“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanmış “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi” təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2025-ci il
№ 156-VIIQ
TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATINA ÜZV DÖVLƏTLƏRİN HÖKUMƏTLƏRİ ARASINDA RƏQƏMSAL İQTİSADİYYAT ÜZRƏ TƏRƏFDAŞLIQ
SAZİŞİ
Azərbaycan Respublikası Hökuməti, Qazaxıstan Respublikası Hökuməti, Qırğız Respublikasının Nazirlər Kabineti, Türkiyə Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti (bundan sonra hər biri ayrı-ayrılıqda “Tərəf” və ya birlikdə “Tərəflər” adlandırılacaq);
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” 2009-cu ilin 3 oktyabr tarixində imzalanmış Naxçıvan Sazişinə əsasən;
Köklü dostluq və qardaşlıq ruhu ilə;
“Türk Dünyasına Baxış-2040” və “Türk Dövlətləri Təşkilatının 2022-2026-cı illər üçün Strategiyası”nda müəyyən edilmiş prioritetləri xatırladaraq;
Rəqəmsal iqtisadiyyatla əlaqədar məsələlərdə tərəfdaşlıq əməkdaşlığını inkişaf etdirmək öhdəliyini təsdiq edərək;
Rəqəmsal iqtisadiyyatın, o cümlədən elektron ticarətin verdiyi iqtisadi imkanlardan və mal və xidmətlərə daha geniş imkanlardan faydalanmağı arzulayaraq;
Bütün üzv dövlətlərin tərəf olduğu beynəlxalq müqavilələr üzrə Tərəflərin öhdəliklərini tanıyaraq;
İnklüziv iqtisadi artımın, eləcə də qadınların, gənclərin, həssas təbəqələrin və əlillərin beynəlxalq ticarətdə səlahiyyətlərinin təşviqində rəqəmsal iqtisadiyyatın vacibliyini qeyd edərək;
Kritik informasiya infrastrukturun qorunması, habelə istehlakçılar və biznes üçün təhlükəsiz və etibarlı rəqəmsal platformaların təmin edilməsində ortaq marağı dərk edərək;
Texnoloji tərəqqinin mövcud biznesin təkmilləşdirilməsinə, habelə yeni məhsul və bazarların yaradılmasına müsbət təsirlərini nəzərə alaraq;
Mal və xidmətlərin transsərhəd ticarətinə imkan verən rəqəmsal sistemlər arasında qarşılıqlı fəaliyyətin asanlaşdırılmasında birgə standartların müəyyən edilməsinin rolunu diqqətə alaraq;
İctimai rifahı və qanuni dövlət siyasətinin məqsədlərini qorumaq üçün tənzimləmə hüququnu tanıyaraq;
Aşağıdakılar barədə razılığa gəldilər:
BİRİNCİ BÖLMƏ
ÜMUMİ MÜDDƏALAR
Maddə 1
Əhatə dairəsi
Bu Saziş elektron vasitələrlə mal və xidmətin ticarətinə (bundan sonra - “elektron ticarət”) və rəqəmsal iqtisadiyyatın bir-biri ilə əlaqəli hissələrində əməkdaşlığa təsir edən Tərəflərin qəbul etdiyi və davam etdirdiyi tədbirlərə şamil edilir.
Maddə 2
Məqsədlər
Bu Sazişin məqsədləri aşağıdakılardır:
a) elektron ticarət vasitəsilə Tərəflər arasında ticarət əlaqələrini gücləndirmək;
b) Tərəflərin əraziləri daxilində və Tərəflər arasında rəqəmsal iqtisadiyyatın dayanıqlı, inklüziv və sabit inkişafını təşviq etmək;
c) Tərəflər arasında iqtisadi fəallığın artımını dəstəkləmək;
d) rəqəmsal iqtisadiyyata aid məsələlər üzrə Tərəflər arasında əməkdaşlığın əhatə dairəsini genişləndirmək;
e) Tərəflərin biznes subyektləri arasında (“business-to-business” - B2B) daha geniş əlaqələrini asanlaşdırmaq;
f) kiçik və orta biznes subyektlərinin (KOB-lar) rəqəmsal iqtisadiyyatda iştirakını təşviq etmək;
g) istehlakçıların rəqəmsal iqtisadiyyata inamını artırmaq.
Maddə 3
Anlayışlar
Bu Sazişin məqsədləri üçün:
Elektron ticarət - elektron vasitələrlə, o cümlədən internetdən istifadə etməklə malların və xidmətlərin paylanılması, marketinqi, satışı və ya çatdırılmasıdır;
İstehlakçı - hər bir Tərəf dövlətin milli qanunvericiliyində müəyyən edilmiş istehlakçıdır;
Elektron qaimə-faktura - Tərəf dövlətlərin müvafiq milli qanunvericiliyində müəyyən edilmiş strukturlaşdırılmış elektron formatda yaradılmış, ötürülmüş və qəbul edilmiş və onun avtomatik və elektron şəkildə işlənməsinə imkan verən qaimə-fakturadır;
Elektron qaimə-faktura və ya e-qaimə-faktura emalı - elektron qaimə-fakturanın avtomatik və elektron şəkildə emal edilməsidir;
Elektron ödənişlər - elektron ticarət əməliyyatları üzrə pul öhdəliklərinin yerinə yetirilməsi üçün elektron vasitələrlə pul köçürmələridir;
FinTech - maliyyə xidmətlərini dəstəkləmək, təkmilləşdirmək, avtomatlaşdırmaq və ya aktivləşdirmək üçün istifadə olunan kompüter proqramları və digər texnologiyalardır;
Fərdi məlumatlar - müəyyən edilmiş və ya müəyyən edilə bilən fiziki şəxsə aid hər hansı məlumatdır;
Vahid pəncərə - ticarət əməliyyatında iştirak edən şəxslərə idxal, ixrac və tranzit tənzimləmə tələblərini yerinə yetirmək üçün bir giriş nöqtəsi olan, məlumat və sənədləri elektron şəkildə təqdim etməyə imkan verən alətdir;
Ticarətlə bağlı inzibati sənədlər – malların idxalı və ya ixracı ilə əlaqədar idxalçı və ya ixracatçı tərəfindən və ya onun üçün doldurulmalı olan, Tərəfin verdiyi və ya nəzarət etdiyi blanklardır;
istənməyən kommersiya elektron məlumatı - alıcının razılığı olmadan və ya alıcı tərəfindən açıq şəkildə rədd edilməsinə baxmayaraq, kommersiya və ya marketinq məqsədləri üçün bir İnternetə çıxış xidməti təchizatçısının və ya Tərəf dövlətin milli qanunvericiliyində nəzərdə tutulmuş həddə digər telekommunikasiya xidməti vasitəsilə elektron ünvana göndərilən elektron məlumatdır;
UNCITRAL - Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasıdır.
Maddə 4
Ödənişlər və köçürmələr
1. Hər bir Tərəf milli qanunvericiliyə uyğun olaraq bazara girişin verildiyi elektron ticarətə aid olan bütün köçürmələrin və ödənişlərin öz dövlətinin ərazisinə və hüdudlarından kənara sərbəst və təxirə salınmadan həyata keçirilməsinə icazə verir.
2. Hər bir Tərəf bu maddənin 1-ci hissəsində qeyd olunan köçürmələrin və ödənişlərin köçürmə zamanı mövcud olan bazar məzənnəsi ilə sərbəst dönərli valyutada həyata keçirilməsinə icazə verir.
3. Bu maddənin heç bir müddəası Tərəflərdən müvafiq milli qanunvericiliyə və Tərəf dövlətlərin tərəf olduqları beynəlxalq müqavilələrə uyğun olaraq vergi və gömrük rüsumları üzrə öhdəliklərinə əməl olunmasını Tərəflər tərəfindən tələb etməyə mane olmur.
4. Bu maddənin 1-ci və 2-ci hissələrinə baxmayaraq, Tərəf öz dövlətinin milli qanunvericiliyinin ədalətli, ayrı-seçkiliyə yol vermədən və vicdanlı tətbiqi yolu ilə köçürmə və ya ödənişin qarşısını aşağıdakı hallarda ala və ya gecikdirə bilər:
a) iflas, müflisləşmə və ya kreditorların hüquqlarının müdafiəsi;
b) qiymətli kağızların, fyuçerslərin, opsionların və ya digər törəmə alətlərinin emissiyası, ticarət və ya alqı-satqısı;
c) hüquq mühafizə və ya maliyyə tənzimləyici orqanlara kömək etmək üçün zəruri hallarda maliyyə hesabatlarının verilməsi və ya köçürmələrin uçotunun aparılması;
d) cinayət əməlləri;
e) məhkəmə və ya inzibati icraat zamanı əmr və ya qərarların icrasının təmin edilməsi;
f) Tərəf dövlətlərin tərəf olduğu beynəlxalq müqavilələrə və bank risklərinin idarə edilməsi və daxili nəzarət sistemlərinə riayət etmək məqsədilə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması.
Maddə 5
Tədiyə balansını qorumaq üçün məhdudiyyətlər
1. Ciddi tədiyə balansı və xarici maliyyə çətinlikləri və ya onların təhlükəsi olduqda, Tərəf ödənişlər və ya köçürmələr üzrə məhdudiyyətlər qəbul edə və ya onları davam etdirə bilər. İqtisadi inkişaf prosesində Tərəflərdən birinin tədiyə balansına xüsusi təzyiqlər, o cümlədən onun iqtisadi inkişaf proqramının həyata keçirilməsi üçün adekvat maliyyə ehtiyatlarının səviyyəsinin saxlanmasını təmin etmək üçün, inter alia, məhdudiyyətlərdən istifadəni tələb edə bilər.
2. Bu maddənin 1-ci hissəsində göstərilən məhdudiyyətlər:
a) “Beynəlxalq Valyuta Fondu haqqında Saziş”in maddələrinə uyğun olmalı;
b) digər Tərəfin kommersiya, iqtisadi və maliyyə maraqlarına lüzumsuz ziyan vurmaqdan çəkinməli;
c) bu maddənin 1-ci hissəsində göstərilən halların aradan qaldırılması üçün zəruri olanlardan artıq olmamalı;
d) müvəqqəti xarakter daşımalı və bu maddənin 1-ci hissəsində göstərilən hal həll olunduqca tədricən aradan qaldırılmalı;
e) milli rejim əsasında və həmçinin elə bir şəkildə tətbiq edilməlidir ki, digər Tərəfə hər hansı üçüncü dövlətdən az əlverişli olmayan rejim təmin edilsin.
3. Bu maddənin 1-ci hissəsinə uyğun olaraq qəbul edilmiş və ya saxlanılan hər hansı məhdudiyyətlər və ya həmin məhdudiyyətlərə hər hansı dəyişikliklər barədə digər Tərəf dərhal məlumatlandırılmalıdır.
Maddə 6
Ümumi və təhlükəsizlik istisnaları
1. Bu Sazişin məqsədləri üçün “GATT 1994”-ün XX və XXI maddələri və onun şərhedici qeydləri uyğun hissələrdə mutatis mutandis qaydasında bu Sazişə daxil edilir və onun tərkib hissəsidir.
2. Bu Sazişin məqsədləri üçün “GATS”-ın XIV və XIV bis maddələri (onun qeydləri daxil olmaqla) uyğun hissələrdə mutatis mutandis qaydasında bu Sazişə daxil edilir və onun tərkib hissəsidir.
Maddə 7
Prudensial maliyyə istisnaları
Bu Sazişin hər hansı digər müddəalarından asılı olmayaraq, hər hansı Tərəfə prudensial səbəblərə görə, o cümlədən investorların, əmanətçilərin, sığortalıların və ya maliyyə institutu və ya maliyyə xidmət təchizatçısı tərəfindən fidusiar öhdəliyi olan şəxslərin müdafiəsi və ya maliyyə sisteminin bütövlüyünü və sabitliyini təmin etmək üçün tədbirlərin görməsinə və ya saxlanmasına görə mane olunmamalıdır. Bu cür tədbirlər bu Sazişin müddəalarına uyğun gəlmədikdə, onlar bu Saziş üzrə Tərəflərin vəzifələrindən və ya öhdəliklərindən yayınma vasitəsi kimi istifadə etməməlidirlər.
İKİNCİ BÖLMƏ
BİZNES VƏ TİCARƏTİN ASANLAŞDIRILMASI
Maddə 8
Kağızsız ticarət
1. Hər bir Tərəf bütün ticarətlə bağlı inzibati sənədlərini elektron formada və maşınla oxuna bilən formatda ictimaiyyətə təqdim etməyə səy göstərir.
2. Hər bir Tərəf, aşağıdakı hallar istisna olmaqla, ticarətlə bağlı inzibati sənədlərin elektron variantlarını kağız sənədlərin hüquqi ekvivalenti kimi qəbul edir:
a) bunun əksini göstərən yerli hüquqi və ya beynəlxalq tələb varsa; və ya
b) bu cür edilməsi ticarətlə bağlı inzibatçılığın səmərəliliyini azaldırsa.
3. Hər bir Tərəf şəxslərə malların idxalı, ixracı və ya tranziti üçün sənədləri və ya məlumat tələblərini bir giriş nöqtəsi vasitəsilə iştirakçı orqanlara və ya agentliklərə təqdim etməyə imkan verən vahid pəncərəni yaradır və ya işlək vəziyyətdə saxlayır.
4. Tərəflər ticarətlə bağlı inzibati sənədlərə aid məlumatların mübadiləsini asanlaşdırmaq üçün öz müvafiq vahid pəncərələrinin qüsursuz, etibarlı, davamlı və təhlükəsiz qarşılıqlı əlaqəsini yaratmağa və ya saxlamağa səy göstərirlər.
5. Bu maddənin 4-cü hissəsində göstərilən məlumat və sənədlərin növü bu Sazişin 25-ci maddəsinə uyğun olaraq yaradılmış Birgə Komitə yanında Tərəflərlə birgə müəyyən edilir və bundan sonra Tərəflər bu cür sənədlərin siyahısının ictimai əlçatanlığını və bu sənədlərin siyahısının onlayn şəkildə təqdim edilməsini təmin edir.
6. Tərəflər məlumat mübadiləsi sistemlərinin işlənib hazırlanmasında və idarə edilməsi sahəsində beynəlxalq səviyyədə tanınmış və əgər varsa, açıq standartların rolunu tanıyırlar[1].
7. Tərəflər bu maddənin 4-cü hissəsində qeyd olunan məlumat mübadiləsini asanlaşdıran sistemlərin istifadəsini və qəbulunu təşviq edən və inkişaf etdirən yeni təşəbbüslər üzərində tərəfdaşlıq və əməkdaşlıq edir, bu aşağıdakı üsullarla, lakin bunlarla məhdudlaşmamaqla həyata keçirilir:
a) məlumat mübadiləsi sistemlərinin işlənib hazırlanması və idarə olunması sahəsində məlumat, təcrübə və qabaqcıl tətbiqlərin mübadiləsi, və
b) məlumat mübadiləsi sistemlərinin işlənib hazırlanması və idarə olunması sahəsində pilot layihələr üzrə əməkdaşlıq.
8. Hər bir Tərəf malların transsərhəd daşınması zamanı gömrük və nəqliyyat məlumatlarının mübadiləsi üzrə səy göstərir.
Maddə 9
Daxili elektron ticarətin hüquqi çərçivəsi
1. Hər bir Tərəf elektron ödənişlər istisna olmaqla, elektron ticarəti tənzimləyən oxşar hüquqi bazanı qəbul etməyə və ya saxlamağa səy göstərir.
2. Tərəflər öz dövlətlərinin elektron ticarətlə bağlı milli qanunvericiliyi haqqında məlumat mübadiləsini aparırlar.
3. Tərəflər öz dövlətlərinin milli qanunvericiliyinin aşağıdakılarla uyğunluğunun təhlili üzrə əməkdaşlıq edirlər:
a) UNCITRAL-ın 1996-cı il “Elektron ticarət üzrə model qanunu” və/və ya
b) Nyu-York şəhərində 23 noyabr 2005-ci il tarixində qəbul edilmiş Beynəlxalq Müqavilələrdə Elektron Kommunikasiyalardan İstifadəyə dair Birləşmiş Millətlər Təşkilatının Konvensiyası;
c) Tərəflərin digər, beynəlxalq təşkilatlar çərçivəsində bağladıqları digər beynəlxalq müqavilələr;
d) UNCITRAL-ın 2017-ci il “Elektron ötürülə bilən qeydlər haqqında model Qanunu”.
Maddə 10
Logistika
1. Tərəflər xərcləri azaltmağa və təchizat zəncirlərinin sürətini və etibarlılığını artırmağa kömək edən səmərəli transsərhəd logistikanın vacibliyini qəbul edirlər.
2. Tərəflər logistika sektoru ilə bağlı aşağıdakılarla məhdudlaşmamaqla ən yaxşı təcrübələri və ümumi məlumatları bölüşməyə səy göstərirlər:
a) e-ticarət mallarının dəmir yolu ilə daşınması haqqında məlumat[2];
b) dəmir yolu stansiyaları ətrafında logistik mərkəzlərin və quru limanların yaradılmasına dair tələblər;
c) e-ticarət mallarının avtomobil, dəniz və hava daşımaları haqqında məlumat;
d) logistika üçün yeni çatdırılma və biznes modelləri.
Maddə 11
Elektron qaimə-faktura
1. Tərəflər kommersiya əməliyyatlarının səmərəliliyini, dəqiqliyini və etibarlılığını artıran e-qaimə-fakturanın vacibliyini qəbul edirlər. Həmçinin, Tərəflər öz yurisdiksiyaları daxilində e-qaimə-faktura üçün istifadə edilən sistemlərin digər Tərəf dövlətlərin yurisdiksiyalarında e-qaimə-faktura üçün istifadə olunan sistemlərlə qarşılıqlı (informasiya sistemləri arasında qarşılıqlı əlaqə imkanı ilə) işləməsinin təmin edilməsinin faydalarını tanıyırlar.
2. Hər bir Tərəf öz yurisdiksiyasında e-qaimə-faktura ilə bağlı tədbirlərin həyata keçirilməsinin transsərhəd qarşılıqlı (informasiya sistemləri arasında qarşılıqlı əlaqə imkanı ilə) fəaliyyətin dəstəklənməsi üçün nəzərdə tutulmasını təmin etməyə səy göstərir. Bu məqsədlə hər bir Tərəf e-qaimə-faktura ilə bağlı tədbirlərinin mövcud olduğu təqdirdə, beynəlxalq standartlara, təlimatlara və ya tövsiyələrə əsaslanmasını nəzərə alır.
3. Tərəflər qarşılıqlı fəaliyyət göstərən (informasiya sistemləri arasında qarşılıqlı əlaqə imkanı ilə) e-qaimə-faktura sistemlərinin qlobal tətbiqinin təşviqinin iqtisadi əhəmiyyətini dərk edirlər. Bu məqsədlə Tərəflər qabaqcıl təcrübələri bölüşür və e-qaimə-faktura üçün qarşılıqlı fəaliyyət göstərən sistemlərin qəbulunu təşviq etmək üçün əməkdaşlıq edirlər.
4. Tərəflər biznes subyektləri tərəfindən e-qaimə-fakturanın qəbulunu təşviq edən, həvəsləndirən, dəstəkləyən və ya asanlaşdıran təşəbbüslər üzərində əməkdaşlıq etmək və birgə çalışmaq barədə razılığa gəlirlər. Bu məqsədlə Tərəflər aşağıdakılara nail olmaq üçün səy göstərir:
a) e-qaimə-fakturanı dəstəkləmək üçün əsas infrastrukturun mövcudluğunu təşviq etmək;
b) e-qaimə-faktura haqqında məlumatlılıq yaratmaq və potensial yaratmaq.
Maddə 12
Ekspress göndərişlər
1. Tərəflər elektron ticarətdə ekspress göndərişlərin ticarətini asanlaşdırmaq üçün müvafiq gömrük prosedurlarının proqnozlaşdırıla bilən, ardıcıl və şəffaf şəkildə tətbiq edilməsini təmin edir.
2. Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olan Tərəflər üçün ÜTT öhdəliklərinə xələl gətirməməklə, hər bir Tərəf gömrük nəzarətini saxlamaqla, ekspress göndərişlərlə bağlı gömrük əməliyyatının aparılması üçün prioritet proseduru qəbul etməyə və ya saxlamağa səy göstərir.
Həmin prosedur çərçivəsində:
a) göndəriş gələnə qədər təqdim edilməli və emal edilməli olan ekspress göndəriş buraxılması üçün zəruri olan məlumatlar təmin edilir;
b) manifest kimi ekspress göndərişdə olan bütün malları əhatə edən məlumatın elektron vasitələrlə birdəfəlik təqdim edilməsinə icazə verilir;[3]
c) müəyyən malların minimum sənədləşmə ilə buraxılmasını təmin edilir;
d) göndərişin çatdığı anda zəruri gömrük sənədləri təqdim edildikdən sonra ekspress göndərişlərin mümkün qədər tez buraxılması təmin edilir, və;
e) malın çəkisi və ya dəyərinə əsasən, bəyannamə və təsdiqedici sənədlər və vergi və gömrük rüsumlarının ödənilməsi daxil olmaqla, hər hansı bir Tərəfin buraxılış şərti kimi rəsmi giriş prosedurlarını tələb edə biləcəyini qəbul edən istənilən çəki və ya dəyər daşımalarına tətbiq edilir.
3. Hər bir Tərəf rüsumların məbləği, transsərhəd ticarət əməliyyatlarının dəyəri, KOB-lara təsir və ya gömrük rüsumlarının yığılması ilə bağlı digər amillərlə müqayisədə inflyasiya dərəcələri, ticarətin asanlaşdırılmasının təsiri, risklərin idarə edilməsinə təsiri, rüsumların yığılması üçün inzibati xərclər kimi müvafiq hesab edə biləcəyi amilləri nəzərə almaqla, sürətləndirilmiş göndərişlər hesab ediləcək mallara tətbiq edilən kəmiyyət və dəyər məhdudiyyətlərini vaxtaşırı nəzərdən keçirir.
Maddə 13
Elektron ödənişlər
1. Tərəflər beynəlxalq səviyyədə qəbul edilmiş standartların qəbulunu və istifadəsini dəstəkləməklə, qarşılıqlı fəaliyyətin və ödəniş infrastrukturlarının bir-birinə bağlanmasını təşviq etməklə, habelə ödənişlər ekosistemində faydalı innovasiyaları və rəqabəti həvəsləndirməklə səmərəli, təhlükəsiz və qorunan transsərhəd elektron ödənişlərin inkişafına dəstək verməyə razılaşırlar.
2. Bu məqsədlə və Tərəflərin müvafiq qanun və qaydalarına uyğun olaraq, Tərəflər aşağıdakı prinsipləri tanıyırlar:
a) Tərəflər elektron ödənişlərə dair müvafiq qaydalarını, o cümlədən tənzimləyici sənədlərin təsdiqi, lisenziyalaşdırma tələbləri, prosedurları və texniki standartlara aid olan qaydalarını vaxtında ictimaiyyətə təqdim etməyə səy göstərirlər;
b) Tərəflər, mümkün olduqda, Tətbiq Proqramlaşdırma İnterfeysinin (TBİ) istifadəsini təşviq etməyə, öz maliyyə məhsulları, xidmətləri və əməliyyatlarının TBİ-ni üçüncü tərəf oyunçulara könüllü olaraq təqdim etməyə, elektron ödənişlər ekosistemində uyğunluğun artırılmasına və innovasiyaların stimullaşdırılmasına səy göstərirlər;
c) Tərəflər rəqəmsal identifikasiya məlumatlarından istifadə etməklə fiziki və hüquqi şəxslərin transsərhəd autentifikasiyasının və elektron identifikasiyasının mümkünlüyünü nəzərdən keçirir;
d) Tərəflər tənzimləmə yolu ilə elektron ödəniş sistemlərində təhlükəsizliyin, səmərəliliyin, etibarın və əmniyyətin qorunmasının vacibliyini qəbul edirlər;
e) Tərəflər razılaşırlar ki, siyasət çərçivələri bərabər şəraitdə innovasiya və rəqabəti təşviq etməli, habelə xüsusi tənzimləmə rejimlərinin və sənaye sınaq sahələrinin qəbulu kimi yeni maliyyə və elektron ödəniş məhsulları və xidmətlərinin mövcud şirkətlər və yeni iştirakçılar tərəfindən vaxtında tətbiqinə imkan yaratmağın vacibliyini dərk etməlidir.
Maddə 14
Yerli təchizatçı məlumat bazası
Hər bir Tərəf yerli təchizatçı məlumat bazasının yaradılmasını və ya saxlanmasını təşviq edir. Belə məlumat bazası, spesifik sektorlar üzrə müvafiq yerli təchizatçıları siyahıya alır, potensial subpodratçılar və xidmət təchizatçıları da daxil olmaqla və mümkün olduqda, interalia, digər məsələlərlə yanaşı, aşağıdakı xüsusiyyətləri özündə əks etdirir:
a) şirkətlərin məlumat bülletenləri vasitəsilə yerli istehsal və xidmət imkanlarını;
b) sektor və ya sənaye, məhsul və ya xidmətin adı, yer, sertifikatlar və s. üzrə axtarış imkanını;
c) investorlar üçün sonrakı qayğı xidmətləri ilə əlaqələndirilməli;
d) onlayn və mümkünsə ingilis dilində olmalı;
e) ardıcıl olaraq yenilənməli;
f) dövlətin maliyyə dəstəyi və təşviq alətlərindən faydalanma vəziyyəti;
g) dövlət tenderlərində və satınalmalarında iştirak vəziyyəti;
h) tətbiq olunursa, göndəriş üçün tələb olunan sənədlərlə yoxlanılana və istehlakçı (alıcı) tərəfindən təsdiqlənənə qədər köçürmə əməliyyatını məhdudlaşdıran verilənlər bazasının vasitəçisi.
Maddə 15
Məlumatların mövcudluğu
1. Hər bir Tərəf öz internet saytına keçidləri və ya avtomatlaşdırılmış elektron köçürmə yolu ilə əldə edilə bilən məlumatları daxil edir:
a) digər Tərəflərin ekvivalent internet saytlarını və;
b) Tərəfin bu Sazişin tətbiqində maraqlı olan hər hansı şəxs üçün faydalı hesab etdiyi məlumatları təqdim edən öz dövlət qurumlarının və digər müvafiq qurumların internet saytlarını.
2. Hər bir Tərəf bu Sazişin əhatə etdiyi hər hansı məsələ ilə bağlı öz qanunlarının, qaydalarının, prosedurlarının və ümumi tətbiqi olan inzibati qərarların dərhal dərc edilməsini və ya maraqlı şəxslərin və Tərəflərin onlarla tanış olmasına imkan verəcək şəkildə digər şəkildə təqdim olunmasını təmin edir.
3. Hər bir Tərəf daxil ola biləcək aşağıdakı onlayn məlumatın mövcudluğunu təmin etməyə səy göstərir:
a) gömrük qaydaları, prosedurları və ya sorğu məntəqələri;
b) elektron ticarətlə əlaqəli texniki qaydalar, standartlar və ya uyğunluğun qiymətləndirilməsi prosedurları;
c) ticarətin təşviqi proqramları;
d) dövlət satınalmaları imkanları; və
e) KOB-lar üçün maliyyələşdirmə proqramları.
4. Hər bir Tərəf məlumat və keçidlərin aktual və dəqiq olmasını təmin etmək üçün bu 2-ci və 3-cü hissələrində qeyd olunan internet saytındakı məlumat və keçidləri olaraq nəzərdən keçirir.
5. Hər bir Tərəf digər Tərəfin bu maddənin 2-ci hissəsində qeyd olunan hər hansı mövcud qanun və ya qaydalarına dair konkret məlumat üçün istənilən sorğuya dərhal cavab verir.
ÜÇÜNCÜ BÖLMƏ
BİZNES VƏ İSTEHLAKÇI ETİMADININ YARADILMASI
Maddə 16
Elektron imzalar
1. Hər bir Tərəf, elektron imzalar və/və ya sertifikatlaşdırma xidmətləri ilə bağlı daxili qanun və qaydalara uyğun olaraq, digər Tərəf dövlətlərin qanunvericiliyi əsasında artıq akkreditasiya və ya tanınma əldə etmiş sertifikatlaşdırma xidmətləri təchizatçılarının akkreditasiyasına və ya tanınma prosedurunun asanlaşdırılmasına səy göstərir.
2. Elektron sertifikat verən və/və ya elektron imza yaradan Tərəf, özünün qüvvədə olan qayda və tənzimləmələrinə uyğun hərəkət etməməsi səbəbindən hər hansı fiziki və ya hüquqi şəxsə qəsdən və ya səhlənkarlıqla vurulan ziyana görə məsuliyyət daşıyır.
3. Hər bir Tərəfin sertifikat təchizatçılarına və milli səviyyədə elektron imza çərçivəsinə nəzarət edən səlahiyyətli orqanları, mümkün olduğu halda, Tərəflər arasında ümumi elektron imza formatları və sertifikat profilləri baxımından qarşılıqlı tanınmanın təmin edilməsi üçün zəruri bazanı təşkil edirlər.
4. Hər bir Tərəfin səlahiyyətli orqanları, Birgə Komitə tərəfindən müəyyən edilən tarixdə, elektron imzaların qarşılıqlı tanınması üzrə razılaşmanın müzakirəsi üçün imkanları və perspektivləri müzakirə etmək məqsədilə görüşürlər. Görüşdən əvvəl hər bir Tərəf, digər Tərəfləri elektron imza və sertifikatlaşdırma xidmətlərinə dair qüvvədə olan qanunları və qaydaları barədə məlumatlandırır.
5. Milli qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bir Tərəf imzanın yalnız elektron formada olmasına əsaslanaraq onun hüquqi etibarlılığını inkar etmir.
6. Heç bir Tərəf elektron əməliyyatın tərəflərinin məhkəmədə və ya hüquqi və ya inzibati orqanlar qarşısında elektron əməliyyatın elektron imza ilə bağlı qüvvədə olan qanuni tələblərə uyğun olduğunu sübut etmək imkanına malik olmalarına mane olan elektron imzalar haqqında daxili qanunları və qaydaları qəbul etmir və ya qüvvədə saxlamır.
Maddə 17
İstənməyən kommersiya elektron məlumatı
1. Hər bir Tərəf istənməyən kommersiya xarakterli elektron məlumatlarla bağlı aşağıdakı tədbirləri qəbul edir və ya qüvvədə saxlayır:
a) istənməyən kommersiya xarakterli elektron məlumatların onları göndərənlərdən davamlı qəbulunun qarşısını almaq üçün alıcıların imkanlarını asanlaşdırmağı tələb edir;
b) kommersiya xarakterli elektron məlumatların alınması üçün alıcıların Tərəf dövlətlərinin qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş razılığı tələb edilir və ya;
c) əks halda istənməyən kommersiya xarakterli elektron məlumatların minimuma endirilməsini təmin edir.
2. Hər bir Tərəf, bu maddənin 1-ci hissəsinə uyğun olaraq, qəbul edilmiş və ya qüvvədə saxlanılan tədbirlərə uyğun olmayan istənməyən kommersiya xarakterli elektron məlumatları göndərənlərə qarşı müraciət edir.
3. Tərəflər istənməyən kommersiya xarakterli elektron məlumatların tənzimlənməsi ilə bağlı qarşılıqlı maraq doğuran müvafiq hallarda əməkdaşlıq edir.
Maddə 18
Onlayn istehlakçıların müdafiəsi
1. Tərəflər istehlakçıların elektron ticarətlə məşğul olduqları zaman saxtakar, aldadıcı və ya yanıldıcı davranışlardan qorumaq məqsədilə şəffaf və səmərəli tədbirlərin əhəmiyyətini qəbul edirlər.
2. Tərəflər istehlakçıların rifahının yaxşılaşdırılması üçün öz milli istehlakçılarının hüquqlarının müdafiəsi agentlikləri və ya digər müvafiq qurumlar arasında transsərhəd elektron ticarətlə bağlı fəaliyyətlər üzrə əməkdaşlığın vacibliyini qəbul edirlər.
3. Hər bir Tərəf elektron ticarətdə istehlakçıların hüquqlarının digər ticarət formalarında təmin edilən müdafiə səviyyəsindən aşağı olmayan səviyyədə səmərəli müdafiəsini təmin edir.
4. Hər bir Tərəf onlayn ticarətlə məşğul olan istehlakçılara zərər vuran və ya zərər verə biləcək saxtakar, aldadıcı və ya yanıldıcı davranışları qadağan edən qanun və qaydaları qəbul edir və ya qüvvədə saxlayır. “Saxtakar, aldadıcı və ya yanıldıcı davranışlara” aşağıdakılarla məhdudlaşmamaqla daxildir:
a) materialların təhlükəsizlik keyfiyyəti, ümumi qiymət, o cümlədən çatdırılma qiyməti və ödəniş şərtləri, çatdırılma vaxtı, məhsulun təsviri, tərkibi və strukturu, zəmanət öhdəlikləri, malların təmiri şərtləri, eləcə də onun saxlanması, geri qaytarılması və dəyişdirilməsi siyasəti, mal və xidmətlərin miqdarı və ya mənşəyi ilə bağlı yanıldıcı və ya yanlış bəyanatlar;
b) təmin etmək niyyəti olmadan, tədarük üçün mal və ya xidmətlərin təklif edilməsi;
c) mal və ya xidmətlərin qəsdən yalan reklam edilməsi;
d) istehlakçılardan ödəniş alındıqdan sonra malların çatdırılmaması və ya xidmətlərin göstərilməməsi;
e) istehlakçının icazəsi olmadan onların maliyyə, telefon və ya digər hesablarından ödənişlərin tutulması və ya çıxılması.
5. Hər bir Tərəf malların və xidmətlərin çatdırılması zamanı onların keyfiyyəti ilə bağlı qanunvericiliyə uyğun olaraq qəbul edilə bilən və qənaətbəxş keyfiyyətdə olmasını tələb edən qanun və ya qaydalar qəbul edir və ya qüvvədə saxlayır və bu tələblərə əməl edilmədiyi təqdirdə, istehlakçıları müvafiq təzminat ilə təmin edir.
6. Hər bir Tərəf istehlakçı hüquqlarının qorunması ilə bağlı qanun və qaydalarının ictimaiyyətə açıqlığını və əlçatanlığını təmin etməyə səy göstərir.
7. Tərəflər vəziyyətə və hər bir Tərəfin müvafiq qanun və qaydalarına uyğun olaraq, saxtakarlıq, aldadıcı və ya yanıldıcı davranışla bağlı qarşılıqlı maraq doğuran məsələlərdə, o cümlədən elektron ticarət fəaliyyətinə dair istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı öz qanunlarının həyata keçirilməsində əməkdaşlığı təşviq edirlər.
8. Tərəflər xidmət təchizatçılarından istehlakçıları həm daxili, eləcə də beynəlxalq elektron ticarətlə bağlı hüquq və öhdəlikləri barədə məlumatlandırmasını tələb edən tədbirlər görür və ya qüvvədə saxlayır.
9. Bu maddədə nəzərdə tutulan tədbirlərin işlənib hazırlanması, həyata keçirilməsinə və tətbiqinə nəzarət məqsədilə Tərəflər istehlakçı hüquqlarının qorunması sahəsində səlahiyyətli orqanların nümayəndələri ilə Birgə Komissiya tərəfindən müəyyən edilmiş vaxt çərçivəsində görüşlər keçirirlər.
10. Tərəflər digər Tərəfin dövlətin istehlakçıları (bundan sonra “xarici istehlakçılar” adlanacaq) üçün aşağı keyfiyyətli və təhlükəli malların və xidmətlərin alınmasından, habelə saxta, aldadıcı və yanıldıcı kommersiya təcrübələrindən zərər çəkdikdə, hüquqi müdafiə tədbirləri yaratmağa səy göstərirlər. Bu tədbirlərə aşağıdakılarla məhdudlaşmaqla daxildir:
a) xarici istehlakçılar tərəfindən şikayətlərin təqdim edilməsi və xidmət təchizatçısının qeydiyyatda olduğu Tərəfin ərazisindəki səlahiyyətli orqanlar tərəfindən həmin şikayətlərin baxılması üçün onlayn mexanizmlərin yaradılması;
b) Tərəfdə istehlakçıların hüquqlarının müdafiəsinin hüquqi əsasları haqqında məlumat verən çoxdilli informasiya resursunun yaradılması və dəstəklənməsi;
c) elektron ticarət çərçivəsində yaranan mübahisələrin həlli üçün alternativ mexanizmlərin tətbiqi;
d) istehlakçı hüquqlarının pozulması ilə bağlı konkret halların birgə araşdırılması prosedurunun müəyyən edilməsi.
Maddə 19
Fərdi məlumatların qorunması
1. Tərəflər fərdi məlumatların qorunmasının iqtisadi və sosial faydalarını və bunun istehlakçıların elektron ticarətə inamının artırılmasına töhfə verdiyini qəbul edirlər.
2. Hər bir Tərəf transsərhəd ötürülən fərdi məlumatlar da daxil olmaqla, fərdi məlumatların qorunmasını təmin edən daxili hüquqi çərçivəni qəbul edir və ya qüvvədə saxlayır.
3. Hər bir Tərəf məlumatların qorunması ilə bağlı öz qanun və qaydalarının ictimaiyyətə açıqlığını və əlçatanlığını təmin edir və məlumatların qorunması üzrə onun səlahiyyətli orqanı aşağıdakıları əhatə edən fərdi məlumatların qorunması ilə bağlı məlumatları dərc edir:
a) şəxslərin fərdi məlumatlarının qorunması hüquqlarının hər hansı pozuntusu ilə bağlı müdafiə vasitələrini necə axtara biləcəkləri və;
b) fərdi məlumatların qorunması ilə bağlı biznesin üzərinə düşən hüquqi öhdəliklər və onların icrası üçün hər hansı təlimat.
4. Hər bir Tərəf öz dövlətinin ərazisindəki müəssisələri fərdi məlumatların qorunması ilə bağlı, o cümlədən internet də daxil olmaqla, öz siyasət və prosedurlarını dərc etməyə təşviq edir.
5. Tərəflərin fərdi məlumatların qorunması üçün müxtəlif hüquqi yanaşmalar qəbul edə biləcəklərini qəbul edərək, Tərəflər öz yurisdiksiyalarında tətbiq edilən hər hansı bu cür mexanizmlər haqqında məlumat və təcrübə mübadiləsinə səy göstərirlər.
DÖRDÜNCÜ BÖLMƏ
ƏMƏKDAŞLIQ
Maddə 20
E-ticarət üzrə ümumi əməkdaşlıq
1. Tərəflər bu Sazişin tətbiqini asanlaşdırmaq və ondan irəli gələn faydaları maksimuma çatdırmaq məqsədilə əməkdaşlıq edirlər. Əməkdaşlıq fəaliyyətləri hər bir Tərəfin ehtiyaclarını nəzərə alır və aşağıdakıları əhatə edə bilər:
a. Tərəflərin tənzimləyici qurumlarının, tənzimləyici idarəetməyə cavabdeh qurumlarının və ya tənzimləyicilərinin siyasi rəsmiləri arasında məlumat mübadiləsi, dialoq və ya görüşlər;
b. Tərəflərin razılaşa biləcəyi digər fəaliyyətlər.
2. Tərəflər əməkdaşlıq fəaliyyətlərinin təfərrüatlı tənzimləmələrini ayrıca memorandumlarda müəyyən edə bilərlər.
Maddə 21
Kiçik və Orta Biznes sahəsində əməkdaşlıq
1. Tərəflər KOB-ların elektron ticarətdə dinamizmin qorunmasında və rəqabət qabiliyyətinin artırılmasında fundamental rolunu qəbul edirlər.
2. KOB-ların elektron ticarətdə ticarət və investisiya imkanlarını genişləndirmək məqsədilə Tərəflər aşağıdakıları həyata keçirmək üçün səy göstərirlər:
a) KOB-ların bacarıqlarını və bazara giriş imkanlarını artırmaq məqsədilə rəqəmsal alətlər və texnologiyalardan istifadə üzrə məlumat və ən yaxşı təcrübələrin mübadiləsi;
b) KOB-ların elektron ticarətə uyğunlaşmasına və inkişafına kömək edə biləcək digər sahələrdə əməkdaşlıq;
c) KOB-ların beynəlxalq təchizatçılar, alıcılar və digər potensial biznes tərəfdaşları ilə əlaqə yaratmasına kömək edəcək onlayn platformalarda və digər mexanizmlərdə KOB-ların iştirakını təşviq etmək və;
d) Tərəf dövlətlərdəki KOB-lar arasında elektron ticarət sahəsində sıx əməkdaşlığı təşviq etmək;
e) KOB-ların rəqəmsal yetkinliyinin artırılmasına kömək edə biləcək digər sahələrdə əməkdaşlıq etmək.
Maddə 22
FinTech üzrə əməkdaşlıq
1. Tərəflər FinTech sahəsində Tərəf dövlətləri arasındakı əməkdaşlığı təşviq edirlər. Tərəflər FinTech ilə bağlı səmərəli əməkdaşlığın biznes subyektlərinin cəlb olunmasını tələb etdiyini qəbul edirlər. Bu məqsədlə Tərəflər:
a) FinTech sektorundakı şirkətlər arasında əməkdaşlığı təşviq edirlər;
b) biznes və ya maliyyə sektorları üçün FinTech həllərinin inkişafını dəstəkləyirlər;
c) Tərəf dövlətlərin qanunvericiliyinə uyğun olaraq, FinTech sahəsində Tərəflər arasında sahibkarlıq və ya startap istedadlarının əməkdaşlığını təşviq edirlər.
Maddə 23
Kibertəhlükəsizlik üzrə əməkdaşlıq
1. Tərəflər qlobal tərəqqiyə nail olmaq üçün təhlükəsiz elektron ticarəti təşviq etmək məqsədilə ortaq baxışa malik olduqlarını qeyd edir və kibertəhlükəsizliyin elektron ticarətdə etibarın yaradılması üçün mühüm əhəmiyyət kəsb etdiyini qəbul edirlər.
2. Tərəflər daha sonra aşağıdakıların vacibliyini qəbul edirlər:
a) kompüter təhlükəsizliyi ilə bağlı hadisələrə cavab vermək üçün məsul olan milli qurumların imkanlarının yaradılması;
b) Tərəflərin dövlətlərin elektron şəbəkələrinə zərərli müdaxilələri və ya zərərli kodların yayılmasını müəyyən etmək və aradan qaldırmaq üçün mövcud əməkdaşlıq mexanizmlərindən istifadə edərək əməkdaşlıq edilməsi;
c) kvalifikasiyaların qarşılıqlı tanınması ilə bağlı mümkün təşəbbüslər də daxil olmaqla, kibertəhlükəsizlik sahəsində işçi qüvvəsinin inkişafı;
d) kibertəhlükəsizliklə əlaqəli bütün müvafiq milli və beynəlxalq qanunvericilik aktlarına, tənzimləyici və müqavilə öhdəliklərinə əməl edilməsi;
e) elektron ticarət üçün təhlükəsizlik arxitekturası təşkil etmək məqsədilə birlikdə götürülən təhlükəsizlik mexanizmləri və prosedurları;
f) elektron ticarət platformalarının kibertəhlükəsizliyini təmin etmək, eləcə də qabaqcıl təcrübələri tətbiq etmək üçün Tərəflərin müvafiq KFHMQ-ləri (Kompüterlə bağlı Fövqəladə Hallara Müdaxilə Qrupu) ilə kiberhadisələr, çıxarılan nəticələr, habelə GG-lər (Güzəşt Göstəriciləri) haqqında məlumatların paylaşılması.
Maddə 24
Rəqabət siyasəti üzrə əməkdaşlıq
1. Rəqəmsal bazarlarda rəqabət hüququnun tətbiqi, rəqabət siyasətinin hazırlanması və həyata keçirilməsi sahələrində təcrübə mübadiləsinin faydalarını qəbul edərək, Tərəflər, aşağıdakılar da daxil olmaqla qarşılıqlı razılaşdırılmış əməkdaşlıq fəaliyyətlərini həyata keçirmək imkanlarını nəzərdən keçirirlər:
a) rəqəmsal bazarlarda rəqabət siyasətinin inkişafı ilə bağlı məlumat və təcrübə mübadiləsi;
b) rəqəmsal bazarlarda rəqabətin təşviq edilməsinə dair ən yaxşı təcrübələrin bölüşülməsi;
c) rəqəmsal bazarlarda rəqabət siyasətinin işlənib hazırlanması və rəqabət hüququnun tətbiqinin gücləndirilməsi üçün lazımi bacarıqların yaradılmasında Tərəfə kömək etmək məqsədilə rəsmilərin də mübadiləsi daxil olmaqla məsləhət və ya təlimlərin verilməsi;
d) Tərəflərin razılaşdığı hər hansı digər texniki əməkdaşlıq forması.
2. Tərəflər zəruri hallarda bildiriş, məsləhətləşmə və qeyri-məxfi məlumatların mübadiləsi yolu ilə rəqəmsal bazarlarda rəqabət hüququnun tətbiqi məsələlərində əməkdaşlıq edirlər.
3. Tərəflər öz qanunlarına, qaydalarına və mühüm maraqlarına uyğun olaraq və məqbul ölçüdə mövcud resurslar çərçivəsində əməkdaşlıq edirlər.
BEŞİNCİ BÖLMƏ
BİRGƏ KOMİTƏ VƏ ƏLAQƏLƏNDİRİCİ QURUMLAR
Maddə 25
Birgə Komitə
1. Tərəflər bu Sazişin müddəalarını həyata keçirmək üçün Tərəflərin bu Sazişin həyata keçirilməsinə cavabdeh olan müvafiq nazirliklərinin və qurumlarının nümayəndələrindən ibarət Birgə Komitə yaradırlar.
2. Birgə Komitə:
a) bu Sazişin tətbiqi və ya həyata keçirilməsi ilə bağlı hər hansı məsələni araşdırır;
b) bu Sazişə düzəlişlər etmək üçün hər hansı təklifi nəzərdən keçirir;
c) Tərəflər arasında elektron ticarət üzrə tərəfdaşlığın daha da genişləndirilməsi yollarını nəzərdən keçirir;
d) bu Sazişin həyata keçirilməsi üçün tədbirlər hazırlayır və;
e) Tərəflərin razılaşdıra biləcəyi hər hansı digər fəaliyyəti həyata keçirir.
3. Birgə Komitə bu maddənin 2-ci hissəsinə daxil olan məsələlər üzrə qərarları konsensus əsasında qəbul edir.
4. Birgə Komitə lazım bildiyi halda öz İşçi Qruplarını yarada bilər.
5. Birgə Komitə bu Sazişin qüvvəyə mindiyi tarixdən sonra bir (1) il ərzində və bundan sonra Tərəflərin qərarına əsasən, o cümlədən bu maddəyə uyğun olaraq öz funksiyalarını yerinə yetirmək üçün zəruri hallarda toplanır.
