XX əsrin sonlarından etibarən türkdilli dövlətlər arasında əməkdaşlıq prosesləri genişlənmişdir. Türkdilli ölkələrin dövlət başçılarının ilk zirvə toplantısı 1992-ci ildə Ankarada baş tutmuşdur. Sonrakı illərdə belə görüşlər müxtəlif vaxtlarda İstanbulda, Antalyada, Bişkekdə, Daşkənddə, Bakıda, Naxçıvanda və Astanada keçirilmişdir. Zirvə görüşlərində türk xalqlarının və dövlətlərinin bir-birinə inteqrasiyası, ortaq milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması məsələləri ön plana çəkilmişdir.

Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin oktyabr ayının 3-də Naxçıvanda keçirilmiş IX Zirvə Toplantısında isə münasibətlərin keyfiyyətcə yeni mərhələsi başlamışdır. Belə ki, Naxçıvan Zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis olunmuş, TÜRKSOY fondunun yaradılması haqqında Azərbaycan Prezidentinin təklifi qəbul edilmişdir.

Qərargahı Bakı şəhərində yerləşən Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti 6 may 2015-ci ildə Sərəncam imzalamışdır. Fondun yaradılmasında məqsəd türkdilli ölkələrin mədəniyyətini, irsini araşdırmaq, qorumaq, təbliğ və təşviq etmək, gələcək nəsillərə ötürməkdən ibarətdir.

2015-ci ilin sentyabr ayının 11-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində Ortaq Türk Televiziya Kanalının və Ortaq Xəbər Agentliyinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumlarının imzalanması xalqlarımız arasında əlaqələrin inkişafına güclü təkan verəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin sammitdəki çıxışında Türk Akademiyasının və Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasının gələcəkdə türkdilli dövlətlər arasında müxtəlif layihələrin icrası üçün gözəl imkan yaradacağını vurğulamışdır.  Ətraflı