XX əsrin sonlarından etibarən türkdilli dövlətlər arasında əməkdaşlıq prosesləri genişlənmişdir. Türkdilli ölkələrin dövlət başçılarının ilk zirvə toplantısı 1992-ci ildə Ankarada baş tutmuşdur. Sonrakı illərdə belə görüşlər müxtəlif vaxtlarda İstanbulda, Antalyada, Bişkekdə, Daşkənddə, Bakıda, Naxçıvanda və Astanada keçirilmişdir. Zirvə görüşlərində türk xalqlarının və dövlətlərinin bir-birinə inteqrasiyası, ortaq milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması məsələləri ön plana çəkilmişdir.
Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin oktyabr ayının 3-də Naxçıvanda keçirilmiş IX Zirvə Toplantısında isə münasibətlərin keyfiyyətcə yeni mərhələsi başlamışdır. Belə ki, Naxçıvan Zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis olunmuş, TÜRKSOY fondunun yaradılması haqqında Azərbaycan Prezidentinin təklifi qəbul edilmişdir.
Qərargahı Bakı şəhərində yerləşən Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti 6 may 2015-ci ildə Sərəncam imzalamışdır. Fondun yaradılmasında məqsəd türkdilli ölkələrin mədəniyyətini, irsini araşdırmaq, qorumaq, təbliğ və təşviq etmək, gələcək nəsillərə ötürməkdən ibarətdir.
2015-ci ilin sentyabr ayının 11-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində Ortaq Türk Televiziya Kanalının və Ortaq Xəbər Agentliyinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumlarının imzalanması xalqlarımız arasında əlaqələrin inkişafına güclü təkan verəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin sammitdəki çıxışında Türk Akademiyasının və Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasının gələcəkdə türkdilli dövlətlər arasında müxtəlif layihələrin icrası üçün gözəl imkan yaradacağını vurğulamışdır. Ətraflı
Son illərdə dünyada pandemiya ilə əlaqəadar olaraq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iki Zirvə görüşü videkonfrans şəklində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci iln aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuşdur. 2021-ci ilin martın 31-də isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib. Hər iki Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev müasir mürəkkəb ictimai-siyasi dövrdə Türk Şurasının önəmini bir daha qeyd etmiş və 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyənin dəstəyini nümunə olaraq vurğulamışdır.
Prezident Kitabxanasının əməkdaşları türk xalqlarının mədəni irsinin bir hissəsi olan kitab abidələrinin Kitabxananın fonduna daxil olan nümunələrinin elektron versiyalarını hazırlamış, bir qisminin isə elektron versiyalarını internet məkanından toplayaraq “Türk xalqlarının kitab abidələri. Elektron kitabxana” elektron resursunu yaratmışlar. Bu layihənin həyata keçirilməsində başlıca məqsəd türk xalqlarının pərakəndə halda olan kitab abidələrini vahid portalda internet istifadəçilərinə təqdim etməkdən ibarətdir.
Elektron resursun əsas bölməsi “Ümumtürk yazılı abidələri” adlanır. Orta türk dövrünün möhtəşəm yazılı abidələrindən olan “Kül-Tegin: Orhun-Yenisey Yazıtları VI-VIII” kitabəsi, “Bilqamıs” dastanı, Yusif Balasaqunlunun “Qutadğu bilig”, Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk”, Əhməd Yasəvinin “Divani-Hikmət”, Kitabi-Dədə Qorqud, Fəzlullah Rəşadəddinin “Oğuznamə” əsərlərinin elektron variantları bir neçə dildə bu bölmədə toplanmışdır.
“Manas”, “Alpamış”, “Koblandı batır”, “Qırx qız”, “Ural Batır”, “Maday Kara”, “Olonxo”, “Ulıp”, “Edigey”, “Nart”, “Koroğlu” və s. türk epik dastanlarının elektron variantları layihənin ikinci bölməsində təqdim olunur.
Layihənin üçüncü bölməsində ümumtürk yazılı abidələrinin və ayrı-ayrı türk xalqlarının eposları, dastanları, əsatirləri, nağılları haqqında dünya şərqşünaslarının tədqiqat əsərləri, monoqrafiyaları və ensiklopediyaların elektron variantları verilmişdir. Məşhur alimlərdən V.V. Radlovun, S.Y. Malovun, B.A. Jetpisbayevanın, H.B. Paksoyun, M.İ. Çığın, Nizami Cəfərovun, Kamal Abdullanın, yazıçı Anarın və başqalarının tədqiqat əsərləri də bu bölmədə toplanmışdır.
"E-Məqalələr" bölməsində ayrı-ayrı elmi nəşrlərdən - “Türkologiya”, “Bakı Slavyan Universitetinin Elmi əsərləri”, “Türk Dünyası İncelemeleri Dergisi”, “Milli Folklor”, “Kitabxanaşünaslıq və informasiya”, “İRS Naslediye”, “Sovetskaya tyurkoloqiya” jurnallarından və ədəbi-bədii nəşrlərdən “Azərbaycan”, “Qobustan”, “Ozan dünyası”, “Dədə Qorqud”, “Ulduz” jurnallarından seçmə məqalələrin mətnləri verilmişdir.
Resursun tədqiqatçılar üçün xüsusi önəm daşıyan bölmələrindən biri də türk xalqlarının kitab abidələri və folklor nümunələrinə aid müxtəlif dillərdə yazılmış kitabların və dissertasiyaların biblioqrafiyasının tərtib edilməsidir. Elektron resurs vasitəsilə İnternet istifadəçilərinə həmçinin, bu mövzuya dair faydalı linklərin ünvanları da təqdim olunur.