ki, növbəti zirvə görüşü gələn ilin avqustunda Qırğızıstanda keçirilsin. Biz də böyük minnətdarlıqla və məmnuniyyət hissi ilə bu təşəbbüsü dəstəkləyirik. Çox vacibdir ki, zirvə görüşləri mütəmadi qaydada keçirilsin. Əminəm ki, hər bir görüş yeni imkanların açılmasına gətirib çıxaracaqdır.

Beləliklə, bizim görüşümüz başa çatır. İndi isə, sənədlərin imzalanma mərasiminə başlayırıq.

 

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev və Türkiyə Prezidenti Abdullah Gül Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişini imzaladılar.

Daha sonra prezidentlər Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün yekunu olaraq Naxçıvan bəyannaməsini imzaladılar.

Bununla da, Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü başa çatmışdır.

AZƏRTAC

3 oktyabr 2009-cu il