“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 fevral 2025-ci il
№ 329
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti (bundan sonra ayrı-ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlandınlacaq),
mövcud turizm əlaqələrini gücləndirmək, eləcə də bərabərlik və qarşılıqlı hörmət əsasında turizm əməkdaşlığını daha da təşviq etmək arzusu ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər turizm sahəsində əməkdaşlığı gücləndirirlər, eləcə də dövlətlərinin müvafiq milli qanunvericiliyinə uyğun olaraq bu Saziş çərçivəsində fəaliyyətləri icra edirlər.
Maddə 2
Bu Sazişin həyata keçirilməsi ilə əlaqədar səlahiyyətli qurumlar aşağıdakılardır: Azərbaycan Respublikası Hökuməti adından - Dövlət Turizm Agentliyi.
Türkiyə Respublikası Hökuməti adından - Mədəniyyət və Turizm Nazirliyi.
Məsul qurumlarda hər hansı bir dəyişiklik edildiyi halda Tərəflər bir-birlərini diplomatik kanallar vasitəsilə yazılı şəkildə məlumatlandırırlar.
Maddə 3
Tərəflər qarşılıqlı maraq doğuran aşağıdakı sahələr üzrə əməkdaşlıq edirlər:
a) özlərinin qonaqpərvərliklərinin büdcə imkanları və planlaşdırmaları çərçivəsində ölkələrini tanıtmaq və turizm tələbini artırmaq məqsədilə mətbuat nümayəndələrinə, turoperatorlara və aviaşirkətlərin nümayəndələrinə qarşılıqlı ev sahibliyinin edilməsinin asanlaşdırılması və təşviq edilməsi;
b) turizm sektorunda əməkdaşlıq üçün ehtiyatlar, səyahət məhsulları və xidmətlər üzrə tədqiqatların aparılması;
c) qarşılıqlı təbliğat xarakterli görüşlərin, seminarların, tanışlıq və media səfərlərinin təşkilinin təşviq edilməsi;
d) birgə səyahət marşrutunun inkişaf etdirilməsi;
e) turistlərin sayını artırmaq üçün turizm təşviqinin və marketinq tədbirlərinin həyata keçirilməsi;
f) turizm dəyəri olan təbii sərvətlərin və mədəni irsin mühafizəsi və qorunması ilə bağlı daxili qanunvericiliyə dair məlumat mübadiləsi;
g) qastronomik turizm üzrə əməkdaşlığın təşviqi.
Maddə 4
Tərəflər iki ölkə arasında qarşılıqlı turizm axınının artırılmasına töhfə vermək üçün turizm sahəsində ekspert təcrübəsinin mübadiləsini və tətbiqini təşviq edirlər və asanlaşdırırlar.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində turizm sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək və bir-birlərini dəstəkləmək üçün səy göstərirlər.
Maddə 5
Tərəflər turizm investisiyaları və müəssisələri sahəsində aşağıdakı mövzular üzrə bilik və təcrübələrini bölüşürlər:
a) turizm sahəsində fəaliyyət göstərən dövlətə məxsus hüquqi şəxslərin, daşınmaz dövlət əmlakının və turizm sektorunda fəaliyyət göstərən obyektlərin investorların idarəçiliyinə verilməsi imkanları, habelə Tərəflərin dövlətlərinin bu sahədə mövcud qanunvericiliyi;
b) turizm regionlarında infrastruktur investisiyaları;
c) turizm obyektlərinin təftişi, təsnifatı və sertifikatlaşdırılması ilə bağlı proseduralar;
d) səyahət agentlikləri ilə bağlı aparılan əməliyyatlar;
e) turizm statistikaları sahəsində həyata keçirilən tətbiqlər və təcrübələr.
Maddə 6
Tərəflər turizm peşə təhsili sahəsində əməkdaşlığı inkişaf etdirir, turizm sahəsində ikili diplom proqramlarını dəstəkləyir, təhsil turizmi proqramları üzrə məlumat mübadiləsinə töhfə verir və müvafiq milli orqanlar vasitəsilə turizm müəssisələrinin idarə edilməsi üzrə mütəxəssislərin hazırlanması üçün təqaüdlərin verilməsi imkanlarını araşdırırlar.
Maddə 7
Bu Saziş Tərəflərin tərəf olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə xələl gətirmir.
Maddə 8
Bu Sazişin tətbiqi və ya təfsiri ilə bağlı yaranan hər hansı fikir ayrılığı Tərəflər arasında diplomatik kanallar vasitəsilə qarşılıqlı məsləhətləşmələr və danışıqlar yolu ilə dostcasına həll edilir.
Maddə 9
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə istənilən əlavələr və düzəlişlər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi olan və bu Sazişin 11-d maddəsinin şərtlərinə uyğun olaraq qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilir.
Maddə 10
Bu Sazişdə nəzərdə tutulan fəaliyyətlər, Tərəflərin dövlətlərinin qanunvericiliyinə və qəbul edən Tərəfin müəyyən etdiyi maliyyə hədlərinə uyğun olaraq əldə ediləcək razılaşma çərçivəsində, fəaliyyətin başlamasından əvvəl Tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilir.
Maddə 11
Bu Saziş Tərəflərin bu Sazişin qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurların yerinə yetirildiyini təsdiq edən sonuncu yazılı bildirişi diplomatik kanallar vasitəsilə aldığı tarixdən qüvvəyə minir.
Bu Saziş beş (5) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən az 6 (altı) ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə məlumat vermədiyi təqdirdə, avtomatik olaraq növbəti beş (5) illik müddətə uzadılır.
Bu Sazişin ləğvi, Tərəflər tərəfindən başqa cür razılaşdırılmadıqda, davam edən tədbirlərə, layihələrə və fəaliyyətlərə onlar başa çatana qədər təsir göstərmir.
Bu Saziş qüvvəyə mindiyi tarixdən etibarən, 1992-ci il 2 noyabr tarixində Ankara şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş qüvvədən düşür.
Bu Saziş Bakı şəhərində 2024-cü il 15 noyabr tarixində, iki əsl nüsxədə olmaqla, hər biri Azərbaycan, türk və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fərqlilik yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikasının | Türkiyə Respublikasının |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |