Bundan sonra "Tərəflər" adlanacaq Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası və Türkiyə Respublikasının hökumətləri,

Beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarını əsas tutaraq,

3 oktyabr 2009-cu il tarixli Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin 11-ci maddəsinin müddəalarının həyata keçirilməsi məqsədilə,

27 dekabr 2011-ci ildə imzalanmış Türkiyə Respublikası Hökuməti və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyi arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin Yerləşmə Ölkəsi haqqında Sazişə hörmət edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Anlayışlar

 

"Türk Şurası" Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası deməkdir;

"Katiblik" Türk Şurasının Katibliyi deməkdir;

"Büdcə" Katibliyin vəzifə və funksiyalarının maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş vəsaitlərin formalaşdırılması və istifadəsi deməkdir;

"Maliyyə ili" təqvim ilinin yanvar ayının 1-dən başlayan və dekabrın 31-də başa çatan vaxt müddəti deməkdir;

"ödənişlər" cari maliyyə ilində Katibliyin fəaliyyəti ilə bağlı xərclərin ödənməsi məqsədilə Tərəflər üçün müəyyən edilmiş məbləğlər deməkdir;

"XİNŞ" Türk Şurasının Xarici İşlər Nazirləri Şurası deməkdir;

"AŞ" Türk Şurasının Ağsaqqallar Şurası deməkdir;

"YVŞK" Türk Şurasının Yüksək Vəzifəli Şəxslər Komitəsi deməkdir;

"Yerləşmə ölkəsi" Katibliyin baş qərargahının yerləşdiyi Türk Şurasının üzv dövləti deməkdir;

"Xarici audit" Katibliyin maliyyə və iqtisadi fəaliyyətinin XİNŞ tərəfindən təyin olunan müstəqil auditor/auditorlar tərəfindən həyata keçirilən yoxlaması deməkdir;

"Gəlirlər" Katibliyin büdcəyə müəyyən edilmiş ödəniş formasında aldığı vəsaitlər deməkdir;

"Digər gəlirlər" müəyyən edilmiş ödənişlər istisna olmaqla, daxil olan bütün vəsaitlər, nağd olaraq edilən ianələr, eyni zamanda cari maliyyə ilində xərclərin birbaşa əvəzinin ödənməsi məqsədilə daxil olan vəsaitlər deməkdir;

"Xərclər" Katibliyin vəzifə və funksiyalarını maliyyələşdirmək məqsədilə büdcədən ayırdığı vəsaitlər deməkdir;

"Dövriyyə kapital ehtiyatı" məcburi ödənişlərin tam edilməsinə qədər Katibliyin xərcləri üçün istifadə olunan büdcənin bir hissəsidir.

Maddə 2

Ümumi müddəalar

Bu Saziş AŞ-ın xərclərinin daxil olduğu Katiblik büdcəsinin maliyyələşmə mənbələrini, formalaşma qaydasını və icrasını müəyyən edir və onların fəaliyyətlərinin əsas maliyyə aspektlərini tənzimləyir.

Maddə 3

Büdcə

1. Katibliyin büdcəsi AŞ-ın xərcləri daxil olmaqla maliyyə ilinin pul və/və ya digər formalarda bütün gəlir və xərclərini əhatə edir.

2. Katibliyin büdcəsi YVŞK tərəfindən bəyənildikdən sonra XİNŞ tərəfindən təsdiq olunur.

3. Gəlirlərə daxildir:

a) Əsas gəlir qismində üzv dövlətlər tərəfindən edilən məcburi ödənişlər:

i) Ödənişlərin bölgüsü aşağıdakı kimi müəyyənləşdirilmişdir:

Azərbaycan Respublikası - 2/15

Qazaxıstan Respublikası - 4/15

Qırğız Respublikası -1/15

Türkiyə Respublikası - 8/15

ii) Buna baxmayaraq, üzvlərin iqtisadi imkanlarında dəyişikliklər və/və ya təşkilatın genişlənməsi ilə əlaqədar ehtiyac yaranarsa, XİNŞ YVŞK vasitəsilə bu bölgünü dəyişdirmək səlahiyyətinə malikdir. Bu dəyişikliklər növbəti ilin büdcəsi üçün qüvvədə olacaq və ödənişlər də buna uyğun olaraq aparılacaqdır;

iii) Əgər yeni ödənişlərin bölgüsü üzrə konsensus olmazsa, bu maddədə göstərilmiş bölgü öz qüvvəsini saxlayacaqdır;

iv) Bu Saziş ratifikasiya olunanadək könüllü ödənişlər cari bölgüyə uyğun həyata keçiriləcəkdir,

b) Tərəflərin Katibliyin büdcəsinə ödədiyi qeyri-məhdud həcmdə könüllü ödənişlər;

c) Tərəflərin razılığı ilə Türk Şurasının müşahidəçi dövlətləri, digər dövlətlər, Türk Şurasının müşahidəçi təşkilatları, digər beynəlxalq təşkilatlar və forumlar, hüquqi və fiziki şəxslərdən qəbul edilə bilən pul və/və ya digər formalarda könüllü ödənişlər;

d) Katibliyin məqsəd və vəzifələrinə zidd olmadığı təqdirdə digər gəlirlər.

4. Xərclərə daxildir:

a) Baş katibin məvacibi, o cümlədən:

4.a.1. tibbi sığorta, 4.a.2. öhdəsində olan şəxslərə görə müavinət, 4.a.3. övladlara görə müavinət, 4.a.4. təhsil qrantı, 4.a.5. yerləşmə müavinəti, 4.a.6. rotasiya xərcləri, 4.a.7. ev məzuniyyəti, 4.a.8. təmsilçilik müavinəti, 4.a.9. sosial müdafiə ödənişləri.

b) Baş katibin müavinlərinin məvacibləri, o cümlədən:

4.b.1. tibbi sığorta, 4.b.2. öhdəsində olan şəxslərə görə müavinət, 4.b.3. övladlara görə müavinət, 4.b.4. təhsil qrantı, 4.b.5. rotasiya xərcləri, 4.b.6. ev məzuniyyəti (ildə bir dəfə), 4.b.7. təmsilçilik müavinəti, 4.b.8. sosial müdafiə ödənişləri.

c) Katiblik heyətinin məvacibləri, o cümlədən:

4.c.1. tibbi sığorta, 4.c.2. öhdəsində olan şəxslərə görə müavinət, 4.c.3. övladlara görə müavinət, 4.c.4. təhsil qrantı, 4.c.5. rotasiya xərcləri, 4.c.6. ev məzuniyyəti (ildə bir dəfə), 4.c.7. sosial müdafiə ödənişləri, 4.c.8. dil kursları üçün müavinət (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin Heyəti haqqında Əsasnaməyə uyğun olaraq G kateqoriyasına aid heyət üçün).

d) Heyət üzvlərinin vəzifə müddətlərinin bitməsi ilə bağlı ödənİlən müavinətlər;

e) Əməkdaşların xidmət müqavilələrinin ləğv olunması halında ödənilən müavinətlər,

f) Gündəlik, nəqliyyat və mehmanxana xərcləri daxil olmaqla Baş katib, Baş katibin müavinləri, Katibliyin əməkdaşları və AŞ-ın üzvlərinin ezamiyyət xərcləri;

g) Katiblik üçün mal və xidmətlərin alınması;

h) Katibliyin fəaliyyətini təmin etmək üçün ofis mebeli və avadanlıqlar, motorlu nəqliyyat vasitələri və digər lazımi vasitələrin alınması;

j) Katibliyin gündəlik fəaliyyətini təmin etmək üçün aşağıdakı xərclər də daxil olmaqla, digər xərclər:

· Binaların, ofis mebelinin, avadanlığın, avtomobillərin və digər vasitələrin saxlanılması və təmiri

· İşçi heyət üçün təlim

· Namizəd xərcləri

· Layihə xərcləri

· Protokol xərcləri

  • Konsaltinq

5. Maliyyə ili üçün heyətin dərəcə və əmək haqlarına uyğun xərclərini əks etdirən Katibliyin ştat cədvəli Katiblik tərəfindən hazırlanır və YVŞK tərəfindən bəyənildikdən sonra XİNŞ tərəfindən təsdiqlənir.

Maddə 4

Büdcənin idarə olunması

1. Büdcə Katiblik tərəfindən idarə olunur.

2. Hər bir Tərəfin məcburi ödənişlərinin dəqiq həcmi büdcədə göstərilir.

3. Büdcəyə edilən illik ödənişlər ABŞ dolları ilə hesablanır və ödənilir.

4. Katiblik hesablanmış ödənişlərin büdcəyə tam olaraq köçürülüb-köçürülməməsi barədə XİNŞ-in iclasları zamanı məlumat verir.

5. Ödənişlər maliyyə ilinin ilk üç ayı ərzində ödənilir. Bu milli qanunvericilik səbəbindən mümkün olmadığı hallarda, ödənişlər hər üç ayın birinci günündən etibarən dörd dəfə edilə bilər.

Maddə 5

Xərclər smetası

1. Katibliyin büdcəsi xərclər smetasına - maliyyə ili üzrə xərcləri əhatə edən sənədə uyğun olaraq icra edilir.

2. Katiblik özünün büdcə layihəsini hazırlayır və onu hər bir maddə üzrə hesablama və əsaslandırmalarla birgə növbəti maliyyə ilindən əvvəlki ilin birinci yarısı Tərəflərə göndərir.

3. Yerli valyutada olan xərclərə münasibətdə büdcə layihəsi üçün mübadilə məzənnələri yerləşmə ölkəsinin mərkəzi bankı tərəfindən əvvəlki ilin orta hesablı mübadilə məzənnələrinə əsaslanır.

4. Təsdiq edilmiş büdcə çərçivəsində əmək haqları maddəsi istisna olmaqla, bir maddədən digərinə keçirmə Katiblik tərəfindən Tərəflərə əvvəlcədən məlumat verməklə edilə bilər.

5. Katibliyin cari maliyyə ilinin sonuna qədər nəzərdə tutulan məqsədi üçün istifadə olunmayan büdcə vəsaitlərinin qalığı növbəti maliyyə ilinin büdcə gəlirlərinə köçürülür. Hər bir üzv dövlətin payına düşən ödənişin miqdarı müvafiq olaraq hesablanır və onlara ödənişin dəqiq miqdarı barədə məlumat verilir.

6. Əvvəlki ildə uzun müddətli istifadə üçün nəzərdə tutulan avadanlıq və ləvazimat alınmasının tamamlanmaması səbəbindən 1 yanvar tarixinə olan qalıq büdcə vəsaiti açıq qalan sifarişlərin ödənilməsi üçün istifadə olunur.

Maddə 6

Vəsaitlərin saxlanması

1. Baş katib Katibliyin vəsaitlərinin saxlanacağı bank hesabını/hesablarını müəyyən edir.

2. Katibliyin hesabları ABŞ dolları və yerləşmə ölkəsinin yerli valyutası ilə saxlanılır. Əvvəlki ilin xərclərinin mübadilə məzənnəsinin hesablanması yerləşmə ölkəsinin mərkəzi bankının üç aylıq orta hesablı mübadilə məzənnəsinə əsaslanır.

Maddə 7

Hesabat

1. Baş katib Katibliyin maliyyə vəsaitlərinin idarəçiliyi üzrə nəzarəti həyata keçirir və YVŞK vasitəsilə XİNŞ-ə hesabat verir.

2. Baş katib hər maliyyə ili üçün illik hesabları/hesabatları növbəti ilin 31 mart tarixindən gec olmayaraq YVŞK vasitəsilə XİNŞ-ə təqdim edir.

3. Hər maliyyə ilinin sonunda artıq qalan nağd pul və ya kəsir gəlirin xərcə və ya xərcin gəlirə nisbətən artıq hissəsinin hesablanması ilə müəyyən oluna bilər. Katibliyin büdcəsində nağd pul kəsiri olduğu təqdirdə, Baş katib YVŞK vasitəsilə XİNŞ-i məlumatlandırır və görülməsi zəruri olan maliyyə tədbirləri barədə təkliflər verir.

Maddə 8

Audit

1. Katibliyin maliyyə fəaliyyəti üçün xarici audit YVŞK vasitəsilə XİNŞ-in səlahiyyətləndirdiyi müstəqil auditor/auditorlar tərəfindən ildə azı bir dəfə olmaqla həyata keçirilir. Baş katib səlahiyyətləndirilmiş quruma xarici auditin həyata keçirilməsi üçün zəruri sənədləri təqdim edir.

2. Xarici audit həyata keçirildikdən sonra audit hesabatı Baş katib tərəfindən bütün Tərəflərə göndərilir.

Maddə 9

Dövriyyə kapital ehtiyatı

1. Dövriyyə kapital ehtiyatı büdcənin bir hissəsidir və ancaq illik məcburi ödənişlər edilənə qədər açıq qalan ödənişləri maliyyələşdirmək məqsədilə istifadə olunur.

2. Dövriyyə kapital ehtiyatının həcmi illik büdcənin 3/12-dən az olmayaraq müəyyən olunur. Açıq qalan illik məcburi ödənişlərin daxil olmasından sonra xərclənmiş məbləğ dövriyyə kapital ehtiyatına qaytarılır.

Maddə 10

Yekun müddəalar

1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə depozitari tərəfindən alındığı tarixdən sonrakı otuzuncu gün qüvvəyə minir.

Bu Saziş onun qüvvəyə minməsindən sonra Türk Şurasının yeni üzv dövlətlərinin qoşulması üçün açıqdır.

Qoşulan dövlət üçün bu Saziş qoşulma sənədinin depozitari tərəfindən alındığı tarixdən sonrakı otuzuncu gün qüvvəyə minir.

2. Bu Sazişin Depozitarisi Türkiyə Respublikasıdır. Depozitari Sazişin qüvvəyə minmə tarixi, eləcə də ratifikasiya, qəbul, təsdiq və ya qoşulma sənədlərinin alınması barədə Tərəflərə diplomatik kanallar vasitəsilə yazılı məlumat verir.

3. Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı hər hansı fikir ayrılığı yarandığı təqdirdə, Tərəflər onları məsləhətləşmələr və danışıqlar yolu ilə həll edirlər.

4. Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə Sazişin ayrılmaz tərkib hissəsi olan və bu maddənin 1-ci bəndində təsbit olunan prosedura uyğun olaraq qüvvəyə minən ayrıca protokollarla əlavə və dəyişikliklər edilə bilər.

5. Hər bir Tərəf istənilən zaman Depozitariyə yazılı bildiriş təqdim edərək bu Sazişdən çıxa bilər. Saziş Depozitarinin belə yazılı bildirişi aldığı tarixdən 6 ay sonra həmin Tərəfə münasibətdə qüvvəsini dayandırır.

23 avqust 2012-ci ildə Bişkek şəhərində, bir əsl nüsxədə Azərbaycan, qazax, qırğız, türk və ingilis dillərində imzalanmışdır. Bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir. Fikir ayrılığı olduğu təqdirdə, ingilis dilində olan mətnə müraciət olunacaqdır.

Bu Sazişin əsl nüsxəsi Depozitaridə saxlanılacaqdır və Depozitari hər imzaçı Tərəfə Sazişin təsdiqlənmiş nüsxəsini göndərəcəkdir.

Azərbaycan Respublikası Hökuməti adından

(imza)

 

Qazaxıstan Respublikası Hökuməti adından

(imza)

 

Qırğız Respublikası Hökuməti adından

(imza)

 

Türkiyə Respublikası Hökuməti adından

(imza)