6. Birgə Komitənin iclaslarına Türk Dövlətləri Təşkilatının Katibliyi köməklik edir. Katiblik belə iclaslar üçün istənilən zəruri inzibati dəstəyi təmin edir və Birgə Komitənin hər hansı qərarı barədə digər Tərəfləri məlumatlandırır.
7. Bu Sazişdə başqa hal nəzərdə tutulmamışdırsa, bu maddəyə uyğun olaraq yaradılmış Birgə Komitə öz işini elektron poçt, virtual görüşlər və ya videokonfranslar daxil olmaqla, müvafiq vasitələrlə həyata keçirir.
8. Birgə Komitənin hər bir iclasında hər bir Tərəf bu Sazişin həyata keçirilməsinə dair planları və irəliləyişləri haqqında məlumat verir.
Maddə 26
Əlaqələndirici qurumlar
1. Hər bir Tərəf bu Sazişlə bağlı hər hansı məsələ üzrə Tərəflər arasında əlaqələndirmə işini asanlaşdırmaq üçün əlaqələndirici qurumu (səlahiyyətli orqanı) müəyyən edir.
2. Hər bir Tərəf bu Sazişin qüvvəyə minməsindən sonra mümkün qədər qısa müddət ərzində Türk Dövlətləri Təşkilatının Katibliyi vasitəsilə digər Tərəflərə əlaqələndirici qurum barədə məlumat verir.
3. Hər bir Tərəfin əlaqələndirici qurumu müvafiq maraqlı tərəflərin daxili koordinasiyasına və Tərəflər arasında əlaqəyə cavabdehdir.
4. Bu Sazişə əsasən istənilən bildiriş, sorğu və ya məlumat digər Tərəflərə onların əlaqələndirici qurumu vasitəsilə çatdırılır.
5. Hər hansı bir Tərəfin sorğusu əsasında sorğunu alan digər Tərəf və ya Tərəflər hər hansı faktiki və ya təklif edilən tədbirlə bağlı məlumat verir və sualları cavablandırır.
6. Bu maddəyə uyğun olaraq verilən hər hansı bildiriş və ya məlumat tədbirin bu Sazişə uyğun olub-olmamasına xələl gətirmir.
7. Hər bir Tərəf digər Tərəfləri öz əlaqələndirici qurumunda hər hansı dəyişikliklər barədə vaxtında xəbərdar etməyə razılıq verir.
ALTINCI BÖLMƏ
YEKUN MÜDDƏALAR
Maddә 27
Mübahisələrin həlli
1. Tərəflər bu Sazişin təfsiri və ya həyata keçirilməsindən irəli gələn hər hansı mübahisəni qarşılıqlı məsləhətləşmələr vasitəsilə dostcasına həll etməyə səy göstərir.
2. Mübahisə edən Tərəflər arasında məsləhətləşmələrin başlandığı tarixdən yüz səksən (180) gün ərzində qarşılıqlı məqbul həllə nail olmaq mümkün olmadıqda, mübahisə edən Tərəflər mübahisəni UNCITRAL Arbitraj Qaydalarına və ya Tərəflər arasında razılaşdırılmış və bu məqsədlər üçün qüvvəyə minmiş mexanizmlər çərçivəsində mübahisələrin hər hansı digər həlli proseduruna uyğun olaraq həll edə bilərlər.
3. Arbitraj Məhkəməsinin qərarları yekundur və Tərəflər üçün qanuni qüvvəyə malikdir və icra edilir.
4. Bu maddə bu Sazişin qüvvəyə minməsindən əvvəl baş vermiş hadisələrdən irəli gələn Tərəflər arasındakı mübahisələrə şamil edilmir.
5. Həmçinin, Tərəflər UNCITRAL-ın Vasitəçilik Qaydalarına uyğun olaraq, mübahisənin istənilən mərhələsində, o cümlədən arbitraj və ya digər prosedurların başlanmasından sonra vasitəçilik prosesinə qoşulmaq barədə razılığa gələ bilərlər.
Maddə 28
Düzəlişlər
Bu Sazişə istənilən vaxt Tərəflərin qarşılıqlı yazılı razılığı ilə bu Sazişin ayrılmaz hissəsi olan və bu Sazişin 30-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minən ayrıca protokollar formasında düzəlişlər edilə bilər.
Maddə 29
Depozitari
Türk Dövlətləri Təşkilatının Katibliyi bu Sazişin depozitarisidir.
Maddə 30
Qüvvəyəminmə
1. Bu Saziş qeyri-müəyyən müddətə bağlanır.
2. Bu Saziş Tərəflər tərəfindən diplomatik kanallar vasitəsilə bu Sazişin qüvvəyə minməsi üçün tələb olunan müvafiq dövlətdaxili prosedurların başa çatdırılmasını təsdiq edən sonuncu yazılı bildirişin Depozitari tərəfindən alınmasından otuz (30) gün sonra qüvvəyə minir.
Maddə31
Qoşulma
Bu Saziş bütün Tərəflərin yazılı razılığı ilə hər hansı üçüncü tərəfin qoşulması üçün açıqdır. Bu cür qoşulan tərəflər üçün Saziş diplomatik kanallar vasitəsilə qoşulma haqqında sənədin Depozitari tərəfindən alındıqdan otuz (30) gün sonra qüvvəyə minir.
Maddə 32
Sazişdən çıxma
Hər hansı Tərəf istənilən vaxt Depozitariyə yazılı məlumat verməklə bu Sazişdən çıxa bilər. Sazişdən çıxma həmin bildirişin Depozitari tərəfindən alınmasından altı (6) ay sonra qüvvəyə minir.
Bu Sazişin əsli bir nüsxədə Azərbaycan, qazax, qırğız, türk, özbək və ingilis dillərində Türk Dövlətləri Təşkilatının Katibliyində (“Depozitaridə”) saxlanılır.
Bişkek şəhərində 6 noyabr 2024-cü il tarixində bir əsl nüsxədə Azərbaycan, qazax, qırğız, türk, özbək və ingilis dillərində imzalanmış, bütün mətnlər bərabər autentikdir. Təfsirdə hər hansı fərqlilik yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikası Hökuməti adından (imza)
Qazaxıstan Respublikası Hökuməti adından (imza)
Qırğız Respublikasının Nazirlər Kabineti adından (imza)
Türkiyə Respublikası Hökuməti adından (imza)
Özbəkistan Respublikası Hökuməti adından (imza)
[1] Tərəflər qəbul edir ki, bu bənddə qeyd olunan məlumat mübadiləsi sistemləri həmin maddənin 4-cü bəndində qeyd olunan vahid pəncərələrin qarşılıqlı əlaqəsinə istinad edilə bilər.
[2] Sözügedən məlumatlara cədvəllər, marşrutlar, təyinat dayanacaqları daxil ola bilər.
[3] Daha çox əminlik üçün azad edilmə şərti kimi əlavə sənədlər tələb oluna bilər